Şənbə , May 25 2024
Ana səhifə / Kriminal / Qarabağ separatçılarının liderlərinin həbs müddəti uzadılıb

Qarabağ separatçılarının liderlərinin həbs müddəti uzadılıb

Qarabağda separatçıların “prezidenti” olmuş Arkadi Gukasyan, Bako Saakyan, Arayik Harutyunyan, sabiq “xarici işlər naziri” Davit Babayan, “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan və David Manukyan da daxil olmaqla, Azərbaycanda həbsdə olan 15 nəfərin həbsdə saxlanma müddəti artırılıb. Onların barəsində ilkin istintaq dövrü üçün seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 5 ay uzadılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Sözügedən ermənilər haqqında həbs müddətinin uzadılması qərarı prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsində verilib.

2023-cü il sentyabrın 19-da Azərbaycanın keçirdiyi anti-terror əməliyyatından sonra Qarabağda separatçı rejimin bir sıra vəzifəli şəxsləri saxlanılaraq, Bakıya gətirilib. Onların arasında yuxarıda adları çəkilənlərlə yanaşı, keçmiş “dövlət naziri” Ruben Vardanyan və başqaları da var.

Onlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 214-3 (terrorçuluq məqsədilə təlim keçmə), 218 (cinayətkar birlik yaratma) və 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr yaratma) maddələrilə ittiham irəli sürülüb. Bu ittihamlarda 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Onlar Azərbaycan ərazilərinin minalanması, 2020-ci ildə Gəncə və Bərdəyə raket atılması, nəticədə mülki əhalinin öldürülməsi, terror hücumlarının təşkili və başqa çoxsaylı cinayətlərdə ittiham olunur.

Həbsdə olanların bu ittihamlara münasibəti, özlərini təqsirli bilib-bilmədikləri məlum deyil.

Həmçinin oxuyun

Fazil Mustafa işi: Dizimi yerə qoymadığıma görə polislər yarım saat döydülər

Deputat Fazil Mustafanın güllələnməsindən sonra həbs olunan millət vəkilinin qonşusu, Zabrat sakini Yunis Quliyev məhkəmədən …