Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Kriminal / Özünü polis kimi təqdim edib cinayətkar dəstə yaratdı: “Oğlunuz narkotiklə tutulub” – TƏFƏRRÜAT

Özünü polis kimi təqdim edib cinayətkar dəstə yaratdı: “Oğlunuz narkotiklə tutulub” – TƏFƏRRÜAT

Özünü polis əməkdaşı kimi təqdim edərək cinayətkar dəstə yaradan şəxs hakim qarşısına çıxarılıb. Onun cəzası qismən azaldılıb.

Belə ki, 1977-ci il təvəllüdlü Cəlilabad şəhər sakini Əhmədli Xaqani Mirnizami oğlu Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xaqani Əhmədli Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2-ci (dələduzluq; təkrarən törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilinib.

İttihama görə, Xaqani Əhmədli adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə, habelə özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə vətəndaşların hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər edib.

O, bu cinayətləri tanışları Sübhan İsayev, Cavid Qurbanov, Şahin Mahmudov, Bəhrəm Kərimov, Zamiq Rzayevlə birlikdə törədib.

İttihamda göstərilir ki, Sübhan İsayev Xəyal Həsənovu avtomobilini ona satacağına inandırıb aldadaraq Xaqani Əhmədlinin evinin həyətinə aparıb. Orada cinayətkar qrupun yuxarıda qeyd olunan digər üzvləri Xəyal Həsənovu mobil telefondan istifadə etmək və ailə üzvləri ilə əlaqə saxlamaq imkanlarından qanunsuz məhrum edib, əllərini kəndirlə bağlayıblar.

Daha sonra Xaqani Əhmədli Xəyal Həsənovun anası Səliqə Quliyevaya zəng vurub özünü Xəyalın dostu kimi təqdim edib. Bildirib ki, Xəyal Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsinin regional şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə alarkən saxlanılıb. Bu məqsədlə Xəyalın anasından 5 min manat alıblar.

Bundan əlavə, Xaqani Əhmədli özünü vəzifəli şəxs kimi təqdim edərək özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib. Onlar qrup şəklində Balaxan Əliyevin Yardımlı rayonunun Gendərə kəndində yerləşən həyətinə gedərək özlərini Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin əməkdaşları kimi təqdim ediblər.
Bildiriblər ki, guya keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Balaxan Əliyevin oğlu Rabil Əliyevi narkotik vasitə satarkən saxlayıblar. Buna görə də ondan 5 min manat tələb ediblər.

Planın davamı olaraq Cəlilabad şəhərində yerləşən “Okean” kafesinin yanında 5 min manat məbləğdə pulu Balaxan Əliyevdən almalı imişlər. Lakin Balaxan Əliyev onların polis olamdığını bilib və həmin məbləği verməkdən imtina edib. Onun şikayəti əsasında dəstə üzvləri saxlanılıb. 
Dəstənin digər üzvlərinin hər biri 3-4 il müddətinə azadlıqdan məhrum ediliblər. Xaqani Əhmədli aldığı cəzadan narazı qalaraq apellyasiya şikayəti verib.

Şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılıb.

Xaqani Əhmədlinin vəkili apellyasiya şikayətində bidlirib ki, müdafiə etdiyi şəxsin əməlində adam oğurluğu cinayətinin əlamətləri mövcüd deyil. Vəkil bu maddə ilə Xaqani Əhəmdliyə bəraət verilməsini, digər əməllərinə görə isə yüngül cəza təyin edilməsini xahiş edib. 
Dövlət ittihamçısı isə vəsatətin təmin edilməməsini istəyib.

Məhkəmə tərəfləri dinlədikdən sonra qərara alıb ki, apellyaysiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası belə qənaətə gəlib ki, Əhmədli Xaqaninin əməlindən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslərlə barışması yüngülləşdirci hal kimi qiymətləndirilməlidir.

Bunu nəzərə alan məhkəmə Xaqani Əhmədlinin cəzasını 3 il 6 aydan 3 ilə endirib. (Musavat.com)

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …