Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Qaz Emalı Zavodunda özbaşınalıq – FAKT

Qaz Emalı Zavodunda özbaşınalıq – FAKT

Direktor Aqşin Paşayev üçün işçilərin təhlükəsiz iş şəraiti qətiyyən maraqlı deyil Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) bəzi tabeli müəssisələrində xoşagəlməyən işlər cərəyan etməkdədir. Həmin qurumların arasında Qaz Emalı Zavodunun adı xüsusi olaraq çəkilir. Zavodda baş alıb gedən özbaşınalıqlar, işçilərin əməyinin istismar olunması və digər neqativ hallarla bağlı az sonra məlumat verəcəyik. Qısaca olaraq bildirək ki, Qaz Emalı Zavodu prezidentin 2 may 2007-ci il 2142 saylı Sərəncamı və “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına dəyişiklik və əlavələr edilməsi haqqında 07 oktyabr 2009-cu il tarixli 164 nömrəli Fərmanına uyğun olaraq ARDNŞ-in strukturuna aid edilib. Qaz Emalı Zavodu 1958-ci ildə keçmiş Sovet İttifaqının “QİPROAZNEFT” institutu tərəfindən layihələndirilib. Zavodun əsas məqsədi hasil olunan təbii qazın, qaz kondensatının, yüngül karbohidrogenlərin geniş fraksiyasının qabaqcıl texnika və texnologiyalara əsaslanaraq rəqabətə davamlı şəkildə emalını təşkil etməkdir.

Qaz Emalı Zavodu təbii qazın, qaz kondensatının, yüngül karbohidrogenlərin geniş fraksiyasının emalı, quru qaz, qaz benzini, texniki butan, texniki propan-butan qarışığı, ağır kondensat məhsullarının və digər malların istehsalını həyata keçirir. Zavodun tikintisinin birinci mərhələsi 1961-ci ildə başa çatdırılıb. 2003-2004-cü illərdə Qaz Emalı Zavodunda hər biri iki xətli olmaqla 2 ədəd zavoddan qazın “yüksək təzyiqli çıxışı” və qazın “ümumi çıxışı” ölçü qovşaqları tikilib istifadəyə verilib. 2009-cu ildə zavoddan qazın «ümumi çıxışı» qaz ölçü qovşağında əlavə bir xətt tikilib istifadəyə verilib. Uzunmüddətli istismardan sonra 1994-cü ildə qazdan benzini ayıran qurğulardan 6 saylı QBAQ-ın istismarı dayandırılsa da, 2008-ci ildə qurğunun K-1 birinci pillə absorber aparatlarının əsaslı təmirindən sonra 5 saylı QBAQ-ın sxeminə qoşulması nəticəsində zavodun rekonstruksiyadan sonrakı emal gücünü bərpa etmək mümkün olub. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, dövlət büdcəsindən ayrılan milyonların hesabına müasir görkəm alan, yeni avadanlıq və texnologiya ilə təchiz olunan Qaz Emalı Zavodunda işlər heç də qaydasında getmir.

Belə ki, direktor Aqşin Paşayevin özünəxas qaydaları işçilərin normal fəaliyyət göstərməsinə maneçilik törədir: «Zavodda əmək şəraitinin yaxşılaşdırılmasına, texniki təhlükəsizlik qaydalarına nəzarətin artırılmasına, avadanlıqların qəzasız və təhlükəsiz işləməsinə, bütün texniki təhlükəsizlik işlərinin “Vahid sistemin” tələblərinə uyğun qurulmasına, istehsalat sahələrinin, binaların, iş yerlərinin müasir standartların tələblərinə uyğun səviyyədə yenidən qurulmasına ciddi fikir verilmir. Əmək şəraiti çox aşağı səviyyədədir. İşçilərin bir çoxu iş saatından artıq işlədilir. Həmçinin direktorun göstərişi ilə onların bir hissəsi bazar və bayram günlərində də işə çağırılırlar. Ölkəmizin müvafiq qanunvericiliyində bu kimi hallar geniş şəkildə təsbit olunub. Əmək Məcəlləsinə əsasən, işçi bazar və bayram günlərində işlədilirsə, ona əlavə əməkhaqqı yazılmalıdır.

Əfsuslar olsun ki, Aqşin müəllim üçün qanunun tələblərinin heç bir mənası yoxdur. Çünki Qaz Emalı Zavodunda qanunları direktorun özü müəyyənləşdirir. İşçilər arasında ayrıseçilik salınır. Məsələn, direktora yaxın olan şəxslər müxtəlif ixtisasartırma kurslarına göndərilir. Halbuki, onların demək olar ki, heç birinin bu sahədən anlayışı yoxdur. Təcrübəli işçilər isə nə kursa göndərilir, nə də onlara əlavə stimul verilir». Məlumatlı mənbənin sözlərinə görə, əməyin mühafizəsinin təşkili bərbad halda olduğu üçün zavodda tez-tez bədbəxt hadisələr qeydə alınır: «Amma direktor həmin hadisələrin ört-basdır edilməsinə nail olur. Bu vaxta qədər zavodda bir neçə fəhlə ağır xəsarətlər alıb. Buna baxmayaraq, həmin hadisələrə görə zavod rəhbərliyi məsuliyyətə cəlb edilməyib». Deyilənə görə, Aqşin Paşayev törətdiyi qanunsuz işləri yüksək nüfuzlu şəxslərdən birinin adını hallandırmaqla pərdələməyə çalışır. Həmin şəxsin kimliyi, eləcə də direktorun topdağıtmaz sərvəti haqda isə növbəti yazıda oxuya biləcəksiniz. Qarşı tərəfin də münasibət bildirmək hüququ var.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın