Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Növbəti devalvasiya ehtimalı evlərin qiymətinə necə təsir edəcək?

Növbəti devalvasiya ehtimalı evlərin qiymətinə necə təsir edəcək?

Fevralın 21-də baş verən devalvasiyanın (manatın dollar qarşısında ucuzlaşması- red.) mənzil bazarına təsirinin şahidi olduq. Devalvasiya ilə yanaşı, təkcə Azərbaycanda deyil, dünyada baş verən iqtisadi böhran nəticəsində hazırda ölkənin mənzil bazarında durğunluq davam edir.

Sual yaranır ki, növbəti devalvasiya ehtimalını nəzərə alsaq, bu, bazarda mənzillərin qiymətlərinə, alıcı-satıcı münasibətlərinə necə təsir edə bilər?

Oxu.az məsələ ilə bağlı daşınmaz əmlak bazarı üzrə ekspertlərin fikirlərini öyrənib.

“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib ki, fevralın 21-də baş verən devalvasiyaya istinad etsək, bu zaman manatla olan satışların bir anda dollara çevrildiyini, bir müddətdən sonra isə manatla həmin rəqəmlərə qayıtdıqlarının şahidi olduq: “Fevralın 21-də baş verən devalvasiya zamanı manatla olan satış qiymətləri bir anda dollarla əvəzləndi. Bu keçidə cəhd isə mart ayının sonunadək davam etdi. Bunun nəticəsində alıcılar isə bazarda baş verən bu proses ilə barışmadılar. Satıcılar isə sonda əvvəlki manatla olan rəqəmlərə qayıtmağa bir növ məcbur oldular. Devalvasiya bazara təsir etmədi demək də düzgün olmazdı. Faizlə ifadə etsək, devalvasiyanın 15% təsiri oldu”.

Daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Osmanlı isə açıqlamasında deyib ki, ehtimal olunan devalvasiya bazarı faktiki olaraq iflic vəziyyətinə salıb: “Əhalidə mövcud maliyyə resursları ilə yanaşı, fond bazarına da bir etimatsızlıq yaranıb. Yəni, hökumətin bu istiqamətdə qəbul etdiyi qərarlar, eyni zamanda makroiqtisadi baxımdan Azərbaycanı mövcud, qarşıda gözlənilən müəyyən təhlükələr, müəyyən qrupların əlində, mövcud vəsaiti olan insanları gözləmək mövqeyinə keçməyə, proseslərin axarını sona qədər izləməyə sövq edir.

Bu da təbiidir. Yəni, hökumət vergi yükünün artırılması və yaxud dəyişdirilməsi, daşınmaz əmlakın vergiyə cəlb edilməsi və s. istiqamətdə tez-tez qərarlarını dəyişir. Bu da əlində vəsaiti olan insanları indiki mərhələdə daşınmaz əmlaka investisiya qoymaqdan çəkindirir.

Hesab edirəm ki, bu -indiki mərhələdə baş verən proseslər əmanətlərin azalması, həm də daşınmaz əmlaka ödənilən vəsaitlərin həcminin azalması təbiidir. Yəni burda əsas məsələ bu sahələrə sırf olaraq etimatsızlıqla bağlıdır”.

Mümkün devalvasiya ehtimalının mənzil bazarında satıcı-alıcı münasibətlərinə təsirindən danışan ekspert qeyd edib ki, əgər devalvasiya baş verəcəksə, insanlar yastıq altında olan vəsaitlərini bir müddətdən sonra bazara cəlb edəcəklər:“Devalvasiyanın olması ilə bağlı hələki informasiyalar, proqnozlar var, amma bu nə vaxtdan başlayacaq, bunu demək bir qədər çətindir. Dünyada baş verən proseslər, maliyyə bazarlarında baş verən proseslər hər gün dolların xeyrinə dəyişməkdədir. Dolların mövqeyini gücləndirir. Bu baxımdan indiki mərhələdə devalvasiyanın başvermə ehtimalı həddən artıq yüksəkdir.

Düşünürəm ki, hökumət fevral devalvasiyasında olduğu kimi, birdən-birə 25-30%-lik devalvasiyaya getməyəcək. Bu proses tədricən-mərhələli şəkildə həyata keçiriləcək. Bu isə alıcılıq qabiliyyətinin aşağı düşməsinə təsir göstərəcək.

Əhalinin, belə deyək, yenidən maliyyə və fond bazarlarına olan marağı, etimadı azalacaq. Proses stabilləşdikdən sonra, əhali yastıq altında olan vəsaitləri daşınmaz əmlak bazarına cəlb etməkdə maraqlı olacaq”.

Öz növbəsində, “Value&Sources Consaltinq” Şirkətinin rəhbəri Rəşad Əliyev isə deyib ki, mümkün devalvasiya ehtimalı bazarda qiymətlərə təsir edir, ancaq devalvasiya baş verəcəyi təqdirdə ev alqı-satqı prosedurları təxirə salına və ya ləğv edilə bilər:

“Manatla ifadədə vəziyyətin qeyri-müəyyən olmasına səbəb devalvasiyanın həcminin nə qədər olacağı ilə bağlı məlumatın olmamasıdır. Bilirsiz ki, ev alqı-satqı prosedurları özü müəyyən qədər vaxt tələb edir.

Mümkün devalvasiya baş verəcəyi təqdirdə, alqı-satqı əməliyyatlarının icrasında müəyyən problemlər yaşana bilər. Ya onlar təxirə salına, ya da ləğv edilə bilər. Biz 21 fevral devalvasiyasında da bunun şahidi olduq”, – deyə o əlavə edib.

Ekspert onu da əlavə edib ki, bəzi insanlar devalvasiya təhlükəsi qarşısında belə, mənzil bazarına investisiya qoyurlar. Bu isə bank sektorunda olan narahatlıqla bağlıdır.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın