Ana səhifə / Kriminal / Ölkədə qadın qətlləri, qadınlara qarşı zorakılıq artıb

Ölkədə qadın qətlləri, qadınlara qarşı zorakılıq artıb

Son bir neçə ayda ölkədə qadın qətllərinin, qadınlara qarşı zorakılıq hallarının artdığının şahidi oluruq. Təkcə bir həftə ərzində bir neçə qadının qətlə yetirilməsi və yaxud intihar etməsi xəbəri qarşımıza çıxır.

Məsələn, ötən həftə Gəncə şəhərində 32 yaşlı gənc qadın qısqanclıq zəminində azyaşlı oğlunun gözü önündə əri tərəfindən qətlə yetirildi. Mayın 30-da isə Xırdalan şəhərində 26 yaşlı qadın mübahisə zəminində qətlə yetirilib.

Bəs qadınlara qarşı zorakılığın, qadın qətllərinin sayının artmasının səbəbi nədir? Ekspertlər hansı qabaqlayıcı tədbirləri tövsiyə edir.

Mövzu ilə bağlı psixoloq Azad İsazadə “Yeni Müsavat”a danışıb. Psixoloq qeyd edib ki, ailədaxili zorakılıq hər zaman mövcud olub, lakin son dövrlərdə bu problemin artmasının səbəblərindən biri pandemiya və müharibənin yaratdığı stresdir: “Pandemiya vaxtı təkcə Azərbaycanda deyil, bütün dünyada ailə zorakılığı faktları çoxaldı, əsasən də uşaqların üzərində. Əlbəttə ki, pandemiya zamanı karantin dövründə hamı evdə idi, buna görə də aqressiya, adilə daxili zorakılıqlar artırdı. Eləcə də müharibə vaxtı da hamı stres yaşadı, müxtəlif sosial problemlər üst-üstə gəldi və sairə. Bütün bunlar cəmiyyətdə aqressiyanın artmasına gətirib çıxartdı.

Azad İsazadə: “Məktəblərdə 1-2 psixoloq tapılar, ya tapılmaz, halbuki…”

Azad İsazadə 

Bəs nə etməli? Məlum məsələdir ki, qadın hüquqlarını müdafiə edən təşkilatlar bununla məşğul olur, maariflənmə işləri aparır və sairə. Lakin bütün bunlarla paralel konkret olaraq hüquqi, psixoloji məsləhətlər olmalıdır. Sevindirici haldır ki, rayonlarda hər icra hakimiyyətinin tərkibində qadın zorakılığına qarşı bir qrup formalaşıb. Həmin qruplarda psixoloq, vəkil var. Lakin hamımız bilirik ki, bu qurumların, demək olar ki, böyük əksəriyyəti formal, hesabat üçün işləyir. Beləliklə, hərəkət var, ideya yaxşıdır, sadəcə işi peşəkarlarla görmək lazımdır.  Hesab edirəm ki, bu qruplara hökumət təşkilatlarını, eləcə də gəncləri cəlb etsələr, təbliğat yolu ilə problemi aradan qaldırmaq olar.

Bu da bir faktdır ki, ailə məişət zorakılığı məsələsində hamımızın şüuruna bu oturub ki “ailə mənimdir, heç kəs ailədaxili məsələmə qarışa bilməz”. Hətta zorakılıq qurbanının valideynləri də bu məsələni açıqlamaq istəmir, övladına deyir ki, “ərə getmisənsə dözməlisən, vaxtilə mən dözmüşəm, sən də dözməlisən”. Məhz bu stereotipi sındırmaq lazımdır”.

Mehriban Zeynalova - Ens.az - 4 dildə xəbərlər və ensiklopediya, ən son  xəbərlər, en son xeberler

Mehriban Zeynalova

“Təmiz Dünya”  Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da mövzu ilə bağlı öz təklif və rəylərini bildirib: “Məsələ ondan ibarətdir ki, biz mövzuya  yalnız polis nöqteyi-nəzərindən baxırıq. Yəni, məsələnin həllini polisin iştirakı ilə görürük. Lakin əslində iş təkcə polislik deyil. Bəli, qadın polislərinin sayı artırılmalıdır. Lakin bununla paralel ailə məsələləri ilə məşğul olan qurum, məhkəmələr olmalıdır.

Daha bir məsələ, zorakılığın  kateqoriyasını müəyyən etmək lazımdır. Zorakılıq hansı halda qiymətləndirilir. Beynəlxalq  psixoloqlar, ekspertlər qeyd edir ki, əgər zorakılıq ən azı 3 dəfə təkrar olunarsa, bu zorakılıq hesab oluna bilər. Lakin hansısa ailədə hadisə baş veribsə, artıq bu əməli xuliqanlıq kateqoriyasına aid etmək olar. Bu kateqoriyalara bölmək lazımdır. Biri var zorakılıq, biri də var işgəncə. İşgəncəni məişət zorakılığından  ayırmaq lazımdır. Azərbaycanda zorakılıq ümumi hesablandığından bəzən zorakılığın dərəcəsini müəyyən etmək olmur.

Zorakılıqda müddət məsələsi də var. Yəni, zorakılıq nə vaxtdan başlayır? Bəzən məhkəmələrdə görürük ki, 3 gündür baş verən zorakılıqla 10 il davam edən zorakılığın fərqi yoxdur. Bunları bölmək lazımdır. Zorakılıq uzun müddət davam etdikcə, onun tərkibində psixoloji, iqtisadi, digər amillər nəzərə alınmalı və ağırlaşdırıcı hal kimi qiymətləndirilməlidir. Daha bir məsələ, zorakılıq törədən şəxslə iş aparmadığımızdan ortada əhəmiyyətli nəticə yoxdur”.

Mehriban Zeynalova qeyd etdi ki, qabaqlayıcı tədbirlər üçün QHT-lərin bu işdə rolunu artırmaq lazımdır: “Rayonlarda QHT-lərin fəaliyyətini bərpa etmək lazımdır. Bunun üçün şərait yaradılmalı, qanunlar dəyişməlidir. Bu da başqa bir mövzudur. Həmçinin problemlə bağlı ayrıca işçi qrupu yaradılmalıdır. Doğrudur, indi milli fəaliyyət proqramı çərçivəsində işçi qrup fəaliyyəti var, amma orada QHT-lərin rolu zəif qoyulub. Bundan başqa, təhlil mərkəzi olmalıdır ki, vəziyyət real  qiymətləndirilsin. Yəni, şəhər və rayonlar üzrə təhlillər, araşdırılmalar aparılmalıdır. Sığınacaqlarla yanaşı, ayrıca reabilitasiya mərkəzləri də açılmalıdır. Hansı ki, ora rahat müraciət etmək mümkün olsun”.

Mahmud Hacıyev: “Belə yerlərdə mühafizə, təhlükəsizlik xidməti yüksək  səviyyədə icra oluna bilməz”

Mahmud Hacıyev

Keçmiş polis rəisi Mahmud Hacıyev isə qeyd etdi: “Məlum məsələdir ki, istənilən qətl cinayət tərkibli hadisədir. Ola bilsin ki, bir mövsümdə daha çox qadın qətlləri baş versin, digər mövsümdə oğurluq və digər cinayət tərkibli hadisələr. Ona görə də bunu ayırmaq doğru deyil. Lakin diqqət etmək lazımdır ki, qəsdən adam öldürmə hadisəsində əvvəllər tərəflərin arasında, yəni şəxsən qatillə mərhum arasında münaqişə baş veribmi və bu barədə hüquq-mühafizə orqanlarına müraciət olunubmu? Əgər olubsa və buna qarşı səhlənkarlıq, diqqətsizlik baş veribsə, bu artıq işin ikinci tərəfidir. Araşdırılmalıdır ki, niyə müraciətdən sonra bu məsələyə diqqət edilməyib, araşdırılmayıb. Bunun üçün ayrıca xidməti tədqiqat aparılır.

Sovet dövründə belə bir şey var idi, məsələn, bu cür cinayət tərkibli hadisələrə baş verəndə mütləq qaydada mərkəzi aparatın məsul işçiləri həmin hadisə baş vermiş rayona, məkana ezam olunurdu. Araşdırılırdı ki, hadisə niyə baş verib, baş verməyə bilərdimi? Vaxtında bunun qarşısını almaq mümkün olardımı? Və yaxud əvvəllər bu tipli münaqişə ilə əlaqədar tərəflər tərəfindən hüquq  mühafizə orqanlarına müraciət olunubmu? Yəni, həmin dövrdə belə bir tendensiya var idi. Bəzən olurdu ki, səhlənkarlıqla bağlı işdən çıxarılma, vəzifənin aşağıya salınması və yaxud yerdəyişmə olurdu. Çox yaxşı olardı ki, bu tendensiya davam etdirilsin”.

Həmçinin oxuyun

Prokuror əmlakı müsadirə olunmaqla Vilyam Hacıyevə 13 il həbs cəzası istədi

Dövlət ittihamçısı İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin 13 il …