Ana səhifə / Kriminal / Prokuror sabiq MTN polkovnikinə 9 il 6 ay cəza istədi – milyonluq dələduzluq işi

Prokuror sabiq MTN polkovnikinə 9 il 6 ay cəza istədi – milyonluq dələduzluq işi

Dələduzluğa görə tutulan və hazırda təqaüddə olan MTN polkovniki və digərlərinin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror V.Güləliyevin 9 il 6 ay, N.Əliyevin 8 il 6 ay, C.İbayevin 8 il, V.Əsədovun 7 il 6 ay, A.İsmayılovun isə 3 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Qeyd edək ki, təqdirləndirilən şəxslər Səriyyə Tahirovanın həyat yoldaşı Rafiq Tahirovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini vəd edərək ondan 89 min 800 manat alıb. R.Tahirov qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitə gətirdiyi üçün MTN tərəfindən saxlanılıb. Məhkəmənin hökmü ilə R.Tahirov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, təqsirləndirilən şəxslər zərərçəkmiş Elçin Orucovu polisə işə düzəltmək üçün atası Əkbər Orucovdan 8 min manat, Misir Əhmədovdan oğlunu polisə işə düzəltmək adı ilə 8100 manat pul alıblar.

Həmçinin, iranlı məhkumların İrana ekstradisiya edilməsi üçün pul lazım olduğunu, qarşılığında isə 1 milyon dollar pul qazanacaqlarını, əldə edilən puldan onlara da pay verəcəklərini vəd edərək Aybala Namazovdan 35 min manat, Ədalət Əsgərovdan 115 min alıblar. İttihama münasibət bildirən V.Güləli özünü təqsirli bilmədiyini deyib.

Xatırladaq ki, həbs edilənlərdən Vüqar Güləli ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub. O, MTN ləğv edilməzdən əvvəl təqaüdə çıxıb.

Dəstə üzvləri Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilirlər. Təqsirləndirilən şəxslərdən V.Əsədov, A.İsmayılov və C.İbayevin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Digərləri isə həbsdədir.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …