Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Prezidentin illər öncəki çağırışları və məsuliyyət daşıyanlar

Prezidentin illər öncəki çağırışları və məsuliyyət daşıyanlar

Qulu İsmayılov: “Ona görə də islahatların aparılması dərinləşdirilməli və mövcud bürokratik əngəllər dərhal ortadan qaldırılmalıdır”

“Bunun da səbəbi sahibkarlığın bazasında azad sahibkarlığın deyil, inhisarçılıq mühitinin dayanmasıdır”

Hazırda dünyada neftin qiyməti kəskin şəkildə aşağı düşür. Təbii ki, neftin qiymətinin aşağı düşməsi bütün dünya ölkələrinə təsir etdiyi kimi, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Azərbaycanın dövlət büdcəsi də əsasən neft gəlirləri əsasında formalaşdığı üçün neftin qiyməti bizim üçün böyük əhəmiyyət kəsb edir.
Son illər, xüsusilə də 2011-ci ildən bu yana qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə əlaqədar müəyyən addımlar atılır. Dövlət büdcəsinə, ümumdaxili məhsulun strukturuna baxanda da görürük ki, artıq bu sahədə müəyyən irəliləyişlər var. 2011, 2012-ci illərdə qeyri-neft sektorunda hardasa 11-12 faiz inkişaf müşahidə olunub. Büdcə daxilolmalarında da qeyri-neft sektorunun payı artıb. Düzdür, bu daxilolmaların həcmi yüksək səviyyədə olmayıb. Azərbaycanda neftdən gələn gəlirləri əsasən qeyri-neft sektoruna yönəltməyin zəruriliyi son illər müntəzəm olaraq müxtəlif səviyyələrdə vurğulanıb. Bununla bağlı dövlət başçısı da lazımi siyasi iradə ortaya qoyub. Prezident tərəfindən aidiyyəti dövlət qurumları qarşısında bu istiqamətdə konkret tapşırıqlar qoyulub. Ancaq neftin qiymətinin kəskin aşağı düşməsi qeyri-neft sektorunun lazımı səviyyədə inkişaf etmədiyini ortaya qoydu. Prezident İlham Əliyevin 2007-ci ildən başlayaraq qeyri-neft sektorunun inkişafı üçün etdiyi çağırışların və verdiyi rəsmi qərarların arzuolunan səviyyədə həyata keçməməsinə görə hansı dövlət qurumları məsuliyyət daşıyır?
Məsələyə münasibət bildirən iqtisadçı Qulu İsmayılovun fikrincə, qeyri-neft sektorunun lazım olan şəkildə inkişaf etməməsində bir sıra səbəblər var:

“Təbiidir ki, bunu dövlətin qayğısının az olması ilə əlaqələndirmək olmaz. Bu istiqamətdə lazım olan səviyyədə işlər görülüb, çağırışlar olunub, hətta möhkəm qanunvericilik bazası da formalaşıb. Bunun yaranmasında başlıca səbəb bəzi dövlət qurumlarının zəif fəaliyyəti olub. Əsasən də qeyri-neft sektorunun inkişafına inhisarçılıq mane olub. Belə olmasaydı, o zaman xarici sərmayə hesabına indiyə qədər bir sıra istehsal və emal sahələri fəaliyyət göstərərdi. Təəssüflər olsun ki, mövcud inhisarçılıq bunu əngəlləyir. Nəticədə Azərbaycan bir sıra məhsulları xaricdən idxal etməli olur ki, bu da çox baha başa gəlir. Bu səbəbdən ölkə valyutası xaricə axır. Halbuki, bir sıra ölkələr daxili istehsalı təşviq etmək üçün xarici sərmayə ilə bağlı bir sıra güzəştlər qəbul edir. Bura vergi güzəştlərindən tutmuş, azad iqtisadi zonaların yaradılmasına qədər bir sıra məsələlər daxildir. Ancaq inhisarçı dairələr buna mane olaraq Azərbaycanda çoxşaxəli qeyri-neft sektorunun inkişafına əngəllər yaradır. 2014-cü ildə sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün ayrı-ayrı istiqamətlərdə müvafiq tədbirlərin görülməsi ilə bağlı göstərişlər verilib. Lakin bütün bunlara baxmayaraq, biz vəziyyətin yaxşılaşdığını deyil, əksinə, pisləşdiyini görürük. Bunun da səbəbi sahibkarlığın bazasında azad sahibkarlığın deyil, inhisarçılıq mühitinin dayanmasıdır.
İnhisarçılığın başında duran isə bəzi məmurlardır. Nə qədər ki, ölkədə bəzi məmurlar müəyyən təsir rıçaqlarını əlində saxlayır, qeyri-neft sektoruna xarici sərmayə axınından söhbət gedə bilməz. Ona görə də islahatların aparılması dərinləşdirilməli və mövcud bürokratik əngəllər dərhal ortadan qaldırılmalıdır. Buna şərait yaradan əsas qurumlar kimi isə Gömrük Komitəsi və Vergilər Nazirliyinin bəzi strukturlarının adını çəkə bilərik”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın