Oliqarx oğlunun 200 minlik maşınına həbs qoyulub
SOCAR-ın sabiq vitse-prezidenti, oliqarx Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə qızı Nil İsmayılzadənin saxlanılması üçün müəyyən olunan alimenti 2 aylıq gecikmə ilə ödəyib.
İllərdir davam edən məhkəmə çəkişmələrinin sonucunda Sabunçu rayon Məhkəməsi Orxan İsmayılzadəni Nil İsmayılzadənin atası olmasını verdiyi qətnamə ilə təsbit edib.
Qətnamə digər instasiyalarda qüvvəsində saxlanılıb. Həmin qətnaməyə görə Orxan İsmayılzadə qızı Nili saxlamaq üçün hər ay 500 manat aliment ödəməlidir. Orxan İsmayılzadə məhkəmə qətnaməsi ilə razı deyil. Dəfələrlə alimenti gecikdirir. Sabunçu Rayon İcra və Probasiya Şöbəsi onun qiyməti 200 min manatı aşan maşını üzərinə həbs qoyub.
Hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında hakim İkram Sabir oğlu Şirinovun icraatında Orxan İsmayılzadənin Sabunçu Rayon Məhkəməsinin 2(008)-5306/2024 saylı 23.09.2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti araşdırılmaqdadır. Orxan İsmayılzadə Sabunçu Məhkəməsinin qətnaməsinin ləğvini istəyir. İş üzrə iddiaçı Fidan Abbasovanın vəkilləri isə Sabunçu məhkəməsinin alimentlə bağlı hissəsi ilə razı deyillər. Onlar Orxan İsmayılzadədən qızı Nil İsmayılzadənin saxlanılması üçün məhkəmənin hər ay üçün kəsdiyi alimentin 500 manatdan 2 min manata qaldırılmasını istəyirlər. Qətnamənin qalan hissəsinin əsaslı və qanuni olduğunu qeyd edirlər.

Nümayəndə məhkəmədə Orxan İsmayılzadə ilə Fidan Abbasovanın ailə qurmasıyla bağlı fikirlərini belə əsaslandırıb:
“Orxan Mikayıl oğlu İsmayılzadə 2012-ci ilin may ayında Fidan Abbasova ilə tanış olaraq ailə qurmaq qərarına gəlib və faktiki nikaha daxil olaraq birgə yaşamağa başlayıblar. Orxan İsmayılzadə özünün mobil nömrəsi 050-450-X0-X0 olduğu üçün ona da həmin nömrəyə uyğun olaraq 055-450-X0-X0 mobil telefon nömrəsi və digər əşyalar alıb. Bakı şəhərində yaşadıqları təxminən 6 ay ərzində dəfələrlə görüşüblər və faktiki nikah münasibətləri davam edib. Faktiki nikaha daxil olduqdan sonra cavabdeh ona Almaniya Respublikasına getməyi təklif edib. Bu məqsədlə viza əldə edərək Almaniyaya gedib və özünün Münhen şəhərində yerləşən evində birlikdə yaşayıblar. Almaniyada yaşadıqları müddət ərzində bir sıra başqa ölkələrə səfərlər ediblər. Bu xüsusat Fidan Abbasova və Orxan İsmayılzadənin pasportlarında olan eyni tarixdə sərhəd-buraxılış məntəqəsində aparılmış qeydlərlə təsdiq olunur. Beləliklə, 2012-ci ilin may ayından 3 sentyabr 2016-cı il tarixədək Orxan İsmayılzadə ilə faktiki nikah münasibətlərində olublar. Faktiki nikahdan 5 may 2015-ci il tarixdə Nil adlı qızları anadan olub. Orxan uşağın atası olduğu halda, uşağın atası kimi yazılmasına dair ərizə verməyib, səbəbini onunla əsaslandırıb ki, onun valideynləri uşağın atası kimi yazılmasına razılıq vermirlər və hətta bununla əlaqədar atası onu döyüb. Nəticədə faktiki nikahdan 5 may 2015-ci il tarixdə anadan olmuş uşağın ata adından istifadə etmək hüququ pozulub”.

Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinov hesab edib ki, həqiqətin üzə çıxması üçün Orxan İsmayılzadə və qızı Nil İsmayılzadə DNK testindən keçməlidirlər. Ekspertiza fevralın 6-da, saat 12-təyin olunub. Buna qədər iş üzrə ayrı-ayrı məhkəmə instansiyalarında Orxan İsmayılzadə və qızı Nil İsmayılzadənin DNK ekspertizasından keçirilmələri haqda 5 məhkəmə qərar verib. Həmin qərarların icrası Orxan İsmayılzadənin ekspertizaya qatılmamasına görə baş tutmayıb.
İddiaçı Fidan Abbasova Musavat.com-a deyib ki, qızı Nil İsmayılzadə ekspertizanın işində iştirak edəcək:
“Ümid edirəm ki, Orxan İsmayılzadə bu dəfə ekspertizanın işində iştirak edəcək. Sabunçu, Xətai və apellyasiya instansiyaları buna qədər DNK ekspertizası keçirilməsi üçün qərar veriblər. Orxan İsmayılzadə hər dəfə bir bəhanə ilə ekspertizanın işində iştirak etməyib. Hər dəfə də onun ekspertizanın işində iştirak etməməsi protokollaşdırılıb. Bu dəfə də ekspertizaya qızımı vəkilin iştirakı ilə aparacağıq. Orxan İsmayılzadə gəlsə də, gəlməsə də, biz ekspertizanın işində iştirak edəcəyik. Artıq 5 dəfə iştirak etmişik, 6-cı dəfə də iştirak etməkdə qərarlıyıq”.