Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Kriminal / “Qardaşın bizdədir, ora-bura zəng etmə” – Bankda əməliyyat

“Qardaşın bizdədir, ora-bura zəng etmə” – Bankda əməliyyat

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan vəzifəli şəxslərinin cinayət əməllərinin ifşası davam edir.
MTN zabiti Natiq Alıyev və Zaur Məmmədovun cinayət işi üzrə zərərçəkənlərdən biri də “Zaminbank”ın valyuta dəyişmə məntəqəsinin sahibi Elşən Həsənov olub.
E.Həsənov istintaqa ifadəsində deyib ki, 9 saylı valyuta mübadilə məntəqəsi rəsmi olaraq qardaşı Seymurun adına olub, özü isə müştəri tapmaqda qeyri-rəsmi olaraq ona kömək edib. 2015-ci il mayın 8-də daimi müştərisi Farizə xanım ona zəng edərək əri Kamranın 300 min dolları avroya çevirmək istədiyini deyib: “Təxminən 10-15 dəqiqə sonra Seymurla danışıb bu barədə ona məlumat verdim. Günorta saat 14 radələrində qardaşıma zəng çatmadı, onun işçiləri Halay və Zaura zəng etdim, ona da zəng çatmadı. Narahat oldum, qonşuluqdakı mağazalardan birinin satıcısına zəng nedib soruşdum. Dedi ki, məntəqə bağlıdır, qardaşıngili də 7-8 nəfər mülki geyimli şəxs 2-3 maşına mindirib aparıblar.
Mən də dərhal polis idarəsinə, bölməyə və başqa 1-2 tanışa zəng edib nə baş verdiyini öyrənməyə çalışdım. Həmin vaxt 211-lə başlayan nömrədən zəng gəldi, açdım. Zəng edən adam özünü MTN əməkdaşı kimi təqdim etdi. Dedi ki, “qardaşın bizdədir, ora-bura çox zəng etmə, özün də gəl MTN-ə”. Bildim ki, telefonumu dinləyiblər, polisə zəng etdiyimi biliblər. Nazirliyə getdim, içəri girəndə gördüm qardaşım Seymur, işçilər Halay və Zaur, bir də müştərimiz Kamran dəhlizdədi. MTN-nin gənc əməkdaşları bizdən izahat almağa başladılar. Bundan sonra özlərini vəzifəli şəxslər kimi təqdim edən Natiq Alıyev və Zaur Məmmədov bizə yaxınlaşıb kassada olan pulun göstərilənlərdən artıq olmasının səbəbini soruşdular. Seymur cavab vermək istəyəndə onu danışmağa qoymadılar və bizi həbs edəcəklərini dedilər. Məntəqənin işi belədir ki, müştərilərdən alınan pul vəsaitlərini dərhal rəsmiləşdirmək olmur. Buna görə də pullar yığılır, 2-3 saatdan bir sənədləşdirilir”.
Bundan sonra MTN zabitləri onlarla açıq danışmağa, nə istədiklərini deməyə başlayıblar: “Natiq dedi ki, “sən böyük qardaşsan, səninlə danışacağam”, sonra qardaşımı çölə çıxartdılar. Natiq mənə dedi ki, həbs edilməməyimiz üçün 500 min dollar verməliyik. Bunun çox olduğunu dedim. 4-5 saat məbləğlə bağlı müzakirə apardıq, arada çıxıb gedirdilər, yenə qayıdıb soruşurdular ki, “nə oldu?” Hər dəfə də o qədər pulu toplaya bilməyəcəyimizi dedim. Axırda Natiq Alıyev dedi ki, “gecəni burda qalarsınız, ağlınız başınıza gələr”. Bizi səhərə kimi dəhlizdə saxladılar, səhər saat 10-da Natiq gəlib dedi ki, “artıq sizin məsələniz həll olunub, 300 min verməsəz, həbs olunacaqsız”. O qədər pulumun olmadığını dedim, onda “200 mini bu gün çatdırmasaz, birdəfəlik burda qalacaqsız” dedi. Çox qorxduğumdan, bütün gecəni müdafiəsiz, girov saxlanıldığımdan, vəzifəli şəxslərin əlində olduğumdan çarəsiz qalıb 200 min dollar verməyə razılaşdım. Qardaşım Seymuru buraxdılar ki, gedib pulu gətirsin. O da gedib dostumuz Anardan 100 min dollar borc alıb gətirdi. Natiq Alıyev məntəqədən götürdükləri 300 min dollardan 120-ni özlərinə götürüb qalanını qaytardı, bizi də buraxdılar. Bununla da, 220 min dollar borca düşdük”.
Qeyd edək ki, adıçəkilən Kamran Ağabəyov böyük qabaritli yükdaşınma üçün “MAN” markalı maşınların alınıb ölkəyə gətirilməsi ilə məşğul olub. O istintaqa ifadəsində deyib ki, bir şirkətin sifarişi ilə həmin avtomobildən 2 ədəd almalı olub. Məntəqədə dəyişdiyi 300 min dollar da həmin şirkətə məxsus olub.(Qafqazinfo)

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …

Bir cavab yazın