Şənbə , Noyabr 28 2020
Ana səhifə / Kriminal / Nazir müavininin 3 il əvvəl ifşa olunmuş qohumları indi həbs edildilər

Nazir müavininin 3 il əvvəl ifşa olunmuş qohumları indi həbs edildilər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ələmətdar hadisə baş verib. Dələduzluqda ittiham olunan Emin Huseynov zərərçəkmiş şəxslərə 3,2 milyon manat kompensasiya ödəyib.

Virtualaz.org-un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxs qismində məhkəmə önünə nəqliyyat nazirinin keçmiş müavini, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri Arif Əsgərovun baldızı oğlu çıxarılıb.

Məsələ burasındadır ki, bir neçə il öncə “Azərbaycan Dəmir Yolları” QSC-də baş verən böyük qalmaqallar məhkəməyə indi gedib çıxıb.

Dörd il öncə – 2013-cü ildə Arif Əsgərovun qohumlarının vəzifə səlahiyyətlərindən istifadə edərək, onlarla biznesmenə qarşı dələduzluq etməsi ilə bağlı haqqın.az saytı yazıb. Təxminən 50-ə yaxın biznesmen Emin və Rahib Hüseynov qardaşlarının, həmçinin Arif Əsgərovun oğlu Elnar Əsgərovun toruna düşdüklərini, onların qurbanına çevrildiklərini şikayətlərində göstərmişdilər. 28 yaşlı gənc sahibkar artıq dəmir yollarındakı təhcizat sferasını inhisara ala bilmişdi. Elnar Əsgərova məxsus “Liman” şirkəti Arif Əsgərovun idarəsinin elan etdiyi bütün tenderlərin qalibi olurdu.

Həmin ərəfədə Arif Əsgərov böyük və nüfuzlu məmur hesab edilirdi. Ona görə də, öz qohumu Emin Huseynovun ölkədən qaçmasını təşkil edib, qalmaqalı bu yolla çözməyi bacardı. Aldadılan çoxsaylı biznesmenlərin hüquq-mühafizə orqanlarına şikayəti, haqqin.az saytının isə dəfələrlə bu mövzuya toxunması bu işdə heç bir nəticə vermədi.

Vəziyyət kökündən yalnız Arif Əsgərov “Azərbaycan Dəmir Yolları”nın sədri və nəqliyyat nazirinin müavini vəzifələrindən kənarlaşdırıldıqdan sonra dəyişdi. Belə ki, ötən ilin dekabrında İnterpol xətti ilə axtarışda olan Emin Huseynov Qazaxıstanda həbs olunaraq Azərbaycana təhvil verildi. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürüldü. Barəsində həbs qətimkan tədbiri seçilən E.Hüseynov çox keçmir ki, həbsinin ev dustaqlığı ilə əvəzlənməsinə nail olur. Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin olunub. E.Hüseynov barəsində həbs məhkəmənin “humanist” qərarına əsasə ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənir və o, məhkəmə zalından azadlığa buraxılır.

Əgər Azərbaycan Femidasının xüsusiyyətlərini nəzərə alsaq, onda fərz etmək olar ki, Emin Huseynov hansısa gizli saziş sayəsində azadlığa çıxır – oğurlanmış pulları qaytarmaq şərtilə. Bu gün keçirilən məhkəmə prosesində Qoşqar Zeynalova 3 milyon 145 min manat, Şahin Allahverdiyevə – 82 min manat, Mərziyyə Rzayevaya – 51 min manat kompensasiya ödənilib. Dörd nəfər zərərçəkmiş isə növbənin onlara çatacağını gözləyirlər.

E.Huseynovun qardaşı Rahib Huseynov da dələduzluqda ittiham edilir. R.Hüseynov barəsindəki cinayət işinə də hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Arif Əsgərovun oğlu Elnar Əsgərov isə sudan quru çıxmağı bacardı.

Sözügedən bu nəhəng işin məhkəməyə qədər gedib çıxması 4 il sürdü. Kim bilir, Arif Əsgərov öz vəzifəsində qalsaydı bütün bunların axırı necə olacaqdı? Təəssüflər olsun ki, Azərbaycan Femidası o zaman oyuna daxil olur ki insanın bütün siyasi toxunulmazlığı əlindən alınır.

Həmçinin oxuyun

“Ərimə yaxın dostu ilə xəyanətimi dedim” – Sofiyevanın ziddiyətli ifadələri

Ötən ilin iyulun 7-də naməlum şəraitdə yatdığı divanda bir neçə bıçaq zərbəsi və boğazının kəsilməsi …