Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / “Ötən il iki şiri 30 minə satmışdıq, indi heç dovşan alan da yoxdu…” – Heykəl bazarında durğunluq

“Ötən il iki şiri 30 minə satmışdıq, indi heç dovşan alan da yoxdu…” – Heykəl bazarında durğunluq

Bakıda heyvan heykəlləri bumu 90-cı illərin ortalarına, Hacıbala Abutalıbovun paytaxta mer təyin olunan vaxtlara gedib çıxır. Yəqin paytaxt sakinlərinin yadındadır ki, 1995-ci ildə professorun paytaxtda geniş abadlıq-quruculuq işlərinin vüsət götürdüyü vaxtlarda onun göstərişi ilə Zığ qəsəbəsinə gedən yolda buğa heykəli qoyulmuşdu.

Bundan sonra Azərbaycanın rayonlarında ata, keçiyə, marala və digər heyvanlara heykəl qoymaq dəbə minməyə başladı. O cümlədən Bakı zənginlərinin  malikanələrdə,  istirahət mərkəzlərində heyvan və quş heykəllərinə rast gəlinir. Heykəltaraşların bir qismi bu sahədə özlərinə iş tapsalar da, müxtəlif ölçülü bu cür heyvan heykəllərinin əksəriyyəti ölkəyə xaricdən gətirilir. Bəs hazırda heyvan heykəli bazarında vəziyyət necədir? Bu heykəllər harada hazırlanır, harada satılır və əsas alıcılar kimlərdi? Virtualaz.org heykəl satışı ilə məşğul olan bir neçə satış məntəqəsinə baş çəkib.

Müştəri yoxdur, satıcılar mürgüləyərək gün keçirir…

Bakının Qala və Novxanı kəndlərində heyvan heykəllərinin satışı ilə məşğul olan şəxslərin sözlərinə görə, hazırda Azərbaycanda heyvan heykəlinin satışında durğunluq var. Alıcı tapılmadığından bəzi satış mərkəzləri bağlanıb, qalanlar da günlərlə müşəti gözləyirlər.

Satıcılar deyirlər ki, Azərbaycanda bahalı materialdan böyük heyvan heykəlləri ümumiyyətlə, hazırlanmır. Hazırda satışda olan heykəllərin əksəriyyəti isə ölkəyə Polşa, Türkiyə, İtaliya, İspaniya, İndoneziya, Çindən gətirilir. Qonşu Gürcüstandan isə kiçik saxsı heykəllər və daha çox bağlarda bəzək kimi istifadə olunan saxsı küplər gətirilir.

Satışda qiyməti 80 manatdan başlamaış 10-15 min manata qədər heyvan heykəllərinə rast gəlmək mümkündür. Satıcılar qiymətlərin baha olmasını həm hazrlanan materialın bahalığı, çəkisi tonlarla olan heykəllərin xüsusi qablaşma və gətirilmə xərclərilə izah edirlər.

 

“Daha heyvan heykəlləri sifariş verən yoxdur, dükanı bağlamışıq…”

Bakının Qala kəndinin girişində məşhur heyvan heykəlləri və bitki tingləri satılan məkan artıq bağlanıb. Keçmiş “Bağ-bağat mərkəzi” piknik yeri və istirahət mərkəzi kimi fəlaiyyətini davam etdirir. Mərkəzin direktoru Rafiq müəllimin sözlərinə görə, əvvəllər sifarişlə iri heyvan heykəllərinin satışını təşkil etsələr də, artıq alıcı yoxdur.

“Əvvəllər burada yüz minlərlə bitki növü becərlib. Biz  sifarişlə müxtəlif obyektlərin landşaftını qurmuşuq. Hərə öz zövqünə, fantaziyasına uyğun at, fil və digər heyvan heykəllərini sifariş verirdi, biz də gətirirdik. Amma indi sifariş yoxdur. Heykəllər bahalı olduğuna görə, alan yoxdur, ona görə də daha gətirmirik”.

Həmsöhbətimiz ərazinin bir küncündə yetim-yetim boylanan kiçik ceyran heykəlini göstərir:

“Bu heykəli Gəncədə bir rəssam – Aşıq Ələsgərin nəticəsi düzəldib. Bizdə onun xeyli əl işləri olub. Bir neçə il əvvəl 100-300-500 manata satırdı. Amma daha heyvan heykəlləri satmadığımıza görə qiymətlərdən xəbərim yoxdur”, –  deyə direktor bildirir.

Əsasən beton və armaturdan…

Satıcılardan öyrəndik ki, Azərbaycanda hazırlanan heyvan heykəlləri ancaq betondan düzəldilir. Armaturla heykəlin karkası hazırlanır, sonra isə beton tökülür. Satış mərkələrindəki ən bahalı heykəllər mərmər, qranit, tunc və digər materiallardan hazırlanır.

Bundan başqa yüngül plastik materialdan olan ucuz heykəllərə də rast gəlinir. Lakin plastik heykəllər sınmağa meylli olduğuna görə, o qədər də çox satılmır.

Satış mərkəzlərində yerli və Gürcüstan istehsalı olan küplər də satılır. Litr hesabı 1 manata satılan küplərin ən böyükləri 50 litrlikdir. Bağ və həyətlərdə dizayn olunan bu əşyaların alıcıları o qədər də çox deyil.

 

Bir cüt iri şiri 30 min manata satmışdıq…”

Demək olar ki, bütün satış mərkəzlərində alıcı olmamasından gileylənirdilər. Adını söyləmək istəməyən satıcının sözlərinə görə, ötən il iki şiri 30 min manata satıblar:

“Axırıncı dəfə avqusta ayında müştəri olub. İri şir heykəlinin cütünü 30 min manata satmışıq. Ucuz heykəllərimiz də var. Məsələn, kiçik heyvan heykəlləri 3-5 min manata veririk. Amma indi nəinki şir, heç dovşan alan da yoxdur”, – satıcı gileylənir.

Novxanı qəsəbəsinə gedən yolun üzərində yerləşən məşhur heykəl satışı mağazasında isə nisbətən çox çeşidə rast gəldik. Burada 100 manata da heykəl tapmaq olar, 1000 manata da. Mağazada ən bahalı heyvan heykəlinin qiyməti 6500 manatdir. Bu betondan hazırlanan iri qartal heykəlidir. Bundan başqa burada qiyməti 7 min manata olan fontan da var.

 

2000 manatlıq “Babək”

10 ildən çoxdur ki, heyvan heykəllərinin satışı ilə məşğul olan Etibar Vəliyevin sözlərinə görə, mağazada gipsdən hazırlanan fiqurlar ən ucuz heykəllərdir. Onlar suya davamlı deyil.Beton fiqurlar suya davamlıdır. Bunların kiçik ölçülü heykəllər 80 manatdan başlayır, ölçüsünə görə 3 min manata qədər davam edir. Satıcının sözlərinə görə, buradakı heykəllərin əksəriyyəti Bakı ətrafı qəsəbələrdə yerləşən xüsusi emalatxanalarda istehsal olunur.

“Bizdə 2500 manata at heykəli var. “Babək” bundan bir az ucuzdur – 2000 manata. Amma “Babək”i tək almırlar, azı iki dənə alınır”.

Satıcı duruxduğumuzu görüb izahına davam edir – “Babək” deyəndə döyüşçü heykəlini nəzərdə tuturuq. Bu bizdə əlində nizə tutmuş döyüşçülərə verilən ümumi adder”.

Alıcıların azaldığını satıcı Etibar Vəliyev də etiraf edir. Qış aylarında ümumiyyətlə, satış olmadığını deyən satıcının sözlərinə görə, son vaxtlar alıcı qıtılığından paytaxtda yerləşən başqa satış mərkəzləri də bağlanıb.

Bakının heyvan heykəli bazarı həqiqətən də, müştəri qıtlığından əziyyət çəkirdi. Saatlarla müşahidə aparsaq da, bir alıcıya belə rast gəlmədik. Satıcıların çoxu isə hasara telefon nömrəsini yapışdırıb öz kiçik otaqlarında mürgü döyürdülər…

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın