Çərşənbə , Mart 22 2023
Ana səhifə / Kriminal / Qarabağ əlilləri üçün tikilməli olan evlərin pulunu mənimsəyənə 5 il həbs cəzası verildi

Qarabağ əlilləri üçün tikilməli olan evlərin pulunu mənimsəyənə 5 il həbs cəzası verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2016-cı ildə keçirdiyi tenderin qalibi olan, Qarabağ döyüşlərində əlil olmuş şəxslərə mənzillərin tikintisi üçün ayrılan vəsaitləri mənimsəməkdə ittiham edilən “TUA TT” MMC-nin rəhbəri, 37 yaşlı Tural Alışanlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qaynarinfo xəbər verir ki, Tural Alışanlıya Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq olunmaqla məhkəmənin hökmünə əsasən, 5 il azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı Tural Alışanlının 12 il azadlıqdan məhrum edilməsini istəmişdi.

İstintaqla müəyyən edilib ki, Tural Alışanlı qardaşı Ülvi Alışanlının adından 24 avqust 2012-ci tarixdə “TUA TT” MMC yaradıb, öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş və öhdəsində olan özgə əmlakını – dövlət vəsaitini vahid qəsdlə talama məqsədi ilə ƏƏSMN tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Masallı rayonunda 2 ədəd 3 otaqlı, Lənkəran rayonunda 4 ədəd 3 otaqlı, Astara rayonunda 2 ədəd 3 otaqlı, Lerik rayonunda 4 ədəd 3 otaqlı və Yardımlı rayonunda 1 ədəd 3 otaqlı olmaqla, ümumilikdə 13 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin satınalması ilə bağlı keçirilən tenderdə həmin MMC-nin adından iştirak edib nəzərdə tutulan işləri əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla 893 min manat pul vəsaiti hesabına yerinə yetirməklə bağlı təklif verdikdən sonra tender komissiyasının 24 iyun 2016-cı il tarixli protokoluna əsasən qalib elan edilib.
İstintaqla həmçinin müəyyən edilib ki, Tural Alışanlının ƏƏSMN ilə “TUA TT” MMC arasında bağlanmış 19 iyul 2016-cı il tarixli satınalma müqaviləsi üzrə 16 ay müddətinə həmin işlərin yerinə yetirilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun vəsaiti hesabına ayrılaraq nazirlik vasitəsi ilə həmin cəmiyyətin hesabına köçürülən ümumilikdə 756 min manat (ƏDV ilə birlikdə 893 min manat) məbləğində pul vəsaitinin bir hissəsini müxtəlif rayonlarda fərdi yaşayış evlərinin tam və ya qismən tikilməsinə istifadə edib, qalan 190 min manat pul vəsaitini ayrı-ayrı şəxslərin bank hesablarına köçürərək, şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edərək vahid qəsdlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə Tural Alışanlı Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Tural Alışanlı ifadəsində ona qarşı irəli sürülən ittihamlarla razılaşmayıb və günahsız olduğunu deyib.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Tua-TT” MMC arasında 19 iyul 2016-cı il tarixdə bağlanmış müqaviləyə əsasən, 480 min manat məbləğində tikinti işlərinin podratçı tərəfindən yerinə yetirilməməsi barədə nazirlikdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Qeyd edilən xüsusatlarla əlaqədar həmin vəzifəli şəxslər barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Həmçinin oxuyun

Baş memarın cinayət işi icraata götürüldü

Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti sabiq şöbəsi müdiri Elgün Abdullayevin cinayət işi icraata …