Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Kriminal / Nazim İbrahimovun qardaşı Vergilər Nazirliyinin əməkdaşı ilə razılaşmadı

Nazim İbrahimovun qardaşı Vergilər Nazirliyinin əməkdaşı ilə razılaşmadı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq, vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan iş adamı Sahib İbrahimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə iş adamının rəhbərlik etdiyi şirkətlərdə yoxlama aparan Vergilər Nazirliyinin əməkdaşı Emin Kərimov ifadə verib. Nazirlik əməkdaşı deyib ki, yoxlama qismən təqdim edilmiş sənədlər və qarşılıqlı əlaqələr əsasında həyata keçirilib. Yoxlamaların 2012-ci ilin fevralından 2015-ci ilin fevralınadək olan tarixi əhatə etdiyini deyən E. Kərimovun ifadəsinə görə, S.Bəhlulzadə küçəsində yerləşən bina və “Galaxy Palace”ın Həsən Əliyev küçəsində inşa etdiyi binadakı yoxlamalarda 2,2 milyona yaxın vergidən yayınma halı aşkarlanıb.

Nazirlik əməkdaşı deyib ki, araşdırmalar zamanı obyektlərin satıldığı, amma vergidən yayınma halı baş verdiyi müəyyən edilib.

İş adamı isə həmin obyektlərin satış üçün nəzərdə tutulmadığını, sökülən binanın sakinlərinin oraya köçürüldüyünü deyib: “Həmin sakinlər istintaq orqanına ifadəsində də bu haqda bildiriblər. Səttar Bəhlulzadədəki bina dövlət əhəmiyyətli layihə üçün söküldü. Həmin sakinlər Həsən Əliyevdə inşa edilən binaya köçürüldü. Köçürülmə də belə oldu ki, biz vətəndaşları çətin vəziyyətdə qoymaq istəmədik, obyekt verməyi təklif etdik, onlar da razılaşdılar. Sadəcə onlara təqdim etdiyimiz obyektlərə qoyduğumuz qiymətlər yüksək idi. Vergi də həmin qiymətlərə görə vergi hesablayıb. Halbuki mən həmin obyektləri satmamışam, qazanc əldə etməmişəm. İnşa etdiyim bina sökülüb, vətəndaşlar narazı qalmasın deyə başqa ünvana köçürmüşəm. Amma binam söküldüyü halda pul almamışam. Bu da az deyilmiş kimi, 1,5 milyon da vergi ödəməliyəm. Pulumu nə vaxt alsam, ödəyərəm”.

S.İbrahimov həmçinin əlavə edib ki, vətəndaşlara sonradan verilən obyektlərin yerləşdiyi bina yaşayış kompleksi olmayıb: “Həmin yer biznes mərkəzi idi. Rəsmi sənədlərdə də bu göstərilib. Belə olan halda biz vergi ödəməli deyildik. Amma Vergilər Nazirliyi həmin tikilini yaşayış binası kimi rəsmiləşdirib”.

Nazirlik əməkdaşı isə bildirib ki, heç bir rəsmi qurumdan həmin tikilinin biznes mərkəzi olması ilə bağlı rəsmi sənəd əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.

O, 52 nəfərə 2 milyon manat “atmaq”da ittiham olunur, istintaq zamanı həmin şəxslərin pulunu qaytarıb.

S.İbrahimov istintaqın ilk mərhələsində həbs olunsa da, daha sonra ev dustaqlığına buraxılıb.

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …