Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Özəlləşdirmə çekləri yenidən tədavülə qayıda bilər

Özəlləşdirmə çekləri yenidən tədavülə qayıda bilər

Milli Məclisin sonuncu  iclasında özəlləşdirmə çeklərinin yenidən tədavülə cəlb edilməsi təklif olunub. Bu təkliflə deputat Zahid Oruc çıxış edib. O,  deyib ki, Azərbaycanda hazırda çoxu sayda müəssisələr özəlləşdirməyə çıxarılır. Bu baxımdan keçmişdə əhaliyə verilən özəlləşdirmə çekləri ilə bağlı məsələyə qayıtmalıyıq. Özəlləşdirmə çekləri yenidən tədavülə buraxılmalıdır.
“Yeni Müsavat” olaraq biz daha bu mövzuya toxunaraq, özəlləşdirmə çeklərinin hazırki iqtisadi durumda dövriyyəyə buraxılmasının əhəmiyyətini öyrənməyə çalışdıq.
İlk növbədə deputat Zahid Orucla əlaqə saxlayıb, bu təklifin hansı zərurətdən doğduğunu öyrənməyə çalışdıq.
Məclis üzvü bildirdi ki, özəlləşdirmə prosesindən vətəndaşların da faydalanmasını təmin etmək üçün bu çeklərin yenidən tədavülə buraxılması çox əhəmiyyətlidir: “Postsovet məkanı ölkələrinin əksəriyyətində birinci özəlləşdirməyə münasibət birmənalı olmadı. Əvvəlki dövrdə yaradılmış xalq mülkiyyətinin özəl sistemə keçirilməsinin formaları müxtəlif oldu. Bu səbəbdən bir çox vətəndaşlar keçmişdə yaratdıqları sərvətdən öz paylarını götürə bilmədilər. Məsələnin ikinci tərəfi isə, qeyd etdiyimiz mexanimzlərin necə ədalətli olduğunu dəyərləndirmədən qanunvericilikdə bu prosesdə iştirak imkanlarının tanınmasıdır. Bildiyiniz kimi, bizdə bu 90-cı illərin ortalarından başlandı, həmin əmlakın 60 faizə qədərinin özəlləşdirilməsi elan edildi. Bunun müqabilində insanların həmin prosesdə iştirakına hüquqi təminat məhz qeyd etdiyimiz çeklərlə verildi. Onun dəyəri isə həmin dövrdə 32 milyon manat səviyyəsində qiymətləndirilmişdi. Həmin dövrdə artıq çeklər tədavül vasitəsinə çevrildilər. Onun dəyəri maddi ekvivalentdə qəbul olundu, bazarı yarandı.
O vaxtkı Əmlak Komitəsinin rəhbərliyi bu məsələ ətrafında xeyli ajiotaj yaratdılar. Bir dövrdə gerçəkdən özəlləşdirmədə vətəndaşa yaşıl işıq yandıran mühüm bir təminat bazasına çevrildi. Lakin sonrakı dövrdə özəlləşmənin başqa yolları tapıldı, ictimai kompaniyalar azaldı. İnsanların sərəncamında olan çeklər də lazımsız ev əşyalarına çevrildilər. Ancaq insanlar onları atmayıblar. 2012-ci ilə qədər hər il çeklərin müddəti uzadıldı. Hazırda dövlət tərəfindən özəlləşdirmənin ikinci mərhələsi elan olunub, 323-dən artıq müəssisənin özəlləşdiriləcəyi gözlənilir. Lakin burada iştirak forması yalnız manatla tanınır. Bu bir tərəfdən keçmiş qanunlar arasındakı varisliyi qoruyub saxlamaq mövqeyidir, həm də bu çekləri saxlayan  insanların hüquqlarına hörmətsizlikdir. Bu baxımdan mənə olunmuş müraciəti Milli Məclisdə səsləndirdim. Ümid edirəm ki, bu mesaj lazımi qurumlara çatacaq”.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov da “Yeni Müsavat”a danışarkən həmkarının təklifini  dəstəklədi: “Hazırda özəlləşdirmə prosesi gedir. İkinci özəlləşdirmə dalğasına start verilib. Artıq 4 obyekt özəlləşdirilib. Özəlləşdirmə çeklərinə gəlincə, onların vaxtı bitib. Onları yenidən dövriyyəyə buraxmaq üçün  mütləq dövlət başçısının sərəncamı olmalıdır. Hələ ki, elə bir sərəncam yoxdur. Ancaq məndə olan məlumata görə əllərdə çeklər çoxdur. Həmin çeklərdən istifadə qaydalarına Əmlak Komitəsi baxmalıdır. Hələ ki, əlavə çeklərin buraxılmasına ehtiyac  yoxdur. Söhbət o çeklərdən gedir ki, evlərdədir və insanlar ondan istifadə edə bilmirlər”.
Bu mövzuda dəyərləndirmə aparan iqtisadçı ekspert Qubad İbadoğlu isə bildirdi ki, çeklərin yenidən tədavülə buraxılması üçün prezident fərmanı olmalıdır: “Çeklərin əsas funksiyası ondan ibarət idi ki, dövlət əmlakının ümumxalq mülkiyyəti olduğunu nəzərə alaraq onun vətəndaşlar arasında bölgüsü təmin edilsin. Vauçerlər, özəlləşdirmə çekləri müxtəlif ölkələrdə fərqli qaydalarda tətbiq olunur. Azərbaycanda da bu çeklər ona görə paylanmışdı. Sadəcə olaraq bu çekləri alan vətəndaşların bir çoxu gözləyirdi ki, ölkədə elə müəssisələrin özəlləşdirilməsi baş versin ki, daha rentabelli və gəlirli olsun. Səhmdar olaraq oradan daha çox mənfəət əldə etsin. Lakin həmin vətəndaşların gözləntiləri baş vermədi. Ona görə də onlar hələ də o çekləri istifadə etməyiblər. İndiki halda o çeklər üzərində bitmə tarixi olan bir sənəd deyil, qiymətli kağızdır. Onun başa çatması prezidentin fərmanı ilə müəyyənləşdirilir. Çeklərin tədavül müddəti başa çatıb. Ancaq əhalidə çeklər qalıb. Ölkədə özəlləşdirmə gözlənilir.
Bir çox iri müəssisələrin , o cümlədən Beynəlxalq Bankın özəlləşdirilməsi gündəmdədir. Xidmət sektorundakı bir çox müəssisələrin, qaz, elektrik enerjisi müəssisələrinin özəlləşdirilməsi gözlənilir. Ancaq bu özəlləşdirmə formaları fərqlidir. Əgər həmin şirkətlərin birbaşa alıcıya satılması baş verərsə, burada çeklərdən sitifadə oluna bilər. Yox, əgər o şirkətlər idarəçiliyə verilərsə, bu formada özəlləşdirmədən istifadə imkanları demək olar ki, məhduddur. O baxımdan özəlləşdirmənin hansı formasının seçilməsindən çox şey asılıdır. Eyni zamanda bununla bağlı prezident fərmanı olmalıdır. Çünki bu daha öncəki fərmanla tədavül müddəti bitmiş qiymətli kağızdır”.

Həmçinin oxuyun

Vardanyan Bakı həbsxanasında aclıq aksiyasına başladı

Bakıda həbsdə olan qondarma Dağlıq Qarabağ Respublikasının “dövlət naziri” olmuş Ruben Vardanyan aclıq aksiyası keçirir.Bu …

Bir cavab yazın