Şənbə , Dekabr 3 2022
Ana səhifə / Kriminal / Özünü “12-ci imam” adlandıran şəxsin məhkəməsi: “İtaət edib, onun “qul”u olmuşam”

Özünü “12-ci imam” adlandıran şəxsin məhkəməsi: “İtaət edib, onun “qul”u olmuşam”

Özünü 12-ci İmam Mehdi kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, Aqil Babayev həbs olunana kimi tikinti sektorunda fəaliyyət göstərib.
Bildirilib ki, A.Babayev bundan qabaq məhkumluq həyatı yaşayıb. Hazırda isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində müalicə alır.
Məhkəmədə zərərçəkmişlər prosesin qapalı keçirilməsini istəyib. Bildirilib ki, onların barələrində sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yayılır.
Təqsirləndirilən şəxsin vəkilləri də eyni vəsatətlə çıxış edərək bildiriblər ki, işdə ailə sirri ilə bağlı məlumatlar olduğuna görə qapalı keçirilməsi lazlmdır.
Təqsirləndirilən şəxsin vəkili Elnur Quliyev müvəkkilinin barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib.
A.Babayevin digər vəkili Əli Hüseynov bildirib ki, Aqil həbs olunan zaman bağından 9 milyon manat pul götürülüb. Bununla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə də məlumat verilib.
Aqil Babayevin digər vəkili Eldəniz Quliyev zərərçəkmişləri ittiham edib.
Bu zaman məhkəmədə qalmaqal yaranıb. Zərərçəkmişlər təqsirləndirilən şəxsi lənətləyiblər. Zərərçəkmişlərdən biri deyib ki, 16 yaşından Aqil Babayevi “İmam” kimi itaət edib, onun “qul”u olub. Hətta zərərçəkmişlərdən daha bir neçəsi evini sataraq ona verdiyini deyiblər.
Müşavirədən sonra hakimlər vəsatətlərə münasibət bildiriblər.
Qərara görə, məhkəmə iclasının qapalı keçirilməsi barədə vəsatət təmin edilməyib.
Həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət də təmin olunmayıb.
Məhkəmənin baxış iclası avqustun 2-nə təyin edilib.
Qeyd edək ki, Aqil Babayev 2 milyon 500 min manat miqdarında zərərçəkmişlərə ümumilikdə ziyan vurub.
İttihama görə, Aqil Babayev inanclı insanlar arasında özünü zühur etmiş “12-ci İmam Mehdi” kimi təqdim edib.
Təşkil etdiyi dini məclislərdə Aqil Babayev guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib.Bu yollarla insanları təsiri altına salan Aqil Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yaradıb.
Hətta Aqil Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib, onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb. Topladığı vəsaitlər hesabına Aqil Babayev xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb.
Aqil Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.
Aqil Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, Aqil Babayev “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.
Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Həmçinin oxuyun

İntim videoları yayılan FHN polkovnikinin istintaqı YEKUNLAŞDI

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyevin cinayət …