Cümə , Sentyabr 25 2020
Ana səhifə / Kriminal / Qadın cinayətləri və qadına qarşı cinayətlər artıb – səbəblər

Qadın cinayətləri və qadına qarşı cinayətlər artıb – səbəblər

Azərbaycanda məişət zorakılığı nəticəsində zərərçəkənlərlə bağlı statistika məlum olub. Rəsmi statistikaya görə, ötən il məişət zorakılığı nəticəsində 37 qadın öldürülüb, onlardan biri də 18 yaşına çatmamış qız olub.

24 qadını öldürməyə cəhd edilsə də, onların həyatını xilas etmək mümkün olub. Həmçinin rəsmi statistikaya görə, 2019-cu ildə ölkədə 1039 qadın cinayət törədib. Onlardan 11 nəfəri adam öldürüb, 1 nəfər isə öldürməyə cəhd edib.

Mövzu ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Yeni Müsavat”a danışıb:

“Qadına qarşı ”şeytani” yanaşma hər zaman olub. Lakin son illərdə bu steriotiplər daha çox qatılaşmağa başlayıb. Bunların bir qismini sosial şəbəkələr, xəyanətlə, digər bir qismini isə itaətsizliklə əlaqələndirirlər. Yəni qadının əvvəlki itaətkar sosial rolu dəyişib, üsyankar, bir qədər də öz haqqını tələb edən qadın obrazına çevrilməsi qəbul edilmir. Ona görə də qadını ən çox bu sterotiplərlə, damğalarla, böhtan və şərlərlə, üstünə əxlaqsızlıq, xəyanətkar adını atmaqla əzmək olur. Bu zaman qadınlar özlərini doğrultmağa, bəraət qazandırmağa çalışır ki, bu da əks təsir verir. Yəni hazırda ümumi yanaşma belədir”.

Mehriban Zeynalova: ““Qaynar xətt”in yaradılması zəruridir”

Mehriban Zeynalova: “Sosial şəbəkələrdə qadını öldürən cinayətkara dəstək verənlər  arasında qadınlar da olur”

Mehriban Zeynalovanın sözlərinə görə, bir çox kişilər güclü qadınları xoşlayır, onlarla dostluq etməyə, ünsiyyət qurmağa çalışır, amma evdə itaətkar qadın obrazının olması onlar üçün daha əlverişlidir: “Qadını özünə tabe edərək, idarə etmək kimi davranışlar hələ də mövcuddur. Üstəlik qadının boynuna qoyurlar ki, bu yükü götürməlidir, hər cür davranışa razı olmalıdır, çünki ailəlidir, ailəni qorumaq mütləq şəkildə onun borcudur, başqasının borcu deyil”.

Mehriban Zeynalova qeyd etdi ki, ötən ilə nisbətən bu il qadınların öldürülməsi halları daha da artıb: “Qadınların öldürülməsi statistikasına gəldikdə, ötən il bu statistikanı aparmamışam, ona görə də bu sayın nə qədər düzgün və yaxud yanlış olduğunu deyə bilmərəm. Amma mətbuatda izlədiyimiz hadisələri araşdıranda məlum olur ki, bu il həmin rəqəm bir qədər artıqdır.

Qadın cinayətləri ilə bağlı məsələyə gəldikdə, düşünürəm ki, bu cinayətlərin araşdırılmasında müəyyən bir fərqli yanaşma ortaya qoymaq lazımdır. Məsələn, araşdırmaq lazımdır ki, hadisəyə qədər qadın neçə dəfə polisə müraciət edib, hansı vəziyyət yaranıb ki, qadın bu cinayəti törədib. Əksər hallarda bu hadisələr ailə münaqişəsi zəminində baş verir. Azərbaycanda qadının adam öldürməsi çox təsadüfi hallarda baş verir. Bunu nəzərə alaraq, istintaq mərhələləri çox dərin öyrənilməli, prosesdə məişət zorakılığını bilən, onun mahiyyətinə varan, o sualları verən və materialları toplayan adamlar olmalıdır.

Bəzən cinayət törədən qadınların vəkilləri olmur, bu səbəbdən özlərini kifayət qədər müdafiə edə bilmirlər. Bu məsələyə də diqqət çəkmək lazımdır”.

Mehriban Zeynalova təəssüflə qeyd etdi ki, Azərbaycan cəmiyyətində bir qadının öldürülməsi əksər hallarda namus cinayəti kimi qələmə verilir: “Mütləq şəkildə öldürülən qadın əxlaqsızdır, onun günahı var. Qadını öldürən kişini isə heç kəs günahkar hesab etmir. Bəzi hallarda istintaq prosesində də bu cür sterotip yanaşmalar mövcud olur. Pis hal budur. Çox təəssüflər olsun ki, sosial şəbəkələrdə bir çox hallarda şahidi oluruq ki, qadını öldürən cinayətkara dəstək, ona haqq verəcək fikirlər səsləndirilir və onların arasında qadınlar da olur.

Bəzən deyirlər ki, qadına qarşı cinayət törədən kişini böyüdüb, tərbiyə edən də qadındır. Yəni burada da qadın günahlandırılır. Bu da bir steriotipdir. Bəlkə, cinayətkarı yetişdirən mühitdir? Bəlkə, onu yetişdrən qadın uzun müddət zorakılıqlarla üzləşib, gücsüz olub, özünü müdafiə edə bilməyib, nəticədə uşağı da aqressiv böyüyüb və zorakılığı normal hal kimi qəbul edib?”

Musavat.com -un canlı yayınında saçı qırxılan qadın müzakirə olunub

Mahmud Hacıyev: “Xüsusən regionlarda zorakılığa məruz qadınların əksəriyyəti polisə müraciət etmir”

Sabiq polis rəisi, polkovnik Mahmud Hacıyev isə qeyd etdi ki, ölkədə qadınlara qarşı aqressiya, qəzəb yoxdur: “Bu, mənim subyektiv fikrimdir. Yanlış fikirdir ki, Azərbaycanda qadınlara qarşı aqressiya var. Məişət zəminində qadınlara qarşı zorakılığın artması məsələsinə gəldikdə isə, burada da ortada insan faktoru var. İnsan olan yerdə mütləq cinayət də olur və bu cinayət qadına da, uşağa da, kişiyə də qarşı ola bilir. Yəni, məsələyə bu tərəfdən yanaşmaq lazımdır. Son illər qadınlara qarşı hər hansı fiziki təsir, bədən xəsarəti, qəsdən öldürmə, öldürmə cəhdləri baş verdikdə, hamısında bir şablon ifadə işlədilir – ”Ailə münaqişəsi və yaxud məişət zəminində qadın döyüldü, xəsarət aldı, öldürüldü”. Lakin bəzən sonradan istintaqın gedişatında digər incə məqamlar ortaya çıxır, məlum olur ki, hadisə heç də məişət zəmnində baş verməyib. Bəzən həmin incə məqamlar araşdırılmır, üstündən keçilir. Araşdırmaq lazımdır ki, bu cür cinayət niyə baş verib, ona gətirən amillər, səbəb nədir”.

Mahmud Hacıyev qeyd etdi ki, məişət zəmnində baş verən cinayətlərin əsas səbəblərindən biri narkomaniya, sərxoşluq, işsizlikdir: “Müəyyən iradəsi zəif olan kişilər sosial-iqtisadi problemlər yaranan kimi ailəsinə qarşı aqressiv davranmağa başlayır. Bunları da nəzərə almaq lazımdır.

Milli xarakterik xüsusiyyətlər də öz təsirini göstərir. Məsələn, qonşu Rusiyada ailədə hansısa hadisə baş verəndə heç də həmişə münaqişə baş vermir. Amma bizdə yaranır. Yəni, rus kişisinin psixologiyasına təsir etməyən hansısa amil azərbaycanlı kişisinə təsir edir, nəticədə münaqişə yaranır”.

Mahmud Hacıyev qadınlara qarşı törədilən cinayətlərin namus məsələsi kimi qələmə verilməsini də pisləyib:

“Bu, düzgün yanaşma deyil. Yəni, bəzən ehtimal edirlər ki, hadisə bundan yarana bilər. Lakin bu cür yanaşma olanda sanki sən öz millətinin qadınına qara yaxırsan, qadınlar haqqında pis fikirdə olursan. Amma qeyd edim ki, bu cür yanaşma keçmişdə də olub, indi də var”.

Mahmud Hacıyev qeyd etdi ki, xüsusən bölgələrdə məişət zorakılığına məruz qalan qadınlar çox az halda polisə müraciət edir: “Şəhərlərdə də belədir. Lakin xüsusən də regionlarda zorakılığa məruz qadınların əksəriyyəti polisə müraciət etmir. Amma bu mütəmadi baş verdikdə son nəticədə cinayətin qurbanı olur. Bu da yenə milli xarakterik xüsusiyyətlərimizdən irəli gəlir. Qonşu şimal ölkələrində qadınlara bir çırtma vuranda polisə müraciət edir, amma bizdə belə deyil. Qadınlarımız da polisə müraciət etməkdən çox vaxt yayınır, hər şeyə dözür. Hüquq mühafizə orqanları belə məsələrdə daha diqqətli olmalıdırlar. Müraciət olanda onu sona qədər araşdırmalıdırlar.

Bəzən bildirilir ki, bu problemdən çıxış yollarından biri qadın polislərinin sayının artırılmasıdır. Yəni bu zaman qadınlar rahat şəkildə, heç nədən çəkinmədən öz şikayətlərini bildirməyə başlayacaqlar. Son illərdə qadın polislərinin sayı artmağa başlayıb, təbii ki, bu da sevindirici haldır”.

Həmçinin oxuyun

Türkandakı böyük cinayətə Zeynəb Xanlarovanın bacısı oğlunun adı qarışıb

Türkanda 80 yaşlı Əzizəxanım Atayeva və 91 yaşlı Xumara Şabanovaya qarşı baş tutan böyük cinayət …