Ana səhifə / Kriminal / Övladları itə kabab yedirdən iş adamı həbsdəki MTN generalının şəriki imiş…

Övladları itə kabab yedirdən iş adamı həbsdəki MTN generalının şəriki imiş…

İş adamı Yaşar Cabbarovun övladlarının öz geniş imkanları və dəbdəbəli həyatları ilə “Tik-tok” sosial şəbəkəsinin “ulduzuna” çevrilmələri onları mətbuatın da gündəminə gətirib.  

Boynunda qızıl zənciri olan it qucağında, qiyməti bir neçə yüz min manat olan 5.7 mühərrik “Land Cruiser” yüksək sürətlə hərəkətdə olarkən paylaşdıqları videolar isə heç də birmənalı qarşılanmır. Cabbarov qardaşları “Shila zakon tanımır” adlı bir videoda boynu qızıl zəncirli itə quzu qabırğasından kabab – antrikot yedizdirirlər. Qardaşların birinin bunun ardınca paylaşdığı videoda isə əlindəki qızıl suyuna çəkilmiş “Vertu” telefonla timsah dərisindən olan ayaqqabısını təmizləyir. Qulağına 2 “Vertu”nu birdən tutub videoya çəkdirən Cabbarov duzsuz fon musiqini “bi dəə belə, bidənə elə, eliyə bilərsən belə” ürəkbulandırıcı sözlərlə zənginləşdirir. Başqa bir video isə “Shtrafnoya gedirik” adlanır.

“Sədərək” və “Binə”də böyük mağazaları olan məşhur iş adamı Yaşar Cabbarovun övladlarının “Tik-tok”da bu sayaq videoları bir deyil, iki deyil, onlarladır.

Başqa bir video “Niva” da aldılar” adlanır. Maşının yük yeri videoda xüsusi olaraq diqqətə çatdırılır. Orada 2 iri, 10 nisbətən kiçik ölçülü səsgücləndiricilər quraşdırılıb. Yaşar Cabbarovun övladları bu səsgücləndiriciləri işə salıb Bakının bir tərəfində musiqi dinləmək fikrinə düşsələr, şəhərin o biri tərəfində əllərini qulaqlarına tutanlar olar. Diqqətçəkən daha bir məqam isə Az 90 XY 890 nömrə nişanlı “Niva”nın “avtoşsayağı” dizayn olunmasıdır. Pia.az-ın yaydığı videodan da görünür ki, “papalarının gül balaları” “Niva”nı Bakıda sürürlər.

Zakir Qaralov, Rüstəm Usubov və gömrük komitəsinin vəzifəli şəxslərinin adı  MTN işində — Sensasion ifadə

Digər bir video “Qalik də aldılar” haştaqı ilə paylaşılıb. “Gelenvagen Brabus”da Yaşar Cabbarovun övladları öz bahalı həyatlarını nümayiş etdirirlər.

Bəs bu Yaşar Cabbarov kimdir?

Apardığımız araşdırma zamanı öyrəndik ki, Yaşar Cabbarov hazırda Bakı Hərbi Məhkəməsində mühakimə olunan general Mövlam Şıxəliyevin şərikidir. Bu haqda “Yeni Müsavat”ın 17.02.2022-ci il tarixli sayında, “Mövlam Şıxəliyevin də öz ”akula”ları olub” – sensasion gəlişmə” sərlövhəli yazıda https://musavat.com/news/movlam-sixeliyevin-de-oz-akula-lari-olub-sensasion-gelisme_868239.html

olduqca ilginc məlumatlar yer alıb. Yazıda Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə zərərçəkən Sərdar İsmayılov ölkə rəhbərliyinə həmçinin Yaşar Cabbarovun kimliyi ilə əlaqəli məlumat verib.  

Oxu.az - “Akula Akif” haqda cinayət işi dayandırıldı

Akif Mustafayev

Həmin yazıdan sitat:

“Əgər Eldar Mahmudov sahibkarları çökdürmək üçün ”Akula Akif” ləqəbi ilə tanınan, hazırda iş üzrə axtarışda olan Akif Mustafayevin xidmətlərindən istifadə edirdisə, Mövlam Şıxəliyevin də özünün “akula Akif”ləri vardı. Bu adamların işi “Binə” və “Sədərək” bazarlarında sahibkarlar haqda məlumat toplamaq, həmin məlumatları MTN əməliyyatçıları Elşən və Mehman vasitəsilə Mövlam Şıxəliyevə ötürməkdən ibarət idi. Mənim Çinlə ticari əlaqələrim vardı. “Sədərək” bazarında Mövlam Şıxəliyevin “akulaları” Çingiz Yəhya oğlu Ağayev və Yaşar Ülvü oğlu Cabbarov haradansa bizim Gürcüstandan İrana mal apardığımızı öyrənmişdilər. Bu məlumatı Mövlam Şıxəliyevə çatdırandan sonra qərara gəliblər ki, bizi tutdursunlar, malımızı əlimizdən alıb satsınlar və özümüzdən də pul qoparsınlar. Belə də etdilər”.

Zərərçəkən yazırdı ki, həbsdən azad ediləndən sonra ondan zorla alınan mallarının harada olmasını araşdırıb: “Öyrəndim ki, bizləri qanunsuz olaraq həbs edəndən sonra qanunsuz, qaçaqmal elan etdikləri 650 min manat dəyərində olan mallarımızı özləri aparıb satıblar!

MTN-çilər malı qaçaqmal elan edib ələ keçirdi və satdı! Pirotexnik malları aparıb əvvəlcə Yasamal rayonu ərazisindəki  “Range-Rover” avtosalonunun arxasındakı MTN-in anbarına yerləşdirmişdilər. Bundan sonra Mövlam Şixəliyev pirotexnik mallarımızı satış üçün Çingiz Yəhya oğlu Ağayevə, Yaşar Ülvü oğlu Cabbarova ötürmüşdü. Bu adamlar da malların MTN anbarından daşınmasını öz tabeliklərində işləyən Söhrab Abdulla oğlu Mehdiyevə tapşırıblar. O da pirotexnik malları MTN-in əməkdaşlarından, sonradan satılması üçün qəbul edib. Söhrab Mehdiyev bu işə yanında fəhlə qismində işləyən qardaşı oğlu, 2 dekabr 1988-ci ildə Masallı rayonu, Tiyaqani kəndində anadan olmuş Camal Beytulla oğlu Mehtiyevi də cəlb edib. Ona həmin pirotexnik malları gətirməsi üçün 2 yük maşını kirayələməyi və həmin ünvana getməyi tapşırır. Camal Mehtiyev dərhal bu göstərişin icrasına başlayır və əvvəlcə Xırdalan dairəsində 2 “Ateko-Mersedes” (Az 90 TL 457 və Az 90 TX 254) markalı yük avtomaşınlarını kirayələyərək, pirotexnik malların dalınca həmin anbara – MTN-in xüsusi təyinatlılarına məxsus idarənin həyətinə gəlir. Orada onu həyətə buraxmadıqda, Çingizlə əlaqə saxlayır və Çingiz telefonda Camala bildirir ki, de ki, mən Adil müəllim dediyi adamam. Camal Adil müəllimin adını çəkəndən sonra onu kirayələnmiş avtomaşınlarla birlikdə, giriş-çıxışda qeydiyyatlar aparılmaqla içəri – MTN-ə məxsus idarənin həyətinə buraxırlar. Camal Mehtiyev içəri keçərkən şəxsiyyət vəsiqəsi üstündə olmadığı üçün Söhrab Mehtiyevin şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçir. Bundan sonra Söhrab Mehtiyev özü də anbarın ərazisinə gəlir. Orada MTN əməkdaşları “KAMaz” markalı avtomaşını onlara göstərərək bildirirlər ki, qapını açıb malı götürə bilərlər. Onlar avtomaşının arxa qapısının üzərində olan asma qıfılı MTN əməkdaşlarının icazəsi və göstərişi ilə qırıb qopararaq, malları gətirdikləri avtomaşınlara yükləməyə başlayırlar. Mal çox olduğundan Söhrab Mehtiyev gələrkən qardaşı Beydullanı, qayınları Xalid, Alxas Nuriyevləri, Alxasın oğlu Ramal Nuriyevi, Alxasın yeznəsi Elxanı özü ilə gətirib. Onlar birlikdə malları kirayələnmiş maşınlara yükləyiblər. Bu gün də bizə qarşı cinayətdə iştirak etmiş Çingiz Ağayev və onun şəriki Yaşar Cabbarov cinayət məsuliyyətindən kənarda saxlanılırlar. Satılan malların pulu 400 min dollardan yuxarı olub. Çingiz Ağayev və onun şəriki Yaşar Cabbarovun əli ilə həmin pul şəxsən Mövlam Şixəliyevə çatdırılıb. Çingiz Ağayevlə Ülvi Cabbarov şəxsən Mövlam Şıxəliyevin bazardakı 1 nömrəli adamları olub”.

Ümumiyyətlə, “MTN işi” üzrə zərərçəkənlər Yaşar Cabbarovun və qardaşı Vüqar Cabbarovun Mövlam Şıxəliyevin geniş biznes şəbəkəsini idarə edən şəxslər olduqlarını iddia edirlər. Deyirlər ki, Bakıxanov qəsəbəsində, Muxtar Fətəliyev 90 ünvanında Mövlam Şıxəliyevə məxsus olan, Yaşar Cabbarovun qardaşı Vüqar Cabbarovun adına rəsmiləşdirilən 3 mərtəbəli “Lava” hamam kompleksi var. Elə həmin binada “Mini Sədərək” adlı bir, “Elit Cehizlik” adlı ikinci böyük mağaza da var.  Həmin ünvandan Mövlam Şıxəliyevgil adamlara işgəncə vermək üçün də istifadə ediblər. Bundan başqa, Çingiz Ağayev, Yaşar və Vüqar qardaşları üzərindən baş ofisi Dərnəgüldə olmaqla santexnika alveri ilə məşğuldurlar. “BAXİ” mağazalar şəbəkəsi ilə Mövlam Şıxəliyevin əlaqəsi var. Bu gün ölkəyə gətirilən telefon aksesuarlarının biznesi də Mövlam Şıxəliyevin inhisarında olub. Telefon aksesuarlarını Bakıda “Velotrek” ərazisində, 28 May, Neftçilər, Əhmədli, Sumqayıtda və respublikanın digər ünvanlarında “Zone 1″ mağazalar şəbəkəsi üzərindən reallaşdırıblar. Musavat.com

Həmçinin oxuyun

Rəşad Dağlının dostunu güllələyən şəxsin cəzası azaldıldı

Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Tural Nağıyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb …