Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / “Qara qızıl”dan “Ağ qızıl”a keçid: proqnozlar, problemlər… – ARAŞDIRMA

“Qara qızıl”dan “Ağ qızıl”a keçid: proqnozlar, problemlər… – ARAŞDIRMA

“Qara qızıl” erası başa çatandan sonra bütün diqqət qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişafına yönəldildi. Məlum olduğu kimi prezident İlham Əliyev hökumətin qarşısında pambıq əkin sahələrinin  genişləndirilməsi, pambıqçılığın inkişafı məqsədlə stimullaşdırıcı tədbirlərin görülməsinə dair vəzifələr qoyub. Bu baxımdan cari ildə ölkədə pambıq istehsalı və yığımı xüsusi diqqət mərkəzindədir.

Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, sentyabrın 15-dən pambıq yığımına start veriləcək. Ötən il Azərbaycanda cəmi 35 min ton pambıq yığılmışdı. Bu il isə proqnozlara əsasən, pambıq istehsalı təxminən 3 dəfəyə yaxın artırılmaqla 100 min tona çatdırılacaq. Prezidentin müəyyən etdiyi vəzifəyə əsasən 2017-ci ildə bu rəqəm bir neçə dəfə artmalıdır.

Təbii ki, istehsalın artması həm də yeni iş yerlərinin yaradılması deməkdir. Çünki sovet dövründə kənd təsərrüfatında məşğul əhalinin əsas hissəsi məhz pambıqçılıq sahəsində çalışırdı və yüksək qazanc əldə edirdi. Amma ekspertlər deyir ki, pambıqçılığı yenidən dirçəltmək  üçün ilk növbədə fermerlərin bu sahəyə marağını cəlb etmək lazımdır.

Məlum olduğu kimi bu ildən tədarükçü şirkətlər fermerlərdən pambığın alış qiymətlərini artırıb.Bəs fermerlərin cəlb edilməsi üçün daha hansı tədbirlər həyata keçiriləcək? Bu il istehsalla bağlı proqnozlar özünü doğruldacaqmı? Pambığa göstərilən qayğı iqtisadiyyata nə vəd edir? Virtualaz.org saytı bu və digər sualların cavabını axtarıb.

Rəsmi statistika…

Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin rəhbəri İmran Cümşüdovun sözlərinə görə, bu il 51 min 785 hektar sahədə pambıq əkilib. Bu isə ötən ilin göstəricisindən dəfələrlə çoxdur. “Bu il pambıq istehsalının 2,8 dəfə çox olacağı proqnozlaşdırılır. Əgər ötən il 35 min ton pambıq istehsal olubsa, bu il 100 min ton istehsal gözləyirik”, -deyə İ.Cümşüdov əlavə edib.

Şöbə rəhbəri deyir ki, bu il hava şəraiti pambıq üçün əlverişli olub. Amma səpin bütün sahələrdə eyni vaxtda aparılmadığından yığım əvvəlcə aran bölgəsində, sonra digər ərazilərdə aparılacaq. “Gələn il 300 min ton, sonrakı dövrlərdə isə daha artıq pambıq istehsalı nəzərdə tutulub. Tezliklə pambığın əvvəlki şöhrəti qaytarılacaq”,-İ.Cümşüdov belə hesab edir.

Qiymətlər artırıldı, bu kifayət edirmi…

 

Qeyd etdiyimiz kimi bu il pambıq istehsalı və emalı müəssisələri satınalma qiymətini artırıb. Belə ki, əvvəlki illərə nisbətən bu mövsümdə birinci növ pambığın bir tonunun 500 manata (2015-ci ildə 410 manat idi), ikinci növünün bir tonunun 470 manata (390 manat), üçüncü növünün bir tonunun 440 manata (370 manat), dördüncü növünün bir 400 manata (350 manat) qəbul ediləcəyi açıqlanıb.

Bu il pambıq istehsalı və emalı müəssisələrinin daşınma xərcləri qarşılanacaq və istehsal xərclərinin 90 faizi emalçılar tərəfindən avans olaraq veriləcək. Onu da deyək ki, prezidentin tapşırığından sonra iqtisadiyyat naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri Heydər Əsədov fermerlərlə görüşüblər. Nazirlər görüşdə fermerlərə ediləcək güzəştlərdən danışıblar.

Yeni güzəştlər…

Qiymətlərin artırılmasının ardınca pambıq istehsalçılarına yeni güzəştlər də verilib. Kənd Təsərrüfatı Nazirliyindən deyiblər ki, Nazirlər Kabinetinin qərarı ilə alaq otları və zərərvericilərlə mübarizədə istifadə edilən dərmanların alınmasında 70 faiz güzəşt tətbiq edilib. Bundan əlavə, taxıl istehsalçılarına edilən güzəştlər bu il pambıq istehsalçılarına da verilməsi nəzərdə tutulub. Pambıq istehsalı ilə məşğul olacaq fermerlər bu ildən yanacaq və motor yağlarına görə ümumilikdə 90 manat güzəşt alacaqlar.

Pambıq yığımı üçün texnika…

Təbii ki, fermerlərin əsas çətinliklərindən biri texkina ilə bağlıdır. Amma Kənd Təsərrüfatı Nazirliyi texnika ilə təminatda problemlər yaranmayacağını vəd edir. Nazirliyin yaydığı məlumatda bildirilir ki, tezliklə başlanacaq pambıq yığımı üçün Aqrolizinq Səhmdar Cəmiyyətinin rayon bölmələrinin istifadəsində kifayət qədər texnika var.

“Lazım olduqda fermerlər texnika üçün müraciət edə bilərlər. Bu il yığım üçün nazirliyin sifarişi ilə yeni texnikalar gətirilib. ABŞ-nın “John Deer” və “Case” brendlərinə məxsus yüksək məhsuldarlıqlı pambıqyığan kombaynlar, Belarus istehsalı olan “Belarus 80X” traktoru üzərində quraşdırılan pambıq yığan maşın və bir sıra başqa texnika bazalara yerləşdirilməkdədir. Ümumilikdə bu il 41 adda 1313 ədəd müxtəlif kənd təsərrüfatı texnikası alınıb. 40 ədəd traktor, 54 ədəd kotan, 48 ədəd riper, 162 ədəd pnevmatik və 74 mexaniki çiyid səpən maşın,119 ədəd mala, 184 ədəd kultivator, 94 ədəd gübrə səpən maşın, 149 ədəd çiləyici, 183 ədəd traktor qoşqusu və başqa yeni texnika fermer təsərrüfatlarının istifadəsinə verilib”, nazirlikdən qeyd ediblər.

Ekspertlər isə hesab edirlər ki…

Tez bir zamanda pambıq istehsalının artırılması iqtisadiyyatımız üçün nə vəd edir? Uzun illər meyvə-tərəvəz istehsal edən, məhsullarını çətinliklə də olsa bazara çıxaran fermer bundan sonra pambıq əkmələ mənfəəət əldə edə biləcəkmi? Bəllidir ki, pambıq gərgin əmək və yüksək kapital tələb edir.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, təxminən 10 il əvvəl 100 min hektar sahədə pambıq əkilirdisə, ötən il cəmi 18 min hektar sahədən pambıq yığılıb.  Pambıq istehsalı isə 35 min tondan az olub. “Yəni bu ilə qədər hər il pambıq istehsalında azalma müşahidə edilib. Çünki bu sahəyə biganəlik vardı, fermerlərin problemləri həll edilmirdi.  2010-cu ildə “Pambıqçılıq haqqında” qanun qəbul edildi.  Amma bunun müqabilində pambıqçılıq sürətlə gerilədi”,-deyə ekspert əlavə edib.

V.Məhərrəmovun sözlərinə görə, fermerlər dünya bazarında gedən proseslərdən məlumatsızdılar.  “Təəssüf ki, fermerlərimiz dünya bazarında baş verənlərdən məlumatsızdılar. Hətta çoxluq xammalın qiymətindən belə xəbərsizdir. Halbuki ilk növbədə dünya bazarında gedən proseslər izlənilməlidir”,-deyə ekspert qeyd edib.

Digər tərəfdən Azərbaycan özü hələ pambıq emal edə  bilmir. Ekspert deyir ki, hələ də  pambıqdan yüngül sənayedə istifadə edə bilmirik. Amma digər ölkələrdə pambıqçılıq sürətlə inkişaf edir. “Hazırda dünya ölkələrinin istehlakı qədər ehtiyat pambıq yığılıb. Hər il istehsal 25 milyon ton, istehlak isə 24 milyon ton olur. Deməli ildə ehtiyatın üstünə 1 milyon ton pambıq yığılır. Bu isə pambıq istehsalı ilə məşğul olan ölkələr üçün risqdir. Dünya bazarında artıq təklif  tələbi üstələyib. Ehtiyatı da nəzərə alsaq hazırda təklif  tələbdən 2 dəfə çoxdur. Buna görə də məhsul istehsal edərkən dünya bazarında baş verənlər izlənilməlidir.

İqtisadçı Azər Məmmədov isə hesab edir ki, pambığın alış qiymətləri fermerlərə sərf edərsə, onlar bu sahəyə maraq göstərəcəklər. Digər tərəfdən,  pambıq yüngül sənayedə xammal kimi istifadə edələndən sonra bu sahə gəlir gətirəcək. “Azərbaycanda əlverşli şərait var. Sadəcə, fermerlərin problemlərini həll etməklə istehsalı artırmaq, bu sahəni inkişaf etdirmək mümkündür. Hazırda Çin, Pakistan və Hindistan istehsal imkanlarını məhz öz daxili istehlaklarını qarşılamağa yönəldirlər”, -eksper belə deyir.

A.Məmmədovun sözlərinə görə, pambıq istehsalı yüksək əmək və kapital tələb edir. Buna görə də pambıqçılığın inkişafı fermerlərə edilən təkliflərdən çox asılıdır.

Pambıqçılığın inkişafına mane olan problemlərdən biri də torpaqların kiçik paylara bölünməsidir. A.Məmmədov  hazırda torpaq sahələrinin xırda təsərrüfatlara pay şəklində bölündüyünü, buna görə də belə kiçik sahələrdə  pambıq əkməyin gözlənilən nəticəni verməyəcəyini düşünür.

Amma çıxış yolu da var: “Məsələn, əvvəlcə kooperasiyalar yaradılmalı və iri təsərrüfatlar əsasında pambıq əkini həyata keçirilməlidir. Bu təklifi müxtəlif ekspertlər dəstəkləyirlər. Nəzərə almaq lazımdır ki, kultivasiya, dərmanlama aparılmalı, məhsul maşınla yığılmalıdır”.

Hələlik isə Kənd Təsərrüfatı Nazirliyi pambıqçılığın inkişaf edəcəyini, gələcəkdə yüksək gəlir gətirəcəyini söyləməklə hadisələrə nikbin yanaşır. İstənilən halda pambıq büdcəyə əlavə vəsaitlərin daxil olması baxımından mühüm əhəmiyyətli sahədir. İstehsalın artırılması və pambıqçılığın gəlirli sahəyə çevrilməsi üçün dövlətin güzəştlərindən səmərəli istifadə etmək lazımdır. Virtualaz.org

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın