Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / Kriminal / “Naxçıvanın fəxri vətəndaşıyam, mənə şərait yaradın”

“Naxçıvanın fəxri vətəndaşıyam, mənə şərait yaradın”

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, hakim Azər Paşayevin  sədrliyi ilə keçirilən  prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Hakim sabiq icra başçısına hüquqlarını izah edib.

Daha sonra sabiq icra başçısının vəkili Elmar Kərimov mətbuat nümayəndələrinin məhkəmədə iştirakına etirazını bildirib və jurnalistlərin məhkəmə zalından çıxarılması ilə bağlı vəsatət verib: “Müvəkkilim mətbuat nümayəndələrinin prosesdə iştirak etmələrini istəmir”.

Hakim isə vəkilə açıq məhkəmə iclasının keçirildiyini bəyan edib.Keçmiş icra başçısının vəkillərinin növbəti vəsatəti V.Hacıyevin səhhətindəki problemləri nəzərə alaraq barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə olub. “Müvəkkilim uzun müddət müxtəlif vəzifələrdə işləyib. Birinci Qarabağ müharibəsi veteranıdır. Səhhətində ciddi problemlər var. İstintaqdan yayınan şəxs deyil”- vəkil vəsatətində qeyd edib.

Məhkəmə bu  vəsatəti də təmin etməyib.  Vəkillərin növbəti vəsatəti isə V.Hacıyevin saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasından Penitensiar Xidmətin 1 saylı təcridxanasına köçürülməsi ilə bağlı olub. Bu vəsatətə növbəti məhkəmə prosesində münasibət bildiriləcək.

V.Hacıyev üzünü məhkəmə zalında iştirak edən mətbuat nümayəndələrinə tutub və “Naxçıvanın fəxri vətəndaşı olduğunu” bildirib, müalicəsi üçün “normal şərait yaradılmasını” ölkə rəhbərliyindən xahiş edib.

Vəkillər ittiham aktı ilə tanış olmadıqları üçün hazırlıq iclası sentyabrın 3-ə kimi təxirə salınıb.

Qeyd edək ki, istintaq orqanı tərəfindən V.Hacıyevə qarşı vəzifə səlahiyyətlərini aşma, mənimsəmə və rüşvət alma maddələri ilə ittiham irəli sürülüb. Səbail rayon Məhkəməsi tərəfindən barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. DTX tərəfindən həbs olunan V.Hacıyevin evindən milyonlarla dollar və avro nəğd pul (qablaşdırılmış şəkildə) aşkarlanıb, habelə onun kabinetində yerləşdirilmiş gizli kamera icra başçısının rüşvəti necə topladığını qeydə alıb.

Həmçinin oxuyun

Şəhid anasını oğlunun sağ olduğuna inandıran şəxslər saxlanılıb – VİDEO

Vətən müharibəsində iştirak edərək qəhrəmancasına həlak olmuş şəhidlərimizdən birinin qohumlarının Daxili İşlər Nazirliyinə etdikləri müraciətlə …