Çərşənbə , May 22 2019
Ana səhifə / Kriminal / Ömürlük məhkumlarla bağlı yenilik: Məhkəmə onların işinə yenidən baxa bilər

Ömürlük məhkumlarla bağlı yenilik: Məhkəmə onların işinə yenidən baxa bilər

“Prezident İlham Əliyev tərəfindən 2017-ci il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalanıb. Burada əsas  məqsəd cəza siyasətinin humanistləşməsi ilə bağlıdır. Eyni zamanda Cinayət Məcəlləsinə 300-dən artıq dəyişiklik edilib. Artıq həmin dəyişikliklər 2017-ci ilin dekabrından qüvvədədir. Bu dəyişikliklərə görə bir çox maddələr Cinayət Məcəlləsindən çıxarılıb. Xüsusilə də iqtisadi fəaliyyət sahəsində, eyni zamanda maddələrin sanksiyasına alternativ cəzalar daxil edilib və ya azaldılıb”.
Bu sözləri Modern.az-a “Konstitusiya” Araşdırmalar Fondunun sədri, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, hüquqşünas Əliməmməd Nuriyev deyib.
Hüquqşünas bildirib ki, Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar olaraq 5500-dən artıq iş pentensiar xidmət müəssisələrinə və məhkəmələrə göndərilib:
“Onlardan 2500-ü və daha çoxu barədə qərarlar qəbul edilib. Bəzi şəxslər cəzadan azad edilib, bəzi şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı maddələrdə dəyişiklik olunub, bəzilərinin cəzaları azaldılıb. Bu proses hazırda da davam etməkdədir”.
Ə.Nuriyev bildirib ki, qanunvericiliyə ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin  cəzasının şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı müddəa daxil edilib:
“Ömürlük azadlıqdan məhrum edilmiş şəxslər cəzasının 25 ilini çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı onun cəza çəkdiyi dövrün son beş ili ərzində cəzanın çəkilməsi qaydalarına əməl edilməsi halları nəzərə alınır. Bildiyimə görə, ömürlük azadlıqdan məhrum edilmiş, cəzasının 25 ilini və daha çoxunu çəkmiş şəxslərin sayı 6 nəfərdir.   Bu o demək deyil ki, məhkəmə həmin şəxslər barədə müsbət qərar qəbul edəcək, ya da həmin şəxslər məhkəməyə müraciət edən zaman azadlığa buraxılacaq və ya cəzası yüngülləşdiriləcək. Çünki ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin böyük əksəriyyəti çox ağır cinayətlər törədiblər. Hesab edirəm ki, məhkəmələr bu zaman zərərçəkmiş şəxslərin, cəmiyyətin də mövqeyini nəzərə almalıdır. Balansı qorumadan ədaləti bərpa etmək olmaz. Çünki ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin əksəriyyəti terrorçuluq fəaliyyəti ilə məşğul olub, killerlik edib və s. Hesab edirəm ki, bu məsələdə çox diqqətli olmaq lazımdır”.

Həmçinin oxuyun

Bakıda gənc qız 7 minə yaxın pul götürərək evdən qaçdı

Bakıda 24 yaşlı qız itkin düşüb. Unikal.org xəbər verir ki, Xətai rayonu, Neapol küçəsi, ev 5, …