Cümə , Fevral 3 2023
Ana səhifə / Kriminal / “Övladlarımızın qanı yerdə qalmamalıdır” – Polkovnikin adının hallandığı qəza ilə bağlı ölkə rəhbərliyinə şikayət olundu (VİDEO)

“Övladlarımızın qanı yerdə qalmamalıdır” – Polkovnikin adının hallandığı qəza ilə bağlı ölkə rəhbərliyinə şikayət olundu (VİDEO)

2022-ci ilin 8 oktyabr tarixində Sabunçu rayonu ərazisində baş verən qəza nəticəsində həlak olan gənclərin valideynləri ötən həftə Baş Prokurorluğun önündə etiraz aksiyası keçiriblər.

Azinforum.az “Azad Media”-ya istinadla xəbər verir ki, sözügedən tarixdə baş vermiş qəza nəticəsində 2 gənc həlak olub, bir nəfər isə ağır bədən xəsarətləri alaraq koma vəziyyətinə düşüb. 

Həlak olan şəxslərin valideynləri qəzanı törədən şəxsin əvvəllər yüksək vəzifədə olduğunu, bu səbəbdən də işə düzgün baxılmadığını, cinayət materiallarının təhrif olunduğunu bildirirlər. Qəzanı törədən şəxsin sabiq Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki, Azərbaycanın Ukraynadakı sabiq səfiri Tələt Əliyevin qohumu Əliyev Elşən Helmi oğlu olduğu deyilir. 

Valideynlərin sözlərinə görə, o, sürət həddini aşaraq qəza törədib, daha sonra isə həmin ərazidən uzaqlaşdırılıb. Həmçinin, cinayət işindəki videomaterialların montaj edilərək, dəyişdirildiyi iddia olunur. 

Həlak olan şəxslərin valideynləri Baş Prokuroluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayevlə görüşdüklərini bildirirlər: “Natiq bəy hadisələrin yenidən araşdırılacağına söz verib. Bizim tək istəyimiz övladlarımzın qanının yerdə qalmamasıdır. Bir valdieyn kimi, ölkə rəhbərliyindən, Baş Prokur Kamran Əliyevdən və digər aidiyyatı qurumlardan xahiş edirik ki, bu işə düzgün və obyektiv şəkildə baxılsın”.

Xatırladaq ki, oktyabrın 8-də Sabunçu rayonunda – Bilgəh-Nardaran yolunda “Range Rover” markalı avtomobillə “KİA” markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər həlak olub, bir nəfər isə ağır xəsarət alıb. Bildirilib ki, hadisə “Range Rover” markalı avtomobilin yüksək sürətlə idarə edilməsi səbəbindən baş verib, nəticədə “KİA”da olan 2 gənc dünyasını dəyişib.

Həmin vaxtı yayılan məlumatla bağlı Qaynarinfo.az-ın verdiyi məlumata görə, Sabunçu Rayon Polis İdarəsində açılan cinayət işinin istintaqından narazı qalan zərərçəkmiş tərəfin vəkili Ramil Rüstəmov  bir neçə gün əvvəl sosial şəbəkədə paylaşım edərək hadisədən sonra “Range Rover” markalı avtomobilin sürücüsünün dəyişdirildiyini, maşının nömrəsinin dərhal çıxarılaraq götürüldüyünü iddia edib. O, qəzanı törədən sürücünün yüksək vəzifəli şəxs olduğunu iddia etsə də, həmin şəxsin adını qeyd etməyib.

Səsləndirilən iddialarla bağlı Daxili İşlər Nazirliyi növbəti dəfə açıqlama yayıb. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, faktla bağlı açılmış cinayət işi üzrə istintaq davam edir: “Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu RPİ-də cinayət işi üzrə üzrə istintaq hərəkətləri aparılır. Bütün kamera görüntüləri müxtəlif ünvanlardan çıxarılaraq cinayət işinə əlavə edilib. Bu barədə zərərçəkmişlər və onların vəkili məlumatlandırılıb. Diqqəti hadisəni törətməyən şəxsin üzərinə yönəldilməsi şəxsi mülahizələrdir, hüquqi əsası yoxdur. Hadisə onlarla şəxsin gözü önündə baş verib. Həmin şəxslərin də şahid kimi ifadələri cinayət işinin materiallarında var”.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzadan sonra açılan cinayət işində və digər məlumatlarda “Range Rover” markalı avtomobilin 1960-cı il təvəllüdlü Beytulla Babayev tərəfindən idarə edildiyi qeyd edilir.

Qeyd edək ki, hadisə nəticəsində “KİA”da olan 2 nəfər gənc: Göygöl sakinləri 2002-ci il təvəllüdlü Süleymanlı Ayxan Nizami oğlu və 1996-cı il təvəllüdlü Zülfüqarov Zülfüqar Elçin oğlu həlak olublar, digər gənc 1997-ci il təvəllüdlü Məhərrəmov Arif Rəşid oğlu isə ağır yaralanıb.

Hadisədən sonra gənclərin öldüyü avtomobildə olan 40 min dollar oğurlanıb. Daha sonra oğurluq etmiş Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov müəyyən olunaraq saxlanılıblar.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, nazirlikdə Əliyev Elşən Helmi oğlu adlı şəxs işləmir: “Fövqəladə Hallar Nazirliyinin strukturlarında belə bir şəxs fəaliyyət göstərmir”.

Mia.az

Həmçinin oxuyun

“Bazarın Akif Çovdarovun qızının adına alqı-satqısı cəmi 20 manata rəsmiləşib”

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı, uzun illər nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinə …