Ana səhifə / Kriminal / “Ona görə də imzaladığım sərəncam əhəmiyyətsiz olub”

“Ona görə də imzaladığım sərəncam əhəmiyyətsiz olub”

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş aparat rəhbəri, tarixi abidə sayılan yaşayış binasının sökülməsi üçün qanunsuz sərəncam verməkdə ittiham olunan Rasim Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə sənədlərin tədqiqi mərhələsinə başlanıb. Prosesdə ilk olaraq bu ilin oktyabr ayının 7-də Dövlət Tikinti və Arxitektura Komitəsinin birinci müavini Namiq Hümbətovun “FF-2011” tikinti şirkətinin direktoru Fərhad İbrahimova ( “FF-2011” şirkətinin təsisiçisi T.İbrahimovanın həyat yoldaşı-red.) ünvanladığı məktub elan olunub. Məktubda qeyd olunub ki, sözügedən ərazidə tikinti 2017-ci ldə başlanıb.

Qeyd olunan məktuba münasibət bildirən Rasim Quliyev göründüyü kimi artıq 2017-ci ildə binanın tikintisinə başlanıldığını vurğulayıb:”Mənim imzamla sərəncam olanda artıq binanın tikintisi aparılıb. Əslində isə binanın tikintisi 2015-ci ildə başlanıb. Ona görə də mənim imzaladığım sərəncam əhəmiyyətsiz olub”.

Cinayət işi materiallarındakı digər sənədlərdən məlum olub ki, “FF-2011” tikinti şirkətinin inşa etdirdiyi binanın yerində yeni metrostansiyasının girişi nəzərdə tutulduğu üçün həmin yaşayış kompleksinin tikintisi dayandırılıb.

Məhkəmədə elan olunan sənədlərdən o da məlum olub ki, şirkətin tikinti aparmasına ilk sərəncam 2012-ci il avqustun 1-də Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun imzası ilə verilib. 2014-cü il oktyabrın 28-də isə H. Abutalıbov həmin ərazidə tikinti aparılmasının dayandırılması barədə sərəncam imzalayıb. 2015-ci il oktyabrın 21-də isə sabiq Bakı meri bir il əvvəlki sərəncamın ləğv edilməsi barədə təkrar sərəncam imzalayıb. Bundan sonra 2012-ci ildə verilən sərəncam öz qüvvəsində qalıb.

Hacibala Abutalıbov

“FF-2011” tikinti şirkəti 2015-ci ildə ərazidə tikinti aparmaq üçün xüsusi tikinti nişanı alsa da, məlum olub ki, 2015-2018-ci illərdə şirkət həmin ərazidə tikinti quraşdırma işləri aparması üçün xüsusi nişan qüvvəsini itirib. Buna görə də şirkət tikinti işləri aparmaq üçün yenidən sərəncam almalı olub.

31 may 2018-ci ildə R. Quliyev Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən şəxs kimi tikintiyə icazə barədə sərəncam imzalayıb. Bundan sonra şirkətə yeni tikinti nişanı verilib.

2018-ci il oktyabrın 1-də Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov R. Quliyevin imzası ilə olan sərəncamı ləğv edib.

11 mart 2019-cu ildə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi tikintinin dayandırılması barədə qərar verib. Bundan sonra isə 2019-cu il martın 13-şirkətin ərazidə 5 mərtəbə bina tikməsinə razılıq verilib.

2019-cu il mayın 6-da mədəniyyət naziri Əbülfəz Qarayev baş nazirin müavini Hacıbala Abutalıbova məktub göndərib. Məktubda bildirilib ki, D. Əliyeva 141 və 145 saylı ünvandakı ikimərtəbəli binalar yerli əhəmiyyətli tarixi abidədir. Məktubda qeyd edilib ki, həmin binalar qəzalı vəziyyətdədir, binalarda çatlar əmələ gəlib.

Daha sonra H. Abutalıbova həmin binaların tarixi abidələr siyahısından çıxarılması üçün aidiyyəti qurumlara müraciət edib. Aidiyyəti qurumların bəziləri həmin binaların bərpasına külli miqdarda vəsait tələb olunduğunu əsas gətirərək bu binaların tarixi abidələrin siyahısından çıxarılmasına etiraz etməyib.

Rasim Quliyev

Prosesdə R.Quliyevin müdafiəçiləri məhkəməyə sənəd təqdim edib. Sənəddə Rasim Quliyevin hepatit xəstəliyindən əziyyət çəkdiyi göstərilib.

Məhkəmə prosesi noyabrın 1-də davam etdiriləcək.

Xatırladaq ki, R.Quliyev Bakının D.Əliyeva küçəsində tarixi binanın sökülməsinə, yerində “FF-2011” şirkəti tərəfindən çoxmərtəbəli binaların tikintisinə icazə verilməsinə dair qanunsuz sərəncam verməkdə günahlandırılır. virtualaz.org

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …