Şənbə , Noyabr 28 2020
Ana səhifə / Kriminal / “O, Eldar Mahmudovdan müxtəlif orqanlara şikayət edib” – generalın məhkəməsi

“O, Eldar Mahmudovdan müxtəlif orqanlara şikayət edib” – generalın məhkəməsi

Ləğv olunmuş MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizov yenidən hakim qarşısına çıxarılır. Onlar aldıqları cəzanın azaldılmasını və ya həbsdən buraxılmalarını istəyirlər. Bu məqsədlə apellyasiya şikayəti veriblər.

Musavat.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə “Maqnit” mağazalar şəbəkəsinin sahibi Seymur Abdullayev ifadə verib.

“MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə idarəsinin rəisi olmuş general Sübahir Qurbanov, onun müavini, polkovnik Füzuli Əliyev və işçisi Natiq Alıyev Seymur Abdullayevi hədələyib 500 min manat tələb edib” – deyə ittiham aktında göstərilir.

Məlumata görə, son nəticədə onlar iş adamından 250 min alıb əl çəkiblər. Zərərçəkmiş Seymur Abdullayev 1992-1994-cü illərdə DİN-in Narkomaniya və narkobiznesə qarşı mubarizə İdarəsinin əməliyyat müvəkkili işləyib.

O, istintaqa ifadəsində deyib ki, həmin vaxt idarənin rəisi Eldar Mahmudov olub. Akif Çovdarov və Hilal Əsədov da həmin idarədə işləyib. Seymur Abdullayev bildirib ki, Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra Çovdarov və Hilal Əsədov da MTN-ə gedib. Çovdarov MTN-də Baş idarə rəisi, Əsədov isə nazir müavini vəzifəsinə qədər irəli çəkilib.

İfadəsinin davamında Abdullayev başına gələnləri belə izah edib: “2015-ci ilin martında bir nəfər zəng edib özünü MTN əməkdaşı Natiq Alıyev kimi təqdim edib, nazirliyə çağırdı. Nazirliyin yaxınlığında kafedə görüşdük. Söhbət zamanı Natiq Alıyev dedi ki, rəhbərlik nazirliyin 4-cü Baş İdarəsinin üzərinə ciddi tapşırıqlar qoyub, sahibkarlar MTN-ə pul verməlidilər. Nə qədər pul verməli olduğumu soruşdum. O da 500 min manat dedi. Mən 50 min təklif etdim. Bundan sonra Natiq Alıyev hədə-qorxu gəlib, qaçaqmalçılıq yolu ilə mal gətirdiyimi, mənə problem yaradacaqlarını, mağazalarımı bağlayacaqlarını dedi. Fikirləşmək üçün vaxt istədim. Maraqlanıb öyrəndim ki, həqiqətən də pul verməyən sahibkarlara bu problemləri yaradıblar. Bir-iki gündən sonra Natiq Alıyevə zəng edib 250 min manat verə biləcəyimi dedim”.

Bu epizodlar bağlı Füzuli Əliyevin vəkili İqbal Həsənov bildirib ki, ümumiyyətlə, belə hadisə olmayıb. Vəkil deyib, S.Abdullayev özü də Bakı Hərbi Məhkəməsində ifadə verərkən nə “Maqnit”in sahibi olduğunu, nə də ondan pul alındığını deyib: “Dedi ki, “belə baxanda mən “Maqnit”də heç kiməm. Rəhbərliyə aidiyyətim yoxdur. Mənim “Maqnit”də işim mağazalara borcu olanlara ödətdirmək olub, kollektor kimi fəaliyyət göstərmişəm”. Təəssüf ki, bütün bunlardan sonra da məhkəmə hökmündə həmin ittiham epizodunu saxladı. Bu adam könüllü şəkildə gedib şikayətçi olmayıb, onu hüquq-mühafizə orqanları özləri tapıb çağırıb, ərizə alıblar. Bu cinayət işi analoqu olmayan işdir. Addımbaşı pozuntudur”.

Digər zərərçəkmiş, “Arazplast” MMC-nin rəhbəri Elman Muradovun qanunsuz saxlanması, MTN əməkdaşlarının onun şirkətindəki seyfdən 80 min götürməsi, nazirlikdə saxlanılarkən döyülməsi, dişlərinin tökülməsi barədə danışan vəkil deyir ki, bu da yalandır.

Füzuli Əliyevin vəkili əlavə edib ki, Eldar Mahmudov hələ nazir olub, sözü keçən vaxtlarda Elman Muradov ondan müxtəlif orqanlara şikayət edib: “Onun erməni iş adamıyla əlaqələri, Ermənistana mal göndərilməsi barədə məlumat daxil olub. Bununla əlaqədar nazir Vergilər Nazirliyinə məktub göndərib. Araşdırma müddətində onun ölkədən çıxışına məhdudiyyət qoyulub. Hava limanında onu saxlayıblar. Bundan sonra hüquq-mühafizə orqanlarına Eldar Mahmudovdan şikayət edib, göstərib ki, 10 min manat pulunu alıblar. Daha sonra sözünü dəyişib, deyib, şirkətin ofisinə işıq çəkmək üçün bu qədər pulunu alıblar, o da ehtimal edib ki, MTN-ə çatıb o pul. MTN əməkdaşları “Arazplast” MMC-nin ofisində yox, istehsal sahəsində axtarış aparıblar. Axtarış vaxtı Türkiyədən Ermənistana mal göndərilməsi barədə qaimələr tapılıb”.

Müdafiəçi çıxışında onu da qeyd edib ki, sabiq MTN-çilərin həbsindən sonra polkovnik Füzuli Əliyevin kabinetində axtarış olub. Bu zaman adıçəkilən şirkətin Ermənistanla əlaqələrinə dair toplanmış sənədlər tapılıb. Lakin o materiallar cinayət işinə əlavə edilməyib. Bundan sonra hakim işdə dövlət sirri sayılan məlumatların olduğunu əsas gətirib, prosesin bir hissəsinin qapalı keçirilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliye 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Digər təqsirləndirilənlər Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayev 3 il, Elşad Əzizov 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

Həmçinin oxuyun

“Ərimə yaxın dostu ilə xəyanətimi dedim” – Sofiyevanın ziddiyətli ifadələri

Ötən ilin iyulun 7-də naməlum şəraitdə yatdığı divanda bir neçə bıçaq zərbəsi və boğazının kəsilməsi …