Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Muradın bədənindən “cin çıxaran” zaman ölümünə səbəb olan dəstəyə 78 il həbs tələbi – TƏFƏRRÜAT

Muradın bədənindən “cin çıxaran” zaman ölümünə səbəb olan dəstəyə 78 il həbs tələbi – TƏFƏRRÜAT

“Cin çıxaran” dəstənin cinatət işi üzrə məhkəmə iclası davam etdirilir.

Belə ki, 6 nəfərlik dəstə üzvünün cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutub.

Sonuncu məhkəmə iclasında təqsirləndirilən şəxslərin vəkillərinin vəsatəti ilə məhkəmə istintaqı yenilənib. Vəsatətə əsasən mərhum Muradın meyitini müayinə edən ekspertlər dindirilib.

Prosesin davamında məhkəmə istintaqının başa çatdığı elan edilib.

Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərin hər birinə 13 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyib.

Vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə iclası yanvarın 27-də davam etdiriləcək.

İttihamda yazılır ki, 25 yaşlı Murad Soltanovun Şabran şəhərində kirayədə yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin altı nəfər tərəfindən törədildiyi müəyyən edilib. 

Araşdırmalarla onların Şabran şəhər sakinləri Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olduqları müəyyənləşdirilib və onlar şübhəli şəxslər qismində saxlanılıblar.

İlkin təhqiqat zamanı saxlanılanlar törətdikləri cinayət əməllərini etiraf ediblər. Həmin şəxslərin evdə M.Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formada müalicə etdikləri, bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vuraraq ona ağır bədən xəsarətlər yetirdikləri, məhz bundan sonra sonuncunun kirayədə qaldığı mənzildə dünyasını dəyişdiyi məlum olub. 

Araşdırmalarla M.Soltanovun Bakı şəhərində əvvəllər də eyni üsulla guya müalicə aldığı, lakin sonuncu belə “seans” zamanı sağlamlıq durumunun qəfil pisləşdiyi müəyyən edilib. Eyni zamanda, keçirilən tədbirlərlə, Vüsal İbrahimovun yaşadığı evə baxış zamanı oradan 1 ədəd qanunsuz olaraq saxladığı “Toz-8” markalı tüfəng aşkar edilərək götürülüb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 126.3 (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilən qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 138.2-1-ci (Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxslər özlərini təqsirli bilmir.

Təqsirləndirilənlərdən Vüsal İbrahimov istintaqdakı ifadəsində mərhum Muradın nar çubuğu ilə döyüldüyünü etiraf edib. Amma özü mərhumu vurmadığını deyib.

Bildirək ki, onlar Muradın bədənindən cin çıxarılması prosesini “Ruqiyyə” adlandıraraq bu ifadədən tez-tez istifadə ediblər.

Vüsal İbrahimovun ifadəsi belədir:

“Füzuli ilk “ruqiyyə”də Murada döşəmədə arxası üstdə uzanmağı tapşırdı, özü isə Quran oxuyub çubuqla onun qarnına vururdu. Mən yox, amma Cəmillə Əfqan da Muradı vururdular.

Murad özü ayağa durub özünü yaxşı hiss etdiyini dedi və atalığı Elnurla çıxıb getdi. Növbəti dəfə “ruqiyyə”də Füzuli yemək bişirmək üçün getdi, getməmişdən əvvəl dedi ki, bu dəfə Muradı möhkəm çubuqlayın, onsuz da həmin zərbələr Murada yox, cinə dəyir”.

Onun sözlərinə görə, sonuncu “ruqiyyə”də o, “Quran” oxuyub, digər təqsirləndirilən şəxslər Aprel və Sahib isə Muradın əl-ayağını tutub, Cəmillə Əfqan isə nar çubuğu ilə döyüb: “Mən 15 dəqiqə “Quran” oxuyandan sonra Muradı bərk döydüklərindən özümü pis hiss elədim və “Quranı” başa çatdıra bilmədim”.

Vüsal İbrahimov söyləyib ki, Muradın öldüyünü hadisə günü tanışlarından eşidib.

İş üzrə dindirilən Füzuli Qəribov özünü təqsirli bilməyib.

Deyib ki, Şabran rayonuna səfər edən turistlərə tərcüməçilik edib, psixi xəstəliyi olan şəxslərə “Quran” oxuyaraq müalicə edirmiş.

O, müalicə üsulunu da izah edib. Deyib ki, xəstələrin alnına əlinin içini qoyaraq “Quran” oxuyur. Bildirib ki, heç vaxt xəstələri müalicə etmək məqsədi ilə vurmayıb.

“2018-ci ilin avqust ayında tanışım Elnur ögey oğlu Muradın psixi xəstəliyi olduğunu və “Quran” oxumaqla müalicə etdirmək istədiyini dedi. Mən onunla razılaşdım, Bakıya gəlib Muradla görüşdüm. Onun müalicə etmək üçün Şabrana aparmağın vacib olduğunu dedim. Sentyabr ayında Murad atası Şahinlə Şabrana gəlib ev kirayələdilər. Müalicə vaxtı mən 5 dəfə Murada “Quran” oxudum, bir dəfə isə atası Şahin onu pol taxtası ilə vurdu. Bundan başqa Muradı heç kim vurmayıb. Mənim 10 günlük müalicəm nəticəsində Muradın vəziyyəti yaxşılaşdı, o, atası ilə Bakıya qayıtdı. Oktyabrın axırında Şahin yenidən Muradı Şabrana gətirib vəziyyətinin pisləşdiyini, müalicəni davam etdirməyimizi xahiş etdi. Noyabrın əvvəlində Vüsal İbrahimovun evində ilk seansı keçirdik, Cəmillə Əfqan da ordaydı. Mən “Quran” oxuyarkən həm özüm, həm də Cəmillə Əfqan onun qarın və bud nahiyələrinə nar çubuğu ilə zərbə vururdular. Sonrakı günlərdə ancaq “Quran” oxudum. Noyabrın 7-də Vüsalın evində görüşüb birlikdə yemək yedik. Onlara dedim ki, noyabrın 9-na plaşdırdığımız “ruqiyyə”də mən olmayacağam. Əvəzimdə Vüsalın “Quran” oxuyacağını, digərlərinin isə Muradın əl-qolunu bağlayıb nar çubuğu ilə daha möhkəm vurmalarını tapşırdım. Həmin vaxt Murad da, atası da, Cəmil, Əfqan, Elnur və dostu Emin də ordaydı. Ona görə möhkəm vurmalarını tapşırdım ki, ondan əvvəl atası Şahin “uşaq vurulmasa düzəlmir, bunu daha möhkəm vurun, əti sizin, sümüyü mənim” demişdi. Noyabrın 9-da mən evimdə olanda zəng edib Muradın vəziyyətinin pis olduğunu dedilər, mən də Şahinə zəng edib bunu dedim, özüm də Vüsalgilə getdim. Mən ora çatanda dedilər Murad özündə deyil və “qaytarıb”. Mən təcili yardım çağırdım, amma Muradın dili qatlandı və keçindi”. Musavat.com

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …