Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Prokuror öz qohumuna da “atan” keçmiş hakimə 9 il həbs cəzası istədi

Prokuror öz qohumuna da “atan” keçmiş hakimə 9 il həbs cəzası istədi

Vaxtilə Bakı Apellyasiya Məhkəməsinin, daha sonra Suraxanı rayon Məhkəməsinin hakimi olmuş Lətif Nəbiyev hakim qarşısına çıxarılıb. Virtualaz.org-un xəbərinə görə, iki nəfərə qarşı külli miqdarda dələduzluqda ittiham olunan sabiq hakimin cinayət işi üzrə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı çıxış edərək L. Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini, barəsindəki polis nəzarətinə verilmə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə dəyişdirilməsini istəyib.

Zərərçəkmişlər də dəymiş ziyanın ödənilmədiyini və sabiq hakimə ağır cəza verilməsini tələb ediblər.

İttihamlarla razılaşmayan sabiq hakim məhkəmə iclasında zərərçəkmiş Azad İbrahimovdan alınan 250 min dollara yaxın pulu nazir müavinlərindən birinə verdiyini deyib. L.Nəbiyev qeyd edib ki, pulu verdiyi şəxs həmin vaxt Əmlak Məsələləri Dövlət Komitəsində çalışıb.

Qeyd edək ki, L.Nəbiyev zərərçəkmiş A.İbrahimovla qohumdur. L.Nəbiyev iddia edirdi ki, A.İbrahimovdan pul almayıb. Amma sonradan məhkəmədə 75 min dolları sürücüsü vasitəsi ilə aldığını, qalan məbləğdən də xəbəri olduğunu deyib.

Qeyd edək ki, 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə L.Nəbiyevin statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilməklə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.

İş üzrə zərərçəkmiş şəxslərdən biri olan Azad İbrahimova 247 min 500 dollar Rüstəm Abdullayevə isə 59 min 700 dollar zərər dəydiyi müəyyən edilib.

L.Nəbiyev R.Abdullayevdən iş qurmaq adı ilə pul alıb. Belə ki, sabiq hakim R.Abdullayevə Ucar və Kürdəmirdə qaz, İsmayıllıda isə su və kanalizasiya xətlərinin çəkilişi ilə bağlı iş gördüyünü, yaxşı qazanc olduğunu deyib. Sərmayə yatıracağı təqdirdə  onun da xeyir götürəcəyini vəd edib.

Digər zərərçəkmiş A.İbrahimovdan isə 247 400 dollar alıb. Bu vəsaitlə ona torpaq sahəsi alacağını bildirib. A.İbrahimov qeyd edib ki, keçmiş hakim onu aldadıb və aldığı pulları geri qaytarmayıb. Belə ki, L.Nəbiyev Bakının gözəl sanatoriya yerlərindən birində, dəniz kənarında 120 sot torpaq sahəsi tapdığını, həmin torpağın dəyərinin əslində 500 min dollar olduğunu, lakin hakimlik nüfuzundan istifadə edərək torpağı 240 min dollara ala biləcəyini deyib. Azad buna görə L.Nəbiyevə  234 min dollar verib. Daha sonra A. İbrahimov torpağın sənədini istəyəndə L.Nəbiyev ona iki fərqli adamın adına ümumlikdə 100 sot olmaqla Pirşağı bələdiyyəsindən verilmiş 10 illik icarə müqaviləsi verib. A.İbrahimov məsələdən şübhələndiyi üçün Pirşağı bələdiyyəsinə gedərək əlindəki sənədləri göstərib. Orada məlum olub ki, həmin sənəd sadəcə 10 illik icarə müqaviləsidir və icarə müddəti bitəndən sonra ərazi dövlətin balansına keçəcək.

Zərərçəkmiş A.İbrahimov deyib ki, L.Nəbiyev ondan pul alanda Bakı Apelyasiya Məhkəməsində hakim olub.

Qeyd edək ki, sabiq hakim L.Nəbiyev barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Məhkəmə prosesi 6 oktyabrda davam edəcək.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …