Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Natiq Cəfərli: “İndi banklar yavaş-yavaş batacaq”

Natiq Cəfərli: “İndi banklar yavaş-yavaş batacaq”

Ekspert Natiq Cəfərli Konstitusiya Məhkəməsinin dollar kreditləri ilə bağlı çıxardığı qərarla bağlı belə deyib. Onun sözlərinə görə, qərardan bütün hallarda banklar da zərər çəkəcək: “Problem ondadır ki, hər hansı bir qərar olsaydı, banklar ziyan görəcəkdi. İndi banklar yavaş-yavaş batacaq. Qərar əhalinin xeyrinə olsaydı, banklar birdən batacaqdı”.

Ekspertin sözlərinə görə, əhalinin xeyrinə qərar çıxarılardısa, bank sektoru ciddi stresə girəcəkdi: “Böyük müflisləşmə dalğası yarana, onlarla bank sıradan çıxa bilərdi. Bu da əhali arasında panika yaradacaqdı. Çünki həmin maliyyə qurumlarına qoyulan əmanətlərlə bağlı problemlər meydana çıxa bilərdi. Eyni zamanda, bankların borcları məsələsi gündəmə gələcəkdi”.

N.Cəfərlinin sözlərinə görə, indiki halda, əhalinin dollarla kreditlərində problemlər yaranması gözləniləndir: “Son aylar artıq rəsmən problemli kreditlərin artdığını etiraf edirlər. Vaxtı keçmiş kreditlərin həcmi 1,2 milyard manata çatıb və bunun həcmi sürətlə artır. Bankların xeyrinə qərar da onları stressdən xilas edə bilməyəcək. Çünki əhalinin banklara kreditləri geri qaytarması sürəti aşağı düşəcək”.

Onun sözlərinə görə, bank sektoru olduqca həssas bir dönəmdədir: “Rusiya və Qazaxıstanda da kəskin devalvasiya oldu. Lakin bu ölkələrdə dollarla götürülən kreditlərin qaytarılmasında müəyyən güzəştlər oldu. Böyük tərkibdən ibarət komissiya yaradıldı. Nəhayət qərara alındı ki, əhali və banklar arasında zərərlər bərabər bölüşdürülsün. Bizdə hər iki istiqamətdə çıxarılacaq qərarın bank sektorunda çətinliklər yaşadacağı bəllidir. Hökumət problem dərinləşəndən sonra hər hansı bir addım atmağa məcbur olacaqsa, o zaman bu, daha baha başa gələcək”.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı mühüm məsələdə bankların tərəfini tutaraq qərar verib. Qərara görə, vətəndaşlar dollarla götürülən kredit borcunu devalvasiyadan sonrakı nisbətlə ödəməlidir.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın