Cümə , Oktyabr 7 2022
Ana səhifə / Kriminal / O meyit həqiqətən Nərminindirmi? – Sensasion detallar

O meyit həqiqətən Nərminindirmi? – Sensasion detallar

Nərmin Quliyevanın itkin düşməsi və 47 gündən sonra meyitinin tapılması ilə bağlı ortaya ən müxtəlif səviyyələrdə iddialar ortaya atılmışdır. Bu iddiaların bir çoxu absurd və gülüncdür. Hərçənd burda qəribə heç nə də yoxdur. İctimaiyyətin diqqətini bu qədər cəlb edən bir hadisədə kimlərin çirkin, kimlərinsə axmaq, kimlərinsə məqsədli, kimlərinsə sensasiya xarakterli iddialar səsləndirməsi təbiidir. İbtidai istintaq və məhkəmənin əsas vəzifəsi də həqiqəti ortaya çıxartmaqdır.

Orqan alverinə qədər gedib çıxan iddiaların hər birini araşdırmaq bəlkə də qalın bir kitabın mövzusudur. Ancaq bəzi iddialarla bağlı həqiqətən əsaslar da mövcuddur. 7 yanvarda tapılan meyitin Nərminə məxsus olmaması da həmin iddialardan biridir. Və bu iddianın ortaya çıxması və yaşaması üçün əsaslı səbəblər də mövcuddur. Bu məqalə də bu təliqlə yazılmışdır.

Meyit necə tanındı?

Nərminin yanmış meyiti 6 yanvar tarixində axşam saatlarında aşkar edilmişdi. Hadisə yerinə baxışla bağlı tərtib edilən 7 yanvar tarixli protokolda deyilir:

Baxışda iştirak edən Quliyev Şərif Qəşəm oğlu və Quliyev Arif Qəşəm oğlu meyitə baxaraq onu diqqətlə nəzərdən keçirib SİFƏT QURULUŞU VƏ CİZGİLƏRİNƏ, SAÇI, DİŞLƏRİ, ƏYNİNDƏKİ PALTARLARA VƏ AYAQQABILARA (Fərqləndirmə mənimdir-Q.T.) əsasən Quliyeva Nərmin Şərif qızının meyiti olduğunu bildirdilər.

Geyimlər barədə əvvəlki yazılarda kifayət qədər təfərrüat qeyd edilmişdi. Məhkəmə prosesində də geyim məsələsi mübahisələndirilib. “Toplum.TV”-nin hazırladığı məhkəmə reportajında oxuyuruq:

“İlkin Süleymanovun vəkili Əlibala Rzayev də Şərif Quliyevin verdiyi ifadədə ziddiyyətli məqamların olduğunu qeyd edib.

O, Şərif Quliyevin məhkəmədə Nərminin itkin düşdüyü gün əynində “retuz” olduğunu, ifadəsində isə “ağ rəngli kalqotka” geyindiyini yazdığını deyib və bu məqamı ziddiyətli sayıb.

Hakim Dadaş İmanov Şərif Quliyevin, həmçinin 11 yanvardan əvvəl verdiyi ifadəsini də səsləndirib. Şərif Quliyev hər iki ifadəni səsləndirdikdə hakim Nərminin geyimi ilə bağlı ifadələrdə ziddiyyətlər olduğunu vurğulayıb.

Şərif Quliyev deyib ki, 11 yanvarda verdiyi ifadəsində Nərminin geyimi ilə bağlı hissə yadında qalmayıb, amma digər ifadələri təsdiqləyib”.

Göründüyü kimi, Şərifin Nərminin geyimi ilə bağlı ifadələri ziddiyyətli olsa da o, Nərmini geyimindən tanıyır ki, bu da ağlabatan deyil.

Bundan əlavə, Nərminin anası Aynurə Nərminin Şərif tərəfindən yuyulduğunu bildirsə də, Şərif məhkəmədə Aynurəni inkar edərək meyiti ekspertizada görmədiyini bildirib. Sual konkretlşdirilərək ekspertizadan yox, yuyulmadan söhbət getdiyi bildirildikdə, Şərif Quliyev eyni cavabı verib.

Valideynlər arasında uşağın kim tərəfindən yuyulması ilə bağlı fikir ayrılığının olması ağıl və zəkanın qanunları ilə izah edilə bilməz.

Gecikmiş sualın cavabsız qalması

İndi isə ittiham aktından bir rəyə nəzər salaq. Söhbət təkrar məhkəmə-tibbi ekspertizasının 25 sentyabr 2020-ci il tarixli T252/2020 №-li rəyindən gedir:

“Meyit 2009-cu il təvəllüdlü N.Ş.Quliyevanın meyiti kimi ekspertizaya təqdim edilmişdir (naməlum meyit deyildir).

Göründüyü kimi, bu tanınma istintaq tərəfindən qəbul edildiyi üçün meyit ekspertizaya Nərmin Quliyevanın meyiti kimi təqdim edilmişdir. Ancaq burda bir maraqlı məqam vardır. O da istintaqın ekspertiza qarşısında qoyduğu sualdır ki, həmin sual yuxarıda göstərilən rəydə cavablandırılıb.

Sual isə budur: Aşkar edilmiş və N.Ş.Quliyevaya ad edilən meyitin bütün hissələr üzrə ölçüləri ayrı-ayrılıqda müəyyən edilsin. Bu sual və digər suallarla bağlı tapşırıqlar 4 iyunda göndərilən məktubdandır. Ancaq ekspertiza 25 sentyabrda öz rəyini açıqlayır ki, 120 gün bu ekspertiza üçün çox uzun müddətdir. Əsas sual isə budur: İstintaq niyə bu barədə sual edirdi?

Ekspertizanın suala cavabı isə bundan ibarətdir: “Meyitin hissələrinin antropometrik ölçülərinin müəyyənləşdirilməsi adətən şəxsiyyətin identifıkasiyası üçün aparılan müayinədir. Meyit ilkin olaraq 2009-cu il təvəllüdlü N.Ş.Quliyevanın meyiti kimi ekspertizaya təqdim edilmişdir (naməlum meyit deyildir). Həmçinin meyitin ilkin ekspertizası zamanı N.Ş.Quliyevanın bədən hissələrinin ölçüləri təyin edilmədiyinə görə hal-hazırda bu suala cavab vermək mümkün deyildir”.

Və DNT analizi…

Meyitlərin tanınması iki yolla müəyyənləşir. Meyit tanınmaz halda olduqda DNT ekspertizası təyin edilir, əks halda isə yaxınlarının tanıması əsasında protokol tərtib olunur. Hadisə yerinə baxış protoklu ilə bağlı yuxarıda məlumat verilmişdi. Ancaq nəyə görəsə istintaq 21 fevralda genetik ekspertiza təyin etmək haqda da qərar qəbul olunub. Genetik ekspertizanın nəticələri ittiham aktına daxil edilmişdir:

“Təyin edilmiş məhkəmə tibb-genetik ekspertizasının 28 fevral 2020-ci il tarixli 154/2020-MTBŞ nömrəli rəyindən görünür ki, genetik test nəticəsində testə uğradılan meyit (NN) ilə İsmayılova Aynurə Rahib qızı (NM) və Quliyev Şərif Qəşəm oğlu (NF) arasında bütün STR lokuslar üzrə tam şəkildə uyğunluq aşkarlanmışdır. Bu isə onlar arasında övlad-valideyin səviyyəsində qohumluq əlaqələrinin olduğunu göstərir. Ekspertizaya təqdim olunmuş meyitin məxsus olduğu şəxs İsmayılova Aynurə Rahib qızının və Quliyev Şərif Qəşəm oğlunun genetik övladıdır”.

Meyit Şərif və Arif tərəfindən tanınmışdısa, nəyə görə genetik ekspertiza təyin edilirdi? Genetik ekspertiza ilə bağlı başqa bir sual: Niyə görə İlkin Süleymanovun evindən götürülən qan ləkələri ilə bağlı heç bir DNT analizi aparılılmamış və ancaq qan ləkələrinin aid olduğu qan qrupu aşkarlanmışdır. BU zəruri prosedur yerinə yetirilmədiyi halda heç bir zərurət olmadan meyitin şəxsiyyətini müəyyən etmək üçün genetik ekspertiza təyin edilir. Məntiq sərhədlərini aşan bu situasiya sağlam niyyət haqqında mülahizə yürütmək üçün heç bir əsas vermir.

Keçən yazılarımızda qeyd etdiyimiz kimi, Nərminin əynindən və hadisə yerindən cins şalvar çıxmadığı halda ekspertizaya cins şalvar göndərən istintaqın valideynlərinin qanı ilə tutuşdurmaq üçün Nərminin qanını düzgün göndərdiyinə inanmaq elə də asan olmamalıdır. Şərif Quliyevin mediaya verdiyi müsahibədən aydın olur ki, o DNT analizi vermək üçün Bakı şəhərinə həyat yoldaşı və iki qızı ilə gəlmişdir. Genetik ekspertizaya təqdim edilən qanın Nərminə yox, bacılarına aid olduğunu iddia etdikdə cins şalvar oyununa əl atan istintaqın bunu inkar edəcək arqumenti qalacaqmı?

İstintaq orqanları özlərinə olan inamı öz əlləri ilə məhv ediblər.

Rəisin şübhəli əməlləri

İlkin Süleymanovun əmisi oğlu, hadisə baş verdikdə pois nəfəri olan Murad Süleymanovun məhkəmədə verdiyi ifadədən bir parçanı bu konteksdə bölüşməyə ehtiyac var:

“Mən şəxsən tanımadım ki, Nərmindir, yoxsa yox. Meyit yanması haqda polis rəisinə xəbər verəndən təxminən 15 dəqiqə sonra rəis müavini Şahlar Cəfərovla gəldilər, ardınca başqa polislər gəldi. Rəis çatan kimi Şahlar Cəfərova dedi ki, odur – Nərmindir…”

Görəsən, polis rəisi yanan meyiti gecənin qaranlığında necə tanımışdır? Üstəlik, Şərifin şəxsi etirafına görə polis rəisi Şirzad Cəfərov meyit tapıldıqdan sonra ona meyitin tapıldığı ərazini qazdırıb. Bu da mənəvi və hüquqi niyyətlə izaholunmaz bir hadisədir.

Sonda…

Yazının əvvəlində də qeyd etdiyimiz kimi həmin meyitin Nərminə aid olması sadəcə bir iddiadan ibarətdir. İddianın varlığı faciə deyildir, əsl fəciə bu iddianı dəstəkləyən sübutların varlığıdır. Bütün bunlar istintaqın səriştəsiz, tendensiyalı və səhlənkar aparılmasının nəticəsidir.

Prezident fərmanı ilə yaradılan Sosial Araşdırmalar Mərkəzinin apardığı araşdırmanın bu ilin iyun ayında elan etdiyi nəticələrə görə, ölkə əhalisinin ancaq 37.6 faizi məhkəmələrə etibar edir. Bu, son dərəcə acınacaqlı bir tablodur. Vətəndaşların başlarına gələn pis hadisələrdə qərarverici orqan olan məhkəmələrə etibar etməməsindən daha pis bir tendensiya ola bilməz. Nərmin məsələsi və bunun kimi məsələlər bu etibarsızlığı daha da dərinləşdirir və vətəndaşla hüquq sistemi arasında uçurum yaradır.

Nərminin işi ilə bağlı aparılan istintaq belə bu sahədə dərin islahatlar aparılması zərurətindən xəbər verir. Bu cür istintaq ictimai vicdanı yaralayır, vətəndaşlarda dövlətə etimad hissini məhv edir, ictimai inkişafı önünü tıxayır, mənəvi təmizliyi və vətəndaş inamını yox edir.

İlkin Süleymanovun haqqında heç bir məhkəmə hökmü olmadığı halda 2 il 8 ay həbsdə qalmasını başqa nə ilə izah etmək olar? Keçmiş baş prokurorun sifarişi ilə ömürlük həbs cəzası alan şəxsin azadlığa buraxıldığı bir zamanda bu prokurorun yarıtmaz fəaliyyətinin bütün izlərinin silinməsi zəruri deyilmi?

Qan Turalı

Həmçinin oxuyun

Polkovnik Elnur Məmmədov həbs olundu

Ehtiyatda olan polkovnik Elnur Məmmədov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə araşdırması başa …