Azinforum.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə növbəti məhkəməsi hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilib.

Onlar 19 avqust 2017-ci il tarixində Nərimanov rayonunda Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.

Cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi məlum olub. Avqustun 28-də isə cinayətkar qruplaşmanın daha iki mümkün üzvü – Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Əliyev Cavid İslam oğlu, 1990-cı il təvəllüdlü Fərəcov Natiq Rafiq oğlu müəyyən ediliblər.

Bu gün baş tutan məhkəmə prosesində zərərçəkmişlərdən Anar Əliyev ifadə verib.

O deyib ki, rayondan qayıdan gün Xətaidə yerləşən evindən oğurluq edildiyini, 18 min manat dəyərində qızıllarının oğurlandığını deyib. Zərərçəkmiş söyləyib ki, polisə məlumat veriləndən bir neçə gün Cavid Əliyevi onun evinə gətiriblər: “Polislər dedilər ki, oğurluğu edən bu şəxsdir. Cavid birbaşa oğurluğu haradan etdiyini göstərdi və yataq otağına keçdi. Mən ondan qızılları haradan götürdüyünü soruşdum. Özü dedi ki, dolablardan götürüb”.

Zərərçəkmiş qeyd edib ki, ona dəymiş ziyan ödənməyib: “Bilirəm ki, digər zərərçəkmişlərə, müğənni Nazpəri Dostəliyevaya dəymiş zərər ödənilib. Həmin zərər də 250 min manat məbləğindədir. Yüksək məbləğləri ödəyiblər. Amma bizim 10 illərlə qazandığımızı bir gecə də apardılar. Yəqin ki, biz də müğənni olsaydıq, pulumuzu ödəyərdilər”.

Anar Əliyev əlavə edib ki, həbs edilən Cavidin atası zərəri ödəyəcəyini deyib: “Atası kişi kimi söz verib ki, ödəyəcək. Hələ gözləyirəm”.

Digər zərərçəkmiş Afaq Həsənova məhkəmədə ifadə verib. O, Sumqayıtdakı mənzilindən oğurluq edildiyini deyib.

Afaq Həsənova ifadəsində qeyd edib ki, oğurluq edilən evində kamera var. Oğurluq hadisəsi də kameralar tərəfindən lentə alınıb.

“Mən ilk olaraq evimdən 15 min qızıl oğurlandığını demişdim. Həmin vaxt həyəcanlı idim. Sonra yenidən polisə getdim. Dəymiş zərərim 26 min manat olaraq qiymətləndirildi. Həmin zərər ödənməyib. Mən Cavidin atasını, anasını tanıyıram. Onun ailəsi çox ziyalıdır. Atam da Cavidin atasını tanıyır. Toyumuzda da iştirak edib. Atası atama söz verib ki, zərəri ödəyəcək. Mənə maraqlıdır ki, istintaqda da bizim evdə olan kameraların görüntülərinə baxıldı. Orada iki nəfər görünür. Binanın giriş qapısında kod var. Cavid və yanında olan şəxs gözləyirlər ki, başqası qapını açsın. Qonşu qapını açanda bunlar da içəri girib. Çıxanda da gəldikləri maşınla gediblər. Amma ittihamda Cavidin oğurluğu tək etdiyi göstərilir”.

Zərərçəkmiş Afaq Həsənova deyib ki, onun çıxışlarından sadəcə biri qaytarılıb: “İstintaqda bir xanım boyunbağımı qaytardı. Məlum oldu ki, Cavid həmin boyunbağını başqasına hədiyyə veribmiş”.

Məhkəmədə həmin boyunbağımı hədiyyə kimi qəbul edən Aynur Osmanova da dindirilib.

Aynur Osmanova deyib ki, hadisədən bir neçə ay əvvəl Cavidlə tanış olub. Həmin ərəfədə Cavid ona hədiyyə olaraq boyunbağı verib: “Bir neçə gün sonra mətbuatda gördüm ki, Cavid tutulub. Qızılı özüm polisə vermişəm”.

Məhkəmə iclası sentyabrın 13-də davam etdiriləcək.

Məlumata görə, dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər.

Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.

Daha sonra A.Həmidovun avtomobilindən, Y.Hüseynli və R.Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb.

Məlumata görə, azadlığa buraxılan A.Həmidov taksi sürücüsü olub. A.Həmidov daha sonra azadlığa buraxılıb.