Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Kriminal / Prezidentin inkişafına çalışdığı sektorları Rüfət Aslanlının qərarı iflic edir…

Prezidentin inkişafına çalışdığı sektorları Rüfət Aslanlının qərarı iflic edir…

Azərbaycanda 2016-cı il dekabrın 16-dan “Nağdsız hesablaşmalar haqqında” qanunun qəbul edilməsi, daha sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının bu barədə banklara göndərdiyi tövsiyə məktubu biznes sektoru ilə yanaşı QHT və media sektorunu da iflic edib.

Mətbuat orqanları, vətəndaş cəmiyyəti institutları bu absurd göstərişdən çıxılmaz duruma düşüb və üsyan püskürür. Qərarın tətbiq olunması çox uzun müddəti əhatə etməsə də, artıq media orqanlarını və real sektoru çökdürüb. Ölkə başçısının son illərdə keçirdiyi bütün müşavirələrdə qeyri-neft sektorunun inkişafı, sahibkarlığın müdafiə edilməsi, inkişafına dəstək və sairlə bağlı tapşırıqlar verməsinə, çox önəmli addımlar atılmasına baxmayaraq, sonuncu qərar bütün bunları zərbə altında qoydu. Vergi və gömrük sisteminin sadələşdirilməsi, sahibkarlığa qarşı yoxlamaların aradan qaldırılması kimi mühüm addımlardan sonra belə bir qanunun qəbulu faktiki olaraq sahibkarların əl-qolunu bağlayıb.
Çünki ölkədə nağdsız hesablaşmaların həyata keçirilməsi üçün infrastruktur demək olar ki, yox səviyyəsindədir. Bu istiqamətdə hazırlıq işlərinin görülməsi üçün real sektora heç bir aman tanınmayıb.

Image result for Rauf Arifoğlu
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu da bildirdi ki, yaranmış bu vəziyyət medianın durumuna da mənfi təsir göstərir: “Hazırda ölkənin biznes sektoru iflic vəziyyətinə düşüb. Bununla bağlı ən çox QHT-lərin səsi eşidilir, lakin qəzetlərin də vəziyyəti elə də yaxşı deyil. Maliyyə Bazarlarına Nəzarət Palatasından gələn məktub əsasında banklar artıq bizim öz pulumuzu da verməməyə başlayıblar. Azərbaycan Respublikası prezidentinin ölkədə yazılı mətbuatı ayaqda saxlamaq üçün ayırdığı qrantları belə dövlət büdcəsindən gələn maliyyə vəsaiti qismində qeyd edib, onlara da limit tətbiq edirlər və istifadəsinə məhdudiyyət yaradırlar. Bu, onsuz da ağır vəziyyətdə olan və kommersiya fəaliyyəti göstərən hüquqi şəxs olmasına baxmayaraq, heç bir biznes gəlirləri olmayan yazılı mətbuatı çətin duruma salır. Belə məlum olur ki, bir tərəfdən Azərbaycan Respublikası prezidenti ölkə mətbuatının ayaqda qalması üçün hər şeyi edir, ölkənin ən çətin vəziyyətində belə 33 qəzetə kifayət qədər ciddi yardımlar edir, digər tərəfdən məmur Rüfət Aslanlı prezidentin bu siyasətinə qarşı gedərək, bəlkə özü də bilmədən Azərbaycanın yazılı mətbuatını pis vəziyyətə salır. Biz neçə gündür ki, Beynəlxalq Bank və onun rəhbərliyi ilə mübahisə və münaqişə vəziyyətindəyik. Vergimizi verdikdən və bank xərclərimizi ödədikdən sonra hesabımızda qalan pulumuzu götürüb, onun əməkdaşlarımıza maaş olaraq verilməsini və ya digər xərclər üçün istifadə olunmasını təmin edə bilmirik. Bunun da səbəbi Maliyyə Bazarlarına Nəzarət Palatasından gedən və heç bir qanuni əsası olmayan tövsiyə məktubudur. Bununla bağlı hazırda media təmsilçiləri və ölkənin siyasi rəhbərliyi ilə aktiv müzakirələr aparmadayıq. Mən Prezident Administrasiyasına da bununla bağlı müraciət etmişəm. Hesab edirəm ki, bu vəziyyət dəyişməsə, həm biznes sektorunda, həm də yazılı mətbuat seqmentində vəziyyət olduqca pis olacaq. Buna görə də, mən həm ölkə rəhbərliyindən, həm də Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlıdan bu qərara yenidən baxılmasını xahiş edirəm”.
Qanuna düzəliş edilə bilərmi?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a bildirdi ki, bu qanunun qəbul edilməsi vacib olsa da, tətbiqi ilə bağlı müəyyən vaxt verilməli idi: “Çünki Azərbaycanda nağd hesablaşmaların miqdarı həddindən artıq çox idi. Nağdsız hesablaşmaların faizi isə çox aşağı idi. 70-80 faiz hesablamalar nağd formada, 20-30 faizi isə nağdsız formada aparılırdı. Ona görə də bu iqtisadiyyatda ciddi problem yaratmışdı. Bu səbəbdən belə bir qərar verildi. Bu qanunun qəbul edilməsi düzgün idi, amma buna hazırlıq lazım idi. Ən azından bir il müddət vermək lazım idi ki, hazırlıq görülsün, hər yerdə pul köçürmə yolu ilə, kartla, qəbzlə işləmək mümkün olsun. Ondan sonra bu qanunun tətbiqinə başlamaq olardı.

Image result for Vahid Əhmədov
Bu qanunun qəbul olunmasının ikinci səbəbi isə o idi ki, dövlət büdcəsindən investisiya layihələrinə ayrılan vəsaitlə bağlı problemlər var idi. Orada da nağdlaşdırmaya çox üstünlük verilirdi. Ancaq indi özəl sektorda elə şirkətlər var ki, dövriyyələri çox böyükdür. Məsələn, 100 milyon, 200 milyon dövriyyəsi olan şirkətlər var ki, onlar ayda 30 min manat çıxartmaqla heç nə edə bilməzlər. Mən hesab edirəm ki, bu qanunun icrası ilə əlaqədar müəyyən qədər vaxt vermək lazımdır. Limit qoyulan məbləğlə bağlı da müəyyən konsensusa gəlmək lazımdır ki, problem yaranmasın.
Yəqin ki, bu qanunun üzərində müəyyən iş aparılır. Biz Milli Məclisin iclasında da bu məsələyə toxunmuşuq. Cənab sədr Oqtay Əsədov da bu məsələ ilə məşğuldur və müəyyən qərarlar verilməlidir”.
Qanunun hüquqi legitimliyinə gəlincə, deputat bildirdi ki, dövlət maraqları üçün bu qanunun qəbulu vacib idi: “Pul vəsaiti faktiki olaraq mənim hesabımdadırsa, o mənim əmlakımdır və ona heç kim toxuna bilməz. Hüquqi cəhətdən məsələ belədir. Ancaq iqtisadi vəziyyət və dövlətin maraqları nəzərə alınarsa, belə bir qanun verilə bilər. Lakin onun icrası üçün müəyyən vaxt lazım idi”.
“MBNP-nin bu qərarının şok sirri…”

Related image
Hüquqşünas Əkrəm Həsənov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, qanun bankdan pul çıxartmaqla bağlı yox, nağd ödənişlə bağlı məhdudiyyət tətbiq edir: “Bu qanunda söhbət sahibkarların ödəniş edərkən xərclədiyi vəsaitə qoyulan məhdudiyyətdən gedir. Məsələn, sahibkar kiməsə ödəniş edirsə, onun yalnız 15 min manatını nağd şəkildə ödəyə bilər, ondan artıq vəsaiti isə köçürmə yolu ilə ödəməlidir. Ancaq həmin qanun demir ki, sahibkar bank hesabından da məhz bu qədər pul çıxara bilər. Vətəndaş bank hesabından istənilən qədər pul çıxara bilər, 1 milyon manat belə çıxara bilər. Sadəcə o çıxartdığı pulu kassasında saxlamalıdır. Yəni ay ərzində bu limitdən artıq nağd qaydada ödəniş etmək qadağandır.
Ancaq Maliyyə Bazarlarına Nəzarət Palatası özbaşınalıq edərək banklara belə bir məktub göndərib ki, ümumiyyətlə limitdən artıq pul çıxartmağa da icazə verməyin. Bu tövsiyə məktubunu da qeyri-rəsmi formada belə izah edirlər ki, əgər həmin hüquqi şəxs onsuz da ay ərzində 1 min və ya 30 min manatdan çox ödəniş edə bilməzsə, o pulu nə üçün çıxarır? Bu sualı vermək özü bir qanunsuzluqdur. Ona görə ki, Konstitusiyaya görə mülkiyyət hüququ qorunur. Mən özüm bilərəm ki, pulumu bankda saxlayıram, yoxsa ofisimdəki kassamda saxlayıram. Əsas odur ki, mən limiti pozmuram. İstənilən vaxt yoxlama keçirilsə və mənim limiti pozduğu ortaya çıxsa bununla bağlı məsuliyyəti mən daşıyacağam.
İkincisi, Mülki Məcəllənin “Bank” fəsli var, orada açıq-aşkar qeyd edilib ki, bank müştərinin bank hesabında olan pulun xərclənməsinə nəzarət edə bilməz. Bank soruşa bilməz ki, bu pulu niyə çıxardırsan, onunla nə edəcəksən. Onu soruşması qanunsuzdur. Ancaq MBNP-nin göstərişi ilə onu da soruşurlar. Bu vətəndaşın şəxsi işidir. Əgər pulu çıxarıb limitdən artıq nağd ödəniş etsə ona görə özü cavab verəcək. Qanun vətəndaşa bank hesabından istədiyi qədər pul çıxartmağı qadağan etmir”.
Bəs, Palata niyə belə edir?
Əkrəm Həsənov MBNP-nin bu addımı atmasının üç səbəbini önə çəkdi: “Birincisi, Palatanın bu əməli qanunsuzdur. Faktiki olaraq, bunu ona görə edir ki, bəzi bankların vəziyyəti çox pisdir. Kreditləri yığa bilmir, əmanətlər çıxarılır. Banklarda müəyyən qədər pul qalsın deyə , bunu edirlər.
İkincisi, palata dövlət büdcəsindən maliyyələşmir, bankların hesabına maliyyələşir. Buna görə də, burada şəxsi məqsədlər də güdür.
Üçüncü və ən vacib səbəb: İki həftə öncə bank qanunvericiliyinə çoxsaylı dəyişikliklər oldu. Həmin dəyişikliklərə əsasən Palata elə səlahiyyətlər əldə edib ki, istənilən bankı sağlamlaşdırma və sair adı ilə nəzarətə götürəndə bankın öhdəliklərinin icrasını dayandıra bilər. Bu da faktiki imkan yaradacaq ki, sonra banklar sahibkarların pulunu ümumiyyətlə qaytarmasınlar. Palata ciddi şəkildə buna hazırlaşır. Güman edirik ki, hazırda müflis həddində olan bir neçə bankı bir neçə ay sonra müflis elan edəcəklər. Sağlamlaşdırma, öhdəliklərin restrukzasiyası adı ilə həmin bankdakı pulları da qaytarmayacaqlar. Sonradan bunu elan edəcəklər. Sadəcə, bu prosesə hazırlaşdıqları üçün sahibkarları pullarını çıxartmağa qoymurlar ki, sabah o pulları ümumiyyətlə qaytarmasınlar”.
Bu qanun iqtisadiyyata hansı çətinliklər yaradıb?

Image result for Vüqar Bayramov
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov qeyd etdi ki, nağdsız hesablaşmaların genişləndirilməsi vacib addım olsa da, bu şəkildə həyata keçirilməməli idi: “Təbii ki, nağdsız hesablaşmaların genişləndirilməsinə ehtiyac var və əslində biz də nağdlı ödənişlərin optimallaşdırılmasının tərəfdarıyıq. Amma problem ondadır ki, bu qadağalar iqtisadiyyatın mövcud strukturuna uyğunlaşdırılmayıb. Bu səbəbdən biznes strukturları, sahibkarlar, QHT rəhbərləri bir sıra çətinliklərlə qarşılaşırlar. Birinci çətinlik odur ki, aylıq nağdlaşdırma ilə bağlı qadağalar iş adamlarının illik dövriyyəsinə uyğunlaşdırılmayıb. Yəni 250 min manat illik dövriyyəsi olan şirkət ilə dövriyyəsi 25 milyon manat olan biznes subyekti üçün limitlər eynidir. Halbuki limitlər 1 milyon manatadək, 1-5 milyon, 5-10 milyon və 10 milyon manatdan artıq dövriyyələr üzrə fərqləndirilməli idi.
Qanunun icrası zamanı yaşanan ikinci çətinlik odur ki, limitlər vəsaitin mənbəyinin mülkiyyət növü üzrə fərqləndirilməyib. Nəzərə alsaq ki, bu qadağaların əsasən şəffaflığın gücləndirilməsi məqsədi ilə tətbiq edildiyi bildirilir. O zaman büdcə vəsaitlərinə limit, özəl sektorun pullarına tətbiq edilən qadağalardan fərqli olmalıdır. Özəl sektora hesablaşma növündə daha böyük limitlər çərçivəsində sərbəstlik vermək lazımdır.
Üçüncü problem odur ki, qadağalar biznesi prosesə hazırlamadan tətbiq edilir. Əslində, daha yaxşı olardı ki, 2017-ci ildə nağdlaşdırma ilə bağlı limitlər dövlət vəsaitlərindən istifadəyə tətbiq edilsin və bu prosesə hazırlıq üçün ən azı biznesə 1 il vaxt verilsin”.
İqtisadçı onu da vurğuladı ki, qadağalar vəsaitlərin məqsədi üzrə də fərqləndirilməyib: “Məsələn, qeyri-neft məhsulları ixrac üzrə subsidiya alan sahibkar həmin vəsaiti yalnız limitlər daxilində nağdlaşdıra bilir. Halbuki, əvəzsiz ödənişlərə güzəşt tətbiq edilməli idi”.
Mövcud problemlərin həlli yollarından danışan V.Bayramov bildirdi ki, limitlərin tətbiqi ilə bağlı daha əsaslandırılmış yanaşmaya ehtiyac var: “Hamı üçün eyni ölçü prinsipi ilə qadağaların tətbiqi yanaşması deyil, vəsaitin mənbəyi, sahibkarlıq fəaliyyətinin növü, məqsədi, iqtisadiyyatın mövcud strukturu, qeyri-neft ixracı faktoru, qadağaların dövriyyə ilə əlaqələndirilməsi kimi meyarlara əsaslanan mexanizmlərin tətbiqinə ehtiyac var. Bu isə o deməkdir ki, limitlərə yenidən baxılıb artırılması şərti ilə dövlət büdcəsi vəsaitlərin istifadəsində qadağaların saxlanılaraq özəl sektor üçün ən azı növbəti 1 il müddətinə bu qaydaların tətbiqinin təxirə salınmasına ehtiyac var”.

Həmçinin oxuyun

Azərbaycanda ana 10 aylıq körpə qızını boğub öldürdü TƏFƏRRÜAT

Ağdam rayonunun Qərvənd kəndində 10 aylıq körpəsini öldürməkdə təqsirləndirilən Günel İsmayılovanın cinayət işi üzrə ibtidai …

Bir cavab yazın