Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Ölüm xəbərinin… sevinci?!

Ölüm xəbərinin… sevinci?!

19-cu əsrin sonlarında bir gözəl günün səhəri idi. Məşhur İsveçli kimyagər və zəngin mühəndis Alfred Nobel qəzetləri vərəqləyirdi. Və birdən özü haqqında xəbərə rast gəldi. Xəbərin başlığı belə idi: “Ölüm kralı öldü”.
Niyə onu “ölüm kralı” adlandırmışdılar? Çünki dinamiti icad edən Alfred Nobel olmuşdu. Əslində dinamit insanları öldürmək üçün icad edilməmişdi; dağ-mədən sənayesində işləri asanlaşdrmaq üçün idi. Ancaq dinamitlə insanlar bir-birini, həm də kütləvi qırmağa başlamışdı. Buna görə də mətbuat Alfred Nobeli “ölüm kralı” adlandırmışdı. Və zəngin mühəndis adının belə anılmasından çox rahatsız olmuşdu. Buna görə də 1895-1896-cı illərdə bir vəsiyyətnamə yazdı və bəşəriyyətə ən yaxşı xidmət edənləri ödülləndirmək üçün Nobel mükafat fondu təsis etdi. Bu mükafatlar kimya, fizika, tibb, fiziologiya ilə yanaşı Ədəbiyyata da görə verilir. Eyni zamanda Nobel sülh mükafatı da var.
Alfred Nobel İtaliyanın San Remo şəhərində 63 yaşında beyin qanamasından vəfat etdi. Bəlkə də partlayıcını kəşf etməsinə görə əleyhinə məhkəmə iddiaları, haqqında neqativ məqalələr olmasaydı, beyninə qan sızmazdı – daha uzun yaşayardı. Üstəlik onu ruhi gərginlik, davamlı stress altında saxlayan həm də haqqında tirajlanan ölüm xəbərləri idi. Avropa qəzetləri “Nobel öldü” nidaları ilə dolub daşırdı, alim bunu oxuyurdu və… daha çox “ölürdü”. Xəbərlər Alfred Nobelin varlığı, insan arasına çıxması ilə dəfələrlə təkzib olunsa da, nə fayda?! Hər belə ölüm xəbəri ona fiziki və mənəvi zərbə idi. Sonda o yalan xəbərlər “məqsədinə” çatdı; Alfred Nobel, doğrudan da, öldü.Nobeldən qabaq da, sonra da mətbuat ölüm xəbərlərinə çox həssas idi; qəzetlər hər gün ölüm və qan xəbəri axtarırdı. O qədər axtardılar-axtardılar, axırda saymaqla qurtarmayacaq qədər ölüm və onun xəbərini tapdılar: bəşəriyyət iki dünya müharibəsi yaşadı və bu gün də felən üçüncüsünü yaşayır. Daha doğrusu, ölməkdə davam edir. Və qəribəsi budur ki, bu qədər ölüm, bu qədər qan varkən – günümüzdə istər hibrid müharibələr, isərsə də, COVİD-19 pandemiyası səbəbindən ölümlər çoxalıb sanki adiləşmişkən, jurnalistlər yenə də hər yerdə ölüm xəbərləri axtarırlar.
Xüsusilə də, məşhur adamları “öldürüb diriltmək”dən əl çəkmirlər. Zaman-zaman dünya mediası Britni Spirsdən tutmuş Makali Kalkinə qədər, Silvester Stallonedən tutmuş Tarkana qədər dünyaca məhşur ulduzları necə və neçə dəfələrlə “öldürüb”.
Məşhur rus müğənnisi Alla Puqaçovanın: “Az qala ölmüşdüm” sözlərini də Rusiya mediası “Alla Puqaçova ölmüş” kimi yozmuşdu. Və bu, təkcə incəsənət, şou-biznes adamlarının başına gəlmir; media Mixalil Qorbaçovu, Barak Obamanı, Vladimir Putini də… “o dünyaya göndərmişdi”. Elə bizim özümüzdə də belə hallar çox və çox tez-tez baş verir; bizim media kimləri “yuyub kəfənləməyib ki”! Aygün Kazımova, Könül Xasıyeva, Coşqun Rəhimov… və sair. Keçmiş səhiyyə nazir Əli İnsanovu həbsxanada necə “gömdük”sə, adam bir nəmişli yaz günündə 74 yaşında boz plaşda türmənin bayırına çıxıb keçmiş dostlardan tutmuş gələcək düşmənlərə qədər hamıya üz bozartdı.
Bəli, bu adlarını çəkdiyim adamlar medianın “qara siyahısından” keçib salamat qalanlardır. Yaxud Hacı Nuran. Elə şəkil çəkdirdiyi jurnalistlər onun özünü neçə dəfə “rəhmətlik edib” – sayı bilinmir. Di gəl ki adam hələ də bəzəkli pencəyini geyib ortalıqda gəzir. Ancaq idman naziri Azad Rəhimov, eləcə də, Arif Quliyev, Baloğlan Əşrəfov, Ramiz Əzizbəyli onlar qədər şanslı deyildilər; yalandan yayılmış ölüm xəbərləri sonradan gerçək oldu. Yəni “öldü” yazılanda sağ idilər…
Mediada yayılan yalan xəbərlər bütövlükdə… öldürür. Hamı Mark Tven kimi: “Ölümüm haqqında xəbərləri çox şişirdiblər” deyə ironiya ilə gülüb keçə bilməyib. Bütün yalan xəbərlər, xüsusilə də, yalandan yayılmış ölüm xəbəri insanların səhhətini gerçəkdən pozur. Normal ictimai auranı da. Medianın “öldürdüyü” adamlar, bəli, sonradan “dirilir”; sosial şəbəkələrə, efirə, cəmiyyətə çıxır. Hamı görür ki, sağdır. Və media hər “öldürüb-dirildən” xəbərləri ilə hər dəfə özü bir az da ölür.
“Öldürə-öldürə” görün axırda kimi “öldürdük”! Türkiyədəki yanğınları söndürmək üçün qardaş ölkəyə getmiş yanğınsöndürəni. Onlar onsuz da hər an ölümlə üz-üzədirlər. Və ailələri də hər gün yanğınlardan xəbərlərlə “ölüb-dirilir”. Elə hamımız. Bəs onda qardaşını yanğından qurtarmaq üçün canı yanan, özünü oda-alova atan qardaşımızı niyə yalandan “öldürürük”?! Nədir məqsəd?! Nə qazanırıq?! O qardaşımız, çox şükür, sağdır. Bəs biz?! Nə qədər salamatıq?!
…Söz azadlığının bir kəsim mediada yalan xəbər azadlığı, hətta ən pisi, yalan sözün azadlığı kimi qavranıldığı yerdə Söz, gerçəkdən ölür. Hərçənd Alfred Nobel gerçək Sözün yaşaması üçün Ədəbiyyata da mükafat ayırıb. Özümüzü maddi, fiziki yaşatmaq üçün Sözü öldürməliyikmi?! İnsanların məlumat almaq hüququ var, doğru! Yalan məlumatlar o hüququ pozmurmu?! Pozur. İnsanların söz azadlığı var. Yalan söz o azadlığın arealını məhdudlaşdırır. Və informasiya əsrinin ən böyük bəlalarından biri yalan sözlə doğru sözün, yanlış fikirlə gerçək fikrin, feyklə faktın – haqla nahaqqın bir-birinə qarışmasıdır. Söz, fikir, məlumat azadlığı deyibən insanlara yanlış anlama fürsətləri də veririk çox zaman. İnsanları “öldürən” və…öldürən xəbərlərə deyil, daha çox yaşadan xəbərlərə fokuslanmaq lazımdır bəlkə. Onsuz da hər kəs bir gün öləcək və o xəbəri həmin günün mediası anında “yaşayacaq”. Ancaq yalnız ölüm və qan xəbərləri ilə yaşayandırmı Media?! Ölüm xəbərini hamıdan qabaq yaymaq sevinci… “Beyrəyin qanlı köynəyi”ni xəbər lentlrinə hər kəsdən öncə “sərmək”…Budurmu yəni bizim üçün informativ-kommunikativ xoşbəxtlik?!
Sanki hamıdan sonra öləcəyikmiş kimi…

Bahəddin Həziyev

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …