Ana səhifə / Kriminal / “Ona pulu verəndə şübhələnmişdim, amma oğlum dedi ki…”

“Ona pulu verəndə şübhələnmişdim, amma oğlum dedi ki…”

Külli miqdarda dələduzluqda ittiham olunaraq həbs edilən, həbsdə ikən koronavirusa yoluxub vəfat edən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. 

Cinayət işi üzrə əsas zərərçəkmişlərdən biri olan Təranə Fətəliyevanın istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilib. Məhkəməyə yazılı şəkildə müraciət ünvanlayan zərərçəkmiş ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, ona 300 min dollar məbləğində ziyan dəydiyini, dəymiş ziyanın ödənilməsini tələb etdiyini göstərib.

Prosesdə müdafiəçilər zərərçəkmiş T.Fətəliyevanın iş üzrə ən mühüm şəxs olmaqla yanaşı, digər zərərçəkmişlərlə qohumluq əlaqələrinin olduğunu məhkəmənin diqqətinə çatdırıblar və onun məhkəməyə çağırılıb dindirilməsini istəyiblər.   

Dövlət ittihamçısı isə cinayət işində zərərçəkmiş şəxsin ifadəsinin olduğunu, məhkəməyə gətirilməsinə ehtiyac olmadığını deyib.

Vəkil Kamandar Nəsibov zərərçəkmiş T.Fətəliyevanın dindirilməsinin vacib olduğunu belə əsaslandırıb: “Biz o xanımı ittiham etmirik. Amma onda olan məlumatlar bizim üçün çox vacibdir. Düzdür, istintaqda dindirilib, müstəntiqə ifadə verib. Biz daha geniş məlumatlar əldə etmək istəyirik. Neçə prosesdir onu gözləyirik”.

Məhkəmə zərərçəkmiş şəxsin növbəti prosesdə iştirakının təmin ediləcəyini bildirib.

Daha sonra prosesdə şahid qismində Kəmalə Şıxəliyeva dindirilib. İbtidai istintaqdakı ifadəsini təsdiq etdiyini deyən şahid mərhum Rəfael Cəbrayılovdan 200 sot torpaq sahəsi aldıqlarını, notarial qaydada 340 min, sonradan sənədləşdirmə üçün 240 min dollar pul ödədiklərini deyib. Amma deputat torpağa mülkiyyət sənədini onlara verməyib, aldadıb.

Tərəflərin suallarını cavablandıran şahid cinayət işi üzrə oğlunun zərərçəkmiş qismində tanındığını bildirib: “Biz halal insanlarıq. Torpaq sahəsi mənim adıma idi. Rəfael müəllimlə oğlum, yoldaşım görüşürdü. Pulu ödəyəndə şübhələnmişdim. Lakin  oğlum deyirdi ki, deputatdır, yaxşı adamdır, iki aya həll edəcəyinə söz verib”.

Məhkəmədə vaxtilə mərhum R.Cəbrayılovun Milli Məclisdə köməkçisi işləyən Faiq Bayramov da dindirilib. İfadəsində 2015-ci ildə mətbuatda gedən yazılardan sonra məsələlərdən xəbərdar olduğunu deyib: “Mətbuatda, sosial şəbəkələrdə yazırdılar ki, deputat insanları aldadıb, pul alıb qaytarmayıb. O vaxta kimi bu məsələlərdən xəbərim olmayıb. “Dərhal” MMC onların ailə biznesləri olub. Bunu da ictimailəşdikdən sonra bilmişəm”.

“R.Cəbrayılovun aldığı obyektlərlə bağlı məlumatınız olubmu?” sualına şahid “50-60 kvadratmetrlik bir neçə mənzili vardı, deyəsən ya satdı, ya da zərərçəkmiş Məlahət xanıma verdi”- deyə cavab verib.

Məhkəmə prosesi aprelin 14-də davam edəcək.

Virtualaz.org

Həmçinin oxuyun

Alimpaşa Məmmədovdan XƏBƏR VAR

Baş Prokurorluq Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov barəsindəki həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə …