Cümə , Aprel 12 2024
Ana səhifə / Kriminal / Qətlə sifariş verməkdə ittiham olunan sabiq rektor istintaqda nələr deyib?

Qətlə sifariş verməkdə ittiham olunan sabiq rektor istintaqda nələr deyib?

13 il əvvəl Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun qətlinə sifariş verməkdə ittiham olunan, həmin universitetin o vaxtkı rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun icraçı direktoru Müşfiq Atakişiyevlə bağlı məhkəmə istintaqı yekunlaşıb.

Martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə qərar çıxarılıb. Növbəti məhkəmə iclasında prokuror Müşfiq Atakişiyev və prorektorun qətlində təqsirləndirilən daha iki nəfərə cəza istəyəcək.

Müşfiq Atakişiyev bacısı oğlu, keçmiş polis zabiti Dəyanət Quliyev və onun İmişlidə qonşusu olmuş taksi sürücüsü Samir Quliyevlə birlikdə mühakimə olunur. Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə ittiham olunan bu 3 nəfərin işinə hakim Siyavuş Hacıyevin sədrliyilə baxılır.

Bu iş üzrə məhkəmə prosesində dindirmələr başa çatıb. Martın 13-də məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlayıb, cinayət işində olan sənədlər elan olunub.
Təqsirləndirilən şəxslərdən Samir Quliyev və Dəyanət Quliyevin istintaq dövründə verdikləri ifadələr elan olunub.

Dəyanət Quliyev istintaqdakı ifadəsində bildirib ki, mərhum prorektor Tariyel Əhmədova xəsarət yetirməsini dayısı Müşfiq Atakişiyev istəyib. O isə bu işi özü görməyib, İmişlidə uşaqlıq dostu və qonşusu olan Samir Quliyevə tapşırıb.

Dəyanət Quliyev onu da bildirib ki, Samir Quliyev iki dəfə narkotikə görə həbs olunub. Dayısından 3 min manat alıb, onu həbsdən azad elətdirib.

Müşfiq Atakişiyevin özünün də istintaqdakı ifadəsi məhkəmədə oxunub. O deyib ki, Tariyel Əhmədovu 1995-ci ildən tanıyırdı. Son vaxtlar onun rektor vəzifəsinə iddialı olduğunu eşitmişdi. Bu səbəbdən bacısı oğlundan xahiş edib ki, Tariyel Əhmədova xəsarət yetirsin, prorektor xəstəxanaya düşsün:

“Tapşırdım ki, xəstəxanalıq eləsin, onun ölməyini istəmirdim. Çünki onunla aramızda konflikt vardı. Öləndə hamı məndən şübhələnəcəkdi”.

2011-ci ildə baş vermiş qətlin üstü 12 il sonra – 2023-cü ildə Dəyanət Quliyevin Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib, cinayəti etiraf etməsilə açılıb. O, məlumat verərkən cinayəti özünün törətdiyini deyib.

Dəyanət Quliyevin “102”yə zəng edərkən dediklərinin səs yazısı da məhkəmədə elan olunub. O, cinayəti tək törətdiyini söyləyir.

Elan edilən sənədlərdən o da məlum olub ki, Dəyanət Quliyev “102”dən əvvəl 21 dəfə dayısı Müşfiq Atakişiyevə zəng eləyib.

Sənədlərin elanı başa çatandan sonra Siyavuş Hacıyev, Aytən Əliyeva və Vüqar Quliyevdən ibarət hakimlər kollegiyası bu cinayət işi üzrə məhkəmə istintaqının yekunlaşmasına qərar verib.

Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə prosesi martın 27-də prokurorun çıxışıyla davam edəcək.

İttihama əsasən, Müşfiq Atakişiyev prorektorun onu nüfuzdan saldığını, yerinə rektor vəzifəsinə keçmək istədiyini düşünərək, bacısı oğlu Dəyanət Quliyevə onu avtomobillə vurmaq və ya başqa bir yolla aradan götürmək tapşırığı verib. Dayısının uzun illər ona maddi və mənəvi dəstəyini nəzərə alaraq, onun istədiyini yerinə yetirmək qərarını verib. Lakin o, plandan kənara çıxaraq, dayısının tapşırdığı işi həmyerlisi və dostu Samir Quliyevə 40 min dollar müqabilində həvalə eləyib. Lakin ona bu işin sifarişçisinin Müşfiq Atakişiyev olduğunu bildirməyib.

Dəyanət Quliyev Samiri prorektorun yaşadığı evin yaxınlığında idman elədiyi meydançaya apararaq, onu göstərib. Samir Quliyev 10 gün ərzində onu işlədikdən sonra 2011-ci il sentyabrın 16-da dəmir boru parçasıyla onu başından vuraraq, qətlə yetitib.

Müşfiq Atakişiyev məhkəmədə bildirib ki, özünü qəsdən adam öldürmə ittihamıyla təqsirli bilmir. Amma Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsilə özünü təqsirli sayır. Onun sözlərinə görə, mərhum prorektoru 1-2 aylıq işdən uzaqlaşdırmaq üçün ona xəsarət yetirilməsini istəyib, lakin onu öldürmək niyyəti qətiyyən olmayıb.

Digər təqsirləndirilən şəxslər də bu cinayəti pul müqabilində törətmədiklərini deyirlər. Dəyanət Quliyev bildirib ki, dayısının onun üzərində zəhməti çox olmuşdu, bu səbəbdən cinayəti törətmək qərarına gəlib.

Samir Quliyev isə deyir ki, Dəyanətlə uzun illər dost idilər, onun xahişini yerinə yetirib.
Dəyanət Quliyev 2000-2020-ci illərdə daxili işlər orqanlarında, o cümlədən Binəqədi rayonu, 7-ci polis bölməsində işləyib, polis mayoru olub.

İqtisad elmləri namizədi olan 1966-cı il təvəllüdlü Müşfiq Atakişiyev Azərbaycan Neft və Kimya İnstitutunu (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. 2005-ci ildə professor adını alan Atakişiyev 2008-2010-ci illərdə Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə ekspert komissiyasının sədri, eyni zamanda, 2000-2014-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri olub. 2022-ci ildən isə İqtisadiyyat İnstitutunun icraçı direktoru idi.
Təfəkkür Universiteti 2017-ci ildə ləğv edilib.

Həmçinin oxuyun

Məmurla həbs olunan iş adamı arasında nə baş verib? – “Restoranda 500 min verdim”

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan hədə-qorxu yolu ilə 4 milyon …