Bazar , Yanvar 29 2023
Ana səhifə / Kriminal / “Nərmin işi”ndə 3 ilin ziddiyyətləri: fərqli qan qrupları, meyit yanıb, paltar yanmayıb?..

“Nərmin işi”ndə 3 ilin ziddiyyətləri: fərqli qan qrupları, meyit yanıb, paltar yanmayıb?..

Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevaya məxsus olduğu iddia edilən yanmış meyitin tapılmasının üç ili tamam olur. Lakin bu cinayətlə bağlı müəmmalar davam edir.

İl yarım çəkən istintaq, ardınca da il yarımdan çoxdur davam edən məhkəmə prosesləri açıq qalan suallara cavab vermək əvəzinə, bu cinayətlə bağlı cavabsız sualların sayını daha da artırıb.

Məsələn, məlum olub ki, azyaşlı Nərminin şəxsiyyət vəsiqəsindəki qan qrupu ilə tapılan meyitin qan qrupu fərqlidir. Hətta bu ziddiyyətə aydınlıq gətirmək üçün azyaşlını oğurlayıb öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili Tovuz rayon Mərkəzi Xəstəxanasına sorğu göndərib, Nərminin qan qrupu ilə bağlı cavab alıb. Xəstəxana vəkilin sorğusuna cavabında da şəxsiyyət vəsiqəsində göstərilən cavabı yazıb.

Cinayət işinin materiallarında İlkin Süleymanovun meyit tapılandan 4 gün sonra – 2020-ci il yanvarın 10-da tutulduğu yazılıb. Lakin məhkəmədə İlkin Süleymanovun özü də, Nərminin valideynləri və başqa qohumları, bütün kənd sakinləri də bildirdi ki, İlkin yanvarın 6-dan tutulub. İlkin Süleymanov bildirir ki, 4 gün ərzində fiziki və psixoloji işgəncələr veriblər. Yanvarın 9-dan 10-na keçən gecə artıq işgəncələrə tab gətirə bilməyib, törətmədiyi cinayəti üzərinə götürməyə razılıq verib.

Məhkəmədə ortaya çıxan cavabsız suallardan biri də paltarlarla bağlı oldu. Necə olur ki, bədən kömürləşmə həddində yanır, amma bədəndəki paltar yanmır? İkincisi, hadisə yerindən tapılmayan paltarları (məsələn, cins şalvar) ekspertizaya kim aparıb təqdim edib ki, ekspert də həmin paltarlarda Süleymanovun paltarına aid lif tapılması haqda rəy verib? O cins şalvar hardan çıxıb?

Yaxud da ittiham aktında iddia olunur ki, İlkin Süleymanov azyaşlı qızın başına daşla vurub, qanın kənara axmaması üçün qırmızı əski parçası ilə bağlayıb. Hadisə yerindən tapılan paltarlar, əşyalar protokolda əksini tapıb. Onların arasında qırmızı əski haqda heç nə yoxdur. Amma sonradan ekspertizaya cins şalvar kimi, qırmızı əski də gəlib çıxıb. Onun necə gəlib çıxması isə məlum deyil.

İlkin Süleymanova qarşı sübutlardan biri də onun telefonuyla bağlı ekspert rəyidir. İddia olunur ki, ekspertiza onun telefonunda tutulmamışdan əvvəl bir sıra cizgi filmlərinə, erotik video və fotolara baxılması barədə rəy verib. Məhkəmədə aydın olub ki, ekspert rəyinə əsasən, İlkin Süleymanovun çılpaq qadın fotosuna baxdığı iddia olunduğu vaxtla (8 yanvar 2020-ci ildə) onun Nərmin işi üzrə birinci dəfə rəsmi qaydada şahid qismində müstəntiq tərəfindən dindirildiyi vaxt üst-üstə düşür. Yəni həmin vaxt sənədlərə əsasən, İlkin Süleymanov müstəntiqin qarşısında olub. O, həmin görüntülərə baxa bilməzdi. Özü də deyir ki, yanvarın 6-dan saxlanılıb və o vaxtdan da telefonu əlindən alınıb, polislərdə olub. Onun sözlərinə görə, telefonuna müdaxilə edilib və saxta sübutlar yaradılıb.

Azyaşlını oğurlayıb öldürməkdə təqsirləndirilən şəxsin atası İbrahim Süleymanov Prezident, Birinci Vitse-Prezident də daxil olmaqla, müxtəlif dövlət orqanlarına məktub göndərib. Məktubunda bu işdəki ziddiyyətləri sadalayan Süleymanov oğlunun üç ildir ki, heç bir cinayət törətmədiyi halda, həbsdə saxlandığını vurğulayıb.

“Məktubda qeyd etdiklərimiz bu cinayət işindəki saxtakarlıqların yalnız bir hissəsidir. Bu cinayət işi demək olar, başdan-ayağa saxtakarlıqlarla müşayiət olunur. Bu saxtakarlıqlar addımbaşı aydın şəkildə sezilir. Bu, haqsızlığın ərşə çəkilməsi anıdır…”, – İbrahim Süleymanov yazır.

Zərərçəkmiş tərəf – Nərminin atası Şərif Quliyev isə deyir ki, o, hüquq-mühafizə orqanlarının fəaliyyətinə inanır.

“Polis, prokurorluq bu işin istintaqını aparıb. Onlar deyir ki, bu işi İlkin Süleymanov eləyib. Mən dövlətimə də, onun orqanlarına da inanıram, güvənirəm”,- Şərif Quliyev bildirib.

Bizimyol.info

Həmçinin oxuyun

Azərbaycanlı kriminal avtoritet şok ittihamla tutuldu

Yanvarın 27-də 43 yaşlı keçmiş “qanuni oğru” Rafet Əmirov Özbəkistanda saxlanılıb. Azərbaycanlı kriminalın iki dövlət- …