Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Kriminal / Peqova qarşı cinayət işi – təhvil verilməsə, özümüz…

Peqova qarşı cinayət işi – təhvil verilməsə, özümüz…

Respublika Prokurorluğu Rusiya vətəndaşları olan “WarGonzo” layihəsinin müəllifi Semyon Vladimiroviç Peqov və Yaxın Şərq və Orta Asiya Araşdırmaları Mərkəzinin direktoru Semyon Arkadeviç Baqdasarov barəsində cinayət işi açıb. Buna səbəb də hər iki şəxsin “SolovyovLive” verilişində “Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi” mövzusunda birgə apardıqları videoformatlı müzakirə zamanı ermənilərin məğlubiyyətlə barışmayaraq Qarabağdakı Azərbaycan əsgərlərinə hücumlar edilməsi, müxtəlif döyüş əməliyyatlarının hazırlanması, partizan müharibəsinin başlayacağı barədə proqnozlar vermələri, bununla bağlı müəyyən məlumatlarının olması və müxtəlif üsullarla təxribat xarakterli ifadələrə yol vermələridir.

Qeyd edək ki, Azərbaycanın təcrübəsində milli mənafelərimizə zidd hərəkətlərə yol verən xarici ölkə vətəndaşlarından bəzilərini ölkəmizə gətirib mühakimə etməsi halları var. Xatırlayırsınızsa, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan blogger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olduğu üçün 2017-ci ilin fevralında Belarusda qandallanaraq ölkəmizə gətirilmiş və barəsində məhkəmə hökmü də çıxarılmışdı. Sonradan yalvarışlarından sonra Azərbaycan dövləti humanist mövqeədən çıxış edərək, onu azadlığa buraxmışdı.

Məhz sadaladığımız bu faktlardan çıxış edərək, Peqov və Baqdasarovu da eyni taleyin gözlədiyini söyləmək olar.

Elşən Mustafayev: “Müxalifətçiliyi monopoliyaya almaq yolverilməzdir” -

Elşən Mustafayev

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev hər iki şəxsin məsuliyyətə cəlb olunmalarını mümkünsüz saymır: “Əksər ölkələrin hüquq sistemində terrora, milli, irqi ekstremizmə çağırışlar, eyni zamanda terroru dəstəkləmək, təbliğ etmək cinayət məsuliyyəti yaradır və dünyada bu cür şəxslərin, informasiya vasitələrinin cəzalandırılmasının şahidi çox olmuşuq. 44 günlük Vətən müharibəsi gedişində bir çox ölkələrdə bizə qarşı bu səpkili təbliğat aparanlar var idi. Hesab edirəm ki, dövlətin müvafiq qurumları bunların monitorinqini aparmalı, həmin şəxslər haqqında cinayət işi qaldıraraq mənsub olduqları ölkələrə müraciət etməli və interpol vasitəsilə axtarışa verməlidir. Bu gün hamımızın daha çox izlədiyi, sosial şəbəkələrdə qarşımıza daha çox çıxan Rusiya vətəndaşı olan ayrı-ayrı insanların cinayət xarakterli çıxışlarıdır. Təbii ki, Rusiya hüquq-mühafizə orqanları onları bizə təhvil verməyəcəklər. Ancaq biz bütün hüquqi prosedurları keçməliyik ki, həmin şəxslərin gələcəkdə həbs olunmasını həyata keçirə bilək. Bu gün Semyon Peqov, Baqdasarovla bərabər terrora çağırış edən digər insanlar da var ki, onların da haqqında qərarlar vermək lazımdır. Hadisələr dövründə və bu gün də onlar öz cinayətkar fəaliyyətlərini davam etdirirlər. Məsələ ondadır ki, onların əksəriyyəti sıravi vətəndaşlar deyil. Məsələn, Rusiyada media maqnatı kimi tanınan, bir çox çap və mətbuat qurumlarının rəhbəri olan ”İzvestiya”nın sahibi Aram Qabrielyanovun açıqlamaları həm Rusiya, həm də Azərbaycan qanunlarına görə cinayət tərkibi daşıyır. Dediyim kimi, belə adamların sayı az deyil və biz hüquqdan gələn öhdəliklərimizi yerinə yetirməklə onları axtarışa verməliyik. Sabah onlar bizimlə yaxşı münasibəti olan, yaxud münasibətlərin inkişafında maraqlı olan hansısa başqa bir ölkənin ərazisində olarkən həbs olunub bizə təhvil verilə bilərlər. Lapşin məsələsini unutmaq olmaz. Bildiyiniz kimi, o, Rusiya vətəndaşı idi, axtarışda olduğu üçün Belarusda həbs edilib, Azərbaycana ekstradisiya edildi”.

Əsabəli Mustafayev: “Ermənistana və Paşinyana qarşı beynəlxalq sanksiyalar  tətbiq edilə bilər”

Əsabəli Mustafayev

Tanınmış vəkil Əsabəli Mustafayev: “Bu iş hüquqi müstəvidə aparılır. Belə də olmalıdır. Cinayət işindən çıxarışlar Rusiya Baş Prokurorluğuna göndərilir. Xahiş olunur ki, həmin şəxs orada həbs edilərək, Azərbaycana təhvil verilsin. İndi bunun baş tutub-tutmayacağı barədə nəsə deyə bilmərəm. Çünki bir çox ölkələrdə, o cümlədən Azərbaycanda belə bir qayda var ki, ölkə vətəndaşı digər ölkəyə təhvil verilə bilməz. Ancaq özü o şəxs barəsində cinayət işi apara bilər. İndi burada ola bilər ki, Rusiya Baş Prokurorluğu desin ki, siz o materialları verin, özümüz onun məsuliyyətə cəlb olunmasını, cinayət əməlinin istintaqının aparılmasını və məhkəməyə göndərilməsini təmin edəcəyik. Açığı, bu mənə daha çox inandırıcı gəlir. Çünki biz tərəf də elə edir. Yəqin ki, onlar haqqında artıq məhkəməyə təqdimat var. Barələrində həbs-qətimkan tədbiri qərarı çıxarılıb və axtarış elan olunub. Əgər hər hansı bir sərhədi keçəndə ”İnterpol” tərəfindən tutulsalar və Azərbaycana təhvil verilsələr, bu asan olacaq. Onlar Rusiya tərəfindən ya Azərbaycana təhvil verilməlidirlər, ya da bu cinayət işinin tədqiqatı orada aparılmalıdır. Mənə daha çox inandırıcıdır ki, bunu xahiş və tələb etmək olar ki, onların törətdiyi cinayət əməlinə hüquqi qiymət verilsin”.

Əlövsət Allahverdiyev 1905.az

Əlövsət Allahverdiyev

Hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev də Rusiyanın vətəndaşlarını ölkəmizə təhvil verəcəyinə inanmır: “Peqov müharibənin şiddətli vaxtında Hadrutda əvvəllər çəkilmiş kadrları yayımlayıb deyirdi ki, həmin ərazilər hələ də ermənilərdədir. Yalan informasiyalarla cəmiyyəti çaşdırmağa çalışırdı. Azərbaycan vətəndaşlarında inamsızlıq yaratmaq cəhdləri təbii ki, baş tutmayacaqdı. Amma Rusiya və Ermənistanı bu cür yalan informasiyaları ilə aldada bildi. Azərbaycan Xarici İşlər Nazirliyi və Baş Prokurorluğu dəfələrlə digər ölkələrə müraciət edib ki, işğal altındakı ərazilərinə Azərbaycanın icazəsi olmadan heç kim səfər etməsin, sərhədi keçməsin, əks halda, müvafiq tədbirlər görüləcək. Gördüyünüz kimi, bu adam sərhədi qanunsuz keçib Azərbaycan ərazisində at oynadırdı, döyüş meydanındakı uğurlarımıza kölgə salmağa çalışırdı. Bu azmış kimi, Moskvada yayımlayan verilişə çıxıb ağlasığmayan fikirlər səsləndirir. Cinayət işi əsasında həmin şəxsi əgər Rusiya Azərbaycana təhvil verməsə belə, Azərbaycan qanunlarını pozduqları üçün onları mühakimə etməlidir. Ölkəmiz ekstradisiya haqqında konvensiyaya qoşulan zaman orada bir qeyd var ki, Azərbaycan öz vətəndaşlarını mühakimə olunmaq üçün başqa ölkəyə vermir. Yəni vətəndaşı cinayət edibsə, onu özü mühakimə edir. Bundan çıxış edərək, ola bilsin ki, Rusiya həmin şəxsləri Azərbaycana təhvil verməsin. Amma bu o demək deyil ki, bu adam məsuliyyətdən yaxa qurtarsın. Milli qanunvericilik səviyyəsində bu şəxs cəzalandırılmalıdır ki, başqasına da bu bir nümunə olsun”.

Həmçinin oxuyun

“Şərurlu İsfəndiyar”la bağlı yeni xəbər

2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş, külli miqdarda mənimsəmədə təqsirləndirilən …