Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / Problemli kreditlər silinə bilərmi? – ARAŞDIRMA

Problemli kreditlər silinə bilərmi? – ARAŞDIRMA

«Banklarda qeyri-işlək aktivlər probleminin aradan qaldırılması ən zəruri amildir. Problemli kreditlər silinməlidir. Gələcəkdə kredit portfelinin keyfiyyətinin yüksəldilməsi vacibdir».

Bu sözləri Azərbaycanda problemli kreditlərin durumunu şərh edən Dünya Bankının nümayəndəsi Angela Prigozhina deyib.

Problemli kreditlər silinə bilərmi? Bu pulu hardan alacaqlar? Bankların öz hesabına? Yoxsa bu pulu və ya bir hissəsini dövlət verəcək?

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı fevralın 24-də yerli mediaya verdiyi açıqlamada problemli kredit həcminin azaldığını bildirib. Ötən ilin yekunlarına istinad edən MBNP sədri bank sektorunda çətinliklərin artıq səngidiyini də söyləyib.

Əgər belədirsə, onda hökumət niyə problemli kreditləri silmək və ya hansısa formada borclulara güzəştə getmək istəmir?

İqtisadçı ekspert Samir Əliyev deyir ki, ümumilikdə götürəndə ötən il problemli kreditlərin həcmində ötən illə müqayisədə azalsa da, payında artım olub. Ekspertin sözlərinə görə, verilmiş hər 100 manatın 2015-ci ildə 6,9 manatı problemli kreditlərin payına düşürdüsə, 2016 –cı ildə bu rəqəm 9 manata yüksəlib.

Samir Əliyev deyir ki, bu son 12 ildə ən yüksək həddir. İqtisadçı ekspert bildirir ki, bankların vəziyyətinin pisləşməsinin səbəbi problemli kreditlərin həcminin artmasıdır. Ekspert çıxış yolu kimi hökumətin banklara yardım etməsini təklif edir.
Digər ekspert Natiq Cəfərlinin fikrincə, Rüfət Aslanlının bəyənatının altında başqa məqamlar yatır. Ekspert deyir ki, burda azalma formaldır. Natiq Cəfərli buna əsas kimi Beynəlxalq Bank ətrafında aparılan bank-kredit əməliyyatlarını görür. Onun sözlərinə görə, Dünya Bankının təklifinin hazırda reallaşması bir az çətin görünür. Ekspert deyir ki, problemli kreditlərin silinməsi hər hansısa mənbə hesabına baş verə bilər.

Natiq Cəfərlinin fikrincə, Azərbaycanda bankların böyük əksəriyyəti özəl sektora məxsus olduğundan borcların silinməsi ya dövlət büdcəsi, ya da Neft Fondu hesabına baş verə bilər. İqtisadçı bildirir ki, indiki halda hər iki variant mümkünsüz görünür. Ekspert qeyd edir ki, gün keçdikcə problemli kreditlərin həcmi artacaq və bu daha böyük problem yaradacaq. Ona görə də banklar , Mərkəzi bankla birlikdə bunun çıxış yolunun bir formulunu tapmalıdırlar.

Maliyyə-bank məsələləri üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov isə bildirir ki, hazırda həm Azərbaycan hökuməti, həm də Dünya Bankı bu məsələ ilə yaxından maraqlanır. Ekspert deyir ki, bu problemin həlli ilə bağlı artıq müəyyən fikirlər var.

Əkrəm Həsənov bildirir ki, bu problemin ədalətli həllinin tapılması üçün 3 prinsip var: 1. Həqiqətən borcunu ödəmək iqtidarında olmayan şəxslərin borcunun silinməsi; 2. Qərəzli şəkildə borcunu ödəməyənlərin məsuliyyətə cəlb olunması; 3. Borcunu ödəyə bilən, sadəcə devalvasiya nəticəsində borcunu əvvəlki qaydada ödəyə bilməyən şəxslərə güzəştlər tətbiq edilməsi.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, ötən ilin yanvarında problemli kredit həcmi 1 milyard 314, 6 milyon manat olub.

Beynəlxalq qurumlar və yerli ekspertlər problemli kreditlərin real həcminin doğru göstərilmədiyini bildirirlər. (Azadliq.org)

Həmçinin oxuyun

“Hər ay 2300 maaş, 15 min manat paket alırdım” – Sabiq nazirdən ETİRAF

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və …

Bir cavab yazın