Ana səhifə / Kriminal / Nəriman Əliyevlə bağlı yenidən məhkəmə başladı

Nəriman Əliyevlə bağlı yenidən məhkəmə başladı

Milli Məclisin sabiq deputatı, “Ştutqart” şirkətinin rəhbəri Nəriman Əliyevlə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayəti başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası mayın 19-na təyin edilib.

Xatırlatma: “Ştutqart” şirkətinin keçmiş xəzinədarı Abutalıb Ağayev Nərimanov Rayon Məhkəməsinə müraciətində N.Əliyevin Cinayət Məcəlləsinin 147.2-ci (Böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (Təhqir) maddələri ilə cinayət işinin başlanmasına və onun cinayət məsuliyyətinə cəlb olunması barədə ittiham hökmünün çıxarılmasını istəyib. Şikayət onunla əsaslandırılıb ki, N.Əliyev kütləvi informasiya vasitələrində onun barəsində böhtan xarakterli açıqlama verib. A.Ağayev deyir ki, sabiq deputat onu üç epizodda heç bir hüquqi əsası olmadan müxtəlif növ cinayətlərdə ittiham edib.

Bildirib ki, o, uzun illər N.Əliyevin təsisçisi olduğu “Ştutqart” şirkətində xəzinədar vəzifəsində çalışıb və ötən ilin sentyabr ayında Əmək Məcəlləsinin 68-ci maddəsi ilə öz təşəbbüsü əsasında könüllü şəkildə işdən çıxıb:

“Bundan sonra onun bir neçə qanunsuz əməlləri barədə müxtəlif dövlət orqanlarına, habelə KİV-ə məlumatlar verdiyimdən Nəriman Əliyev məni cəzalandırmaq istəyir. Bu məqsədilə müxtəlif dövlət orqanlarına guya onun mal və mülkünü talamaqda ittiham edərək şikayətlər etdi. Etdiyi şikayətlər heç bir halda sübuta yetmədiyindən buna əsəbləşən Nəriman Əliyev yalan dolu ittihamlarını mətbuat vasitəsilə səsləndirməklə məni nüfuzdən salmağa çalışdı və buna da nail oldu. Konkret olaraq üç epizodda məni Cinayət Məcəlləsinin 312.1, 179.1, 179.2.1, 179.2.3, 179.4, 177.1, 177.2.1 və 177.4-cü maddələri ilə ittiham etdi və bunu ictimailəşdirdi. Onun əmlakını talamaqda və ya digər qanunsuz əməllərdə ittiham etmək istəyirsə, bu zaman Nəriman Əliyev hüquq mühafizə orqanlarına şikayət etməlidir. Nəriman Əliyev DİN-ə şikayət etsə də, heç bir halda məni nazirliyə dəvət etməyiblər və izahat belə almayıblar. Təkcə 30.01.2022-ci il tarixində Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə Nəriman Əliyevin şikayəti əsasında dəvət olundum və mənə qarşı səsləndirilən ittihamları rədd edərək sübutlar tələb etdim. Heç bir sübut olmadığından izahatım alınaraq sərbəst buraxıldım.

Bütün bunlar nəzərə alınmaqla demək olar ki, Nəriman Əliyev mənim barəmdə KİV-ə dediyi böhtanları bilə-bilə edib və heç bir halda onun əsaslı mənbələri olmayıb. Mənə vurulmuş maddi zərər ondan ibarətdir ki, bu xəbərlər paylaşıldıqdan sonra avtomobil ehtiyat hissələri sahəsi üzrə heç bir şirkət məni işə götürməyir. Bununla da işsiz qalmışam və ailəmi dolandırmaqda çətinlik çəkirəm. Habelə, bu xəbərlərdən sonra ağır onkoloji xəstə və eyni zamanda açıq ürək əməliyyatı keçirmiş anamın xəstəliyi daha da şiddətlənib, əlavə müalicəyə ehtiyac duyulur. İşsiz biri olduğumdan artmış müalicə xərclərini borc hesabına qarşılayıram. Bütün bunlar nəzərə alınmaqla ümumilikdə bu xəbərlərin KİV-də yer alması nəticəsində mənə müəyyən məbləğdə maddi ziyan dəyib”.

Məhkəmə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edib.

Qeyd: Daha əvvəl N.Əliyevin Bakının Nərimanov rayonu ərazisində ağacları qanunsuz kəsdirməsi faktı ilə bağlı cinayət işi açılıb. Baş Prokurorluğun yaydığı məlumata əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan məlumat və vətəndaş müraciəti əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılan araşdırma başa çatıb. Müəyyən edilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10C ünvanında “Ştutqart” MMC-nin qanuni təmsilçisinin xüsusi mülkiyyətinə verilən qeyri-yaşayış təyinatlı torpaq sahəsində həmin şirkətin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində meşə fonduna daxil olmayan müxtəlif diametrli 21 ədəd şam və sərv cinsli ağaclar qanunsuz kəsilərək götürülüb və bununla da külli miqdarda, yəni 11 min manat məbləğində ziyan dəyib. Toplanan material üzrə Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

N.Əliyev Milli Məclisin IV və V çağırış deputatı olub.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …