Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Kriminal / “Polis saxlasa, deyərsən, arvadımdır” – dostunu öldürməkdə ittiham edilir (Şok təfərrüat)

“Polis saxlasa, deyərsən, arvadımdır” – dostunu öldürməkdə ittiham edilir (Şok təfərrüat)

Bakıda dostunu öldürməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Qətlin sərxoş olan tərəflər arasında başlayan mübahisəyə görə baş verdiyi məlum olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham edilən 1981-ci il təvəllüdlü Əhmədov Bəxtiyar Arif oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Bəxtiyar Əhmədov dostu Fikrətin ölüm səbəblərindən danışıb.

Sərbəst ifadə verən Bəxtiyar əvvəlcə qətli törədib-törətmədiyini xatırlamadığını deyib.

O söyləyib ki, 13 illik dostu ilə mübahisə edib, buna səbəb isə mərhumun ona qarşı işlətdiyi ifadə olub.

“Biz neçə illərin dostuyuq. 5 manat tapanda da bölmüşük. Kiçik ticarətlə məşğul olurduq, rayonlardan heyvan da gətirib satırdıq. Bir-birimizə dəstək olurduq. Yaxşı, pis günümüz də bir olub. Mən onun uşağını məşqə aparırdım. Hər gün də işdən sonra görüşürdük. Çay içirdik, söhbət edirdik.

Elə həmin gün də işdən sonra Fikrət mənə zəng elədi. “Neftçilər”də restoranda oturmuşdu. Məni də dəvət elədi. Gedəndə gördüm ki, bir nəfər qızla oturub. Həmin qızı tanıyırdım, Fikrətlə sevgili idi. Onlar içki içirdilər, mən də onlarla əyləşdim. Çox içmədim. Hardasa 50-100 qram içmişdim. Fikrət mənə dedi ki, 10 manat lazımdır. Mən də verdim. Masadan durub gedəndə fikirləşdim ki, hesabı bağlamağa gedir. Gələndən sonra yenə də otuduq. Söhbət edib, çay içdik. Fikrət dedi ki, gedək. Mən də etiraz elədim. Çünki içkili idi. Dedim ki, yolda polis bizi saxlayacaq. Amma mənə qulaq asmadı. Biz dostuq, polis saxlasa, 500-600 cərimə yazacaqdı. Gərək yarısını da mən verərdim. Dedim ki, gəl, ayıq sürücü çağıraq, 5 manat verək bizi aparsın. Dedi ki, yox, özümüz gedək”- deyə təqsirləndirilən şəxs bildirib.

Bəxtiyar Əhmədov söyləyib ki, elə mübahisə də buradan başlayıb. O deyib ki, dostundan yolda polis saxlayacağı halda nə edəcəklərini soruşub. Dostu isə ona xoşagəlməz söz deyib:

“Mənə dedi ki, yolda polis saxlasa, mən özümü karlığa qoyacam. Sən də özünü lal kimi apar. Dedi ki, polisə söyləyərsən ki, arxada oturan da arvadımdır. Bu sözə çox əsəbləşdim. Dedim ki, nə danışdığını bilirsənmi? Buna görə mübahisə elədik. Yolda birinci məni düşürdəcəkdi. “Xalqlar dostluğu”nda parkın yanında saxladı. Mən maşından düşüb parka getdim. O da arxamca gəldi. Mən də əsəbi idim. Parka gələndə gördüm ki, əlində bıçaq var. Çox aqressiv hərəkət edirdi. Mən gözləyirdim ki, məndən üzrxahlıq edəcək. Etdiyi sözə görə üzr istəyəcək. Amma əksi oldu. Artıq gözləri bərəlmişdi, qışqırırdı. Məni vuracağını düşündüm. İki əlimlə onu qucaqladım ki, nəsə eləməsin. Sonra onu itələdim. Əlimdən çıxan kimi çox sürətlə qaçdı. Mən də maşına tərəf getdim. Maşını yolun kənarına çəkdim, qızı da taksi ilə yola saldım. Özüm də evə getdim. Onu vurduğumu bilmirəm. Nəinki onu öldürmək, heç ona xəsarət yetirmək niyyətim də olmayıb”.

Sualları cavablandıran Bəxtiyar Əhmədov həmin gün narkotik vasitə çəkdiklərini də söyləyib: “Restoranda məndən 10 manat aldı. Dedim, bəlkə hesabı bağlamağa gedir. Qayıdıb gələndə cibindən marixuana çıxardı. Bir siqaretdən də kiçik idi. Yandırdı, bir tüstü mən çəkdim, sonra qıza verdim, sonra da Fikrət çəkdi”.

Bəxtiyar Əhmədov suallara cavabında dostu ilə mübahisəsinin ilk dəfə olduğunu deyib.

Mərhumun və özünün də üzərində bıçaq gəzdirməsi ilə bağlı da sualı cavablandıran Bəxtiyar bunları deyib: “Fikrətin üstündə həmişə bıçaq olurdu. Mən də hərdən, rayona mal gətirməyə gedəndə bıçaq götürürdüm”.

İttihamda hadisənin təfərrüatı haqda yazılır ki, mərhum Bəxtiyara “polisə arxada oturan qızın arvadın olduğunu deyərsən” sözündən sonra mübahisə ediblər. Bəxtiyar buna etiraz edəndə Fikrət “guya sənin arvadın ondan artıqdır?” deyə cavab verib. Bu isə mübahisənin böyüməsinə səbəb olub. Nəticədə də cinayət hadisəsi baş verib.

Qeyd edək ki, Bəxtiyar Əhmədov dostu Fikrət Salmanovu öldürməkdə təqsirləndirilən və ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …