Ana səhifə / Kriminal / “Pandemiya vaxtı rəis dedi ki, yer tap, asetrin yemək istəyirəm” – MN-dəki 9 milyonluq yeyinti işi

“Pandemiya vaxtı rəis dedi ki, yer tap, asetrin yemək istəyirəm” – MN-dəki 9 milyonluq yeyinti işi

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin təftiş şöbəsinin sabiq rəisi Rafael Xələfovun ailə sürücüsü olan Ramin Quliyev ifadə verib.
Şahid deyib ki, Rəşad Məlikzadədən heç zaman pul götürməyib, kiməsə pul verməsinin də şahidi olmayıb.
Təqsirləndirilən Rəşad Məlikzadənin suallarına cavab olaraq Ramin Quliyev deyib ki, Rafael Xələfova çatması üçün paylar götürsə də, puldan xəbəri olmayıb.
Bundan sonra Rəşad Məlikzadə xarici ölkədən gələn zaman Rafael Xələfova çatması üçün həm pul, həm də hədiyyələr verdiyini deyib.
Şahid isə bildirib ki, bir dəfə Rəşad Məlikzadədən Rafael Xələfova çatması üçün bəzəkli qutuda şokolad və konyak alıb, amma pul almayıb.
Bu zaman Rəşad Məlikzadə şahid Ramin Quliyevə “vicdan yaxşı şeydir, həqiqəti danış” deyə müraciət edib.
Şahid isə vicdanla danışdığını, həqiqəti dediyini bildirib.
Daha sonra şahid qismində təqsirləndirilən şəxsin qonşusu olmuş Emin İbrahimov dindirilib.
Şahid deyib ki, brend geyimlərin satışı ilə məşğul olub və mağazası var:
“Rafael Xələfovu da Rəşad Məlikzadənin vasitəsi ilə tanımışam. Rəşad Rafaeli tanış edən zaman dedi ki, rəisimdir, gələndə ona pal-paltar verərsən. Sonradan Rafael Xələfov mağazaya gələrək pal-paltar seçərək aldı. Amma pul barədə mənimlə heç bir söhbət etmədi. Sonradan həmin malların pulunu Rəşad çatdırıb. Rafael Xələfov müxtəlif vaxtlarda ümumilikdə 25-30 min manatlıq paltar alıb. Rafael Xələfov paltar alanda pul verməyi təklif etməyib. Rəşad Məlikzadə tapşırdığı üçün biz də istəməmişik. Amma pul versəydi, götürərdik. Sonradan pulu bizə Rəşad Məlikzadə verib”.
Şahid daha sonra ifadəsində qeyd edib ki, pandemiya dövründə Rəşad Məlikzadə ona yeyib-içməyə yer tapmasını istəyib:
“Rəşad rəisi Rafael Xələfovun ürəyi asetrin balığı istədiyini dedi. Həmin dövrdə pandemiya ilə bağlı hər yer bağlı idi. Heç yer işləmirdi. Tək-tük yerlər gizli işləyirdi. Mən də Rəşad Məlikzadənin təklifi ilə onları bir tanışımın yerinə apardım. Orada onlar yeyib-içdilər. Mən isə içmədim. Həmin zaman Rəşad Məlikzadə mənə dedi ki, maşında 200 min manat pul var, maşının ətrafında nəzarət edim, yoxsa oğurlayarlar. Buna görə də maşının ətrafında nəzarət etmişəm. Onlar yeyib-içəndən sonra birlikdə evinin qarşısına gəldik. Orada Rəşad Məlikzadə ilə Rafael Xələfovla öpüşüb-görüşərək ayrıldılar. Onların arasında olan başqa söhbətlərdən xəbərim olmayıb”.
Prosesdə şahid qismində nazirliyinin təftişçi işləmiş Həsən Paşayev də ifadə verib. Onun sözlərinə görə, 2020-ci ilin mayında xüsusi tapşırıq əsasında Rəşad Məlikzadədən aldığı 200 min manatı nazirliyə çatdırıb.
Prokurorun suallarını cavablandıran şahid deyib ki, Rəşad Məlikzadədən cəmi bir dəfə xüsusi tapşırıqla pul alıb. Onun sözlərinə görə, işlədiyi dövrdə başqa-başqa yerlərdən xüsusi tapşırıqla 5-6 dəfə pul alıb və həmin pulları nazirliyə çatdırıb.
Daha sonra Həsən Paşayevin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli hissələri elan edilib. Həmin ifadədən məlum olur ki, xüsusi tapşırıqla alınan pullarla Rövşən Əliyev məşğul olub: “Rövşən Əliyev rəhmətə gedəndən sonra isə bu işləri görməyi Rafael Xələfov mənə tapşırıb”.
Proses fevralın 28-də davam etdiriləcək.
İttihama görə, Rəşad Məlikzadə 2017-2018-ci illərdə “N” saylı hərbi hissədə maliyyə xidmətinin rəisi, 2018-2022-ci ilin fevralın 10-dək olan müddətdə isə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi vəzifəsində işləyib. Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib.
Məlum olub ki, istintaqın əvvəlində 9 milyon manatdan çox mənimsəmədə ittiham olunan Rəşad Məlikzadəyə ziyanı ödəməsi üçün ilk vaxtlar fürsət verilib, sonradan xüsusilə külli miqdar təşkil edən ziyanın ödənilməsi ləngidiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs bu günə kimi 9 milyon 369 min manat vəsaitin cəmi 150 min manatını ödəyib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, təqsirləndirilən şəxsin barəsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalar zamanı cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. APA

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …