Şənbə , May 28 2022
Ana səhifə / Kriminal / “MTN işi”nin məhkəməsində ilginc faktlar üzə çıxdı

“MTN işi”nin məhkəməsində ilginc faktlar üzə çıxdı

Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Zərərçəkən Elvar Əliyevin ifadəsi üzrə şahid qismində Elman Əhmədov ifadə verdi. “Sədərək” bazarında sahibkarlıqla məşğul olan Əhmədov bildirdi ki, onun da həbsini Çingiz Ağayev sifariş edib: “Mənim heç bir cinayətim yox idi. Özləri də bunu gözəl bilirdilər. Sadəcə, Elvar Əliyevə mal verdiyim üçün Çingiz Ağayevin qəzəbinə tuş gəlmişdim. Elvar Əliyev Çingiz Ağayevlə işləməkdən imtina edəndən sonra o, məndən mal istədi. Mən də Elvara mal verirdim. Çingiz Ağayev də xəbər göndərdi ki, Elvarla işləmə, yoxsa sənin üçün pis olacaq. Mən də dedim ki, mən malımı satıram, kiminsə sifarişini icra eləmirəm. Bundan sonra Çingiz Ağayev Elvarın da, mənim də, Elvara mal verən dostlarımızın da həbsini Mövlam Şıxəliyevə sifariş elədi, həbs etdirdi. Heç bir cinayətim olmadan məni 3 ay MTN-də qanunsuz olaraq saxlayıblar. Həmin müddətdə qardaşım oğlu Hünərdən azad edilməyim üçün Mövlam Şıxəliyev qohumu Siracın vasitəsilə hədə-qorxu ilə əvvəlcə 100 min manat, sonradan isə 60 min manat pul alıblar. Mən bu haqda azadlığa çıxandan sonra bildim.

Oxu.az - “Məni üç-dörd saat döyüb dedilər ki, Çingizi elə-belə adam  bilirsən?!”

Təxminən  10 gün sonra müstəntiq Fuad mənə zəng elədi və MTN-ə çağırdı. Xidməti otağında bir nəfər də vardı. Əynindəki geyimindən bildim ki, prokurorluq işçisidir. Onun yanında Fuad mənə azadlığa çıxmağım üçün ödədiyim məbləği açıqlamağımı istədi. Mən də dedim ki, qardaşım oğlu mənim azadlığa çıxmağım üçün 160 min manat pul verib. Bu söhbətdən belə anladım ki, Baş Prokurorluqla MTN arasında məndən alınan pulun bölgüsünə görə mübahisə yaranıb. Bunlar da məni çağırıb prokurorluq işçisinin yanında pulun məbləğini soruşur, özlərini təmizə çıxarırlar. Rəqəmi dəqiqləşdirəndən sonra Fuad mənə dedi ki, gedə bilərsən. Məni azad edəndən sonra Fuadla danışdım, Elvarın da girovluqdan azad edilməsini istədim. O da dedi ki, bu məsələni Mövlam Şıxəliyevlə razılaşdırmalıdır. Bir müddət sonra Fuad mənimlə əlaqə saxladı, dedi ki, 80 min manat verin, Elvarı azad etsinlər. Belə də oldu. Pulu verdim, Elvarı azad etdilər.

Bizimlə bərabər dostlarımızı – Hacı Seyranı, Natiqi və Etibarı azad etdilər. Hacı Seyrandan 100 min manat, Natiqdən 250 min manat, Etibardan 209 min manat alıblar. O vaxt bizi həbs edərkən bazarda fəhlə işləyən Balaşirini də tutmuşdular. Bizim pulumuzu alıb girovluqdan azad edəndə Balaşirinin pulu olmadı. Buna görə də Balaşirini MTN-də 6 ay heç bir əsas olmadan girov saxladılar.  Sonda gördülər ki, fəhlədir, pulu yoxdur, məcbur olub azad etdilər”.

Kimdir təzə vəkil – “mahmudovçu” Yasin Məmmədov?

Yasin Məmmədov

Bundan sonra söz iş üzrə zərərçəkən şəxs, Mərkəzi Univermaqda zərgərliklə məşğul olan Rauf Həsənova verildi. Lakin Rauf Həsənov sərbəst ifadə verməyə imkan tapmadı. Təqsirləndirilən Yasin Məmmədov Rauf Həsənova danışmağa imkan vermədi. Tərəflər arasında söz atışması başladı. Rauf Həsənov Yasin Məmmədova  “sən deyildin məndən pul alandan sonra zəng edib deyən ki, bəs pulun üstündən 200 dollar çatmır? İndi niyə meymunluq edirsən?” Mübahisə qızışdı və hakim zərərçəkən Rauf Həsənovun məhkəmə zalından çıxmasını istədi. Beləcə, zərərçəkən dindirilmədən, ifadəsi elan edilmədən yola salındı.

Rauf Həsənov ibtidai istintaqa verdiyi ifadəsində bildirib ki, 1995-ci ildən Mərkəzi Univermaqda zərgərlik fəaliyyəti ilə məşğul olub. Təxminən 2010-cu ilin əvvəlində zərgər yoldaşlarından eşidib ki, MTN-də rəhbər vəzifədə işləyən Fizuli Əliyev vasitəsilə həmin nazirliyin rəhbərliyi qızıl alqı-satqısını inhisara götürməyə çalışır:

“2010-cu ilin təxminən yaz-yay aylarında özünü MTN əməkdaşı Fizuli Əliyev kimi təqdim edən şəxs 050 211 18 58 saylı mobil telefon nömrəsi ilə mənim 050 311 08 11 saylı mobil telefon nömrəmə zəng elədi. Məni metronun “20 Yanvar” stansiyasına çağırdı. “Şamaxinka”da görüşdük. Fizuli Əliyev görüş zamanı mənə hədə-qorxu gəldi. Dedi ki, qızıl qaçaqmalçılığı ilə məşğul olursan, səni həbs edəcəyik, səhər MTN-ə gəl. Səhər MTN-ə getdim. Dedi ki, xaricdən qaçaqmalçılıq yolu ilə ölkəyə brilyant gətirirsən, buna görə həbs olunacaqsan. Dedim ki, belə bir hal yoxdur. Fizuli Əliyev də dedi ki, telefonlarına qulaq asmışıq. Fizuli Əliyev məni MTN-ə çağırmazdan təxminən 10 gün qabaq Dubaydan özümə “Land Cruiser” markalı maşın almışdım. Həmin vaxt Dubaydan mənə zəng edib brilyant daşları göndərildiyini demişdilər. Mən də telefonda həmin şəxsə “göndəribsə, gətirin, baxarıq” demişdim. Bu danışığı Fizuligil izləmişdilər. Fizuli Əliyev məndən 100 min dollar pul tələb etdi. Mənə qarşı heç bir konkret ittiham və ya fakt irəli sürülmədi. Qorxduğum üçün həmin pulu çalışıb verəcəyimi söylədim. Bundan sonra Fizuli Əliyev məni evə buraxdı. O qədər maddi imkanım yox idi. Bir neçə gün çalışdım ki, həmin pulu tapım, amma bu məbləği toplaya bilmədim. Bundan 2-3 həftə sonra yaxın qohumumun dəfn mərasimindən sexə qayıdarkən mənə 30 yaşlarında bir nəfər tanımadığım şəxs yaxınlaşdı. Mobil telefonumu və açarları istədi. MTN-in Səbayel rayon şöbəsinin binasını göstərib oraya getməyimi tələb etdi. Açarları və telefonu verdim və birlikdə MTN-in Səbayel rayon şöbəsinə getdik. Oradan Fizuli Əliyev və işçiləri məni MTN-in əsas binasında yerləşən İstintaq Baş İdarəsinə apardılar. Orada Yasin adlı müstəntiq bir sənəd göstərdi, həbs olunduğumu bildirdi.

Yasin sərbəst buraxılmağım və cinayət məsuliyyətinə cəlb olunmamağım üçün məndən 500 min dollar pul tələb etdi. Yasinə günahsız olduğumu və bu məbləğdə pulumun olmadığını söylədim. Yasin isə əksinə, məbləği artıraraq 600 yüz min dollar pul tələb etdi. Yasin bir neçə saat mənə təzyiq göstərərək, hədə-qorxu gələndən sonra dedi ki, rəisi ilə danışıb və mənim azad edilməyim üçün 300 min dollara razılaşıb. Yasin dedi ki, evimdə axtarış aparacaq. Ona dedim ki, anam ağır xəstədir, belə şey etməməsini xahiş elədim. Yasin dedi ki, səhər tezdən, banklar açılan kimi gedib 300 min dollar kredit götürüm və həmin pulu onlara çatdırım. Mən Yasinin otağında olan zaman Fizuli dəfələrlə həmin otağa girib çıxırdı. Söhbətin nəticəsi ilə maraqlanırdı. Qorxudan Yasinə 300 min dollar verməyə razılaşdım. Dediyi məbləği toplayıb çatdıracağıma söz verdikdən sonra məni MTN-dən buraxdılar. Həmin gecə bütün qohumlarımdan və dostlarımdan 300 min  dollar məbləğində pul toplayıb düzəltdim. Yasin  mənə MTN-in yaxınlığındakı Mərkəzi Kliniki Xəstəxananın yanında görüş təyin etdi. Ora gələndə Yasinlə Fizuli Əliyevin birlikdə olduqlarını gördüm. Ora bacanağım Valeh Nəsirovla getmişdim. Fizuli maşının qabaq oturacağında əyləşmişdi, Yasin isə bayırda idi. 300 min dollar məbləğində pulu sayıb Fizuliyə verdim.

Pulu verəndən yarım saat sonra Yasin mobil telefonuma zəng edərək puldan 200 dolların çatmadığını bildirdi. Məcbur olub yenidən həmin yerə qayıtdım. Yasinə zəng elədim. Mənimlə görüşərək çatışmayan 200 dollar pulu da verib evə qayıtdım”.

Digər zərərçəkən Qulam Bağırov məhkəmədəki sərbəst ifadəsində göstərib ki, onu da saxta ittihamla tutublar, azadlığa buraxılması üçün Sahib Ələkbərov qardaşından 135 min dollar alıb.

Qardaşı həmin vaxt faizə pul götürüb: “Faizə alınan pulları qaytara bilmədiyimizə görə qardaşım Sərdar sonradan həbsə alındı, 3 il 8 ay həbsdə qaldı. Anam dünyasını dəyişdi.  Mən həbsdən azad edildikdən sonra MTN-ə getdim, Sahib Ələkbərovla görüşdüm. Ondan barəmdəki qondarma cinayət işinə xitam verilməsini tələb etdim. Səs-küy düşdü. Sahib də dedi ki, verilən məbləğ azdır, həmin məbləğə cinayət işinə xitam vermək olmaz. Dedim ki, pulu qaytar, məni həbs elə. Sahib Ələkbərov da and içdi ki, bəs səndən aldığım pulun ”loşadiniy dozasını” – 80 min dolları rəhbərliyə, yəni idarə rəisi Mövlama vermişəm. 20 min dolları mənim əziyyət pulumdur, 10 min dolları ekspertə vermişəm, narahat olma, məhkəmə bizlikdir, sənə şərti cəza veriləcək. Sahib dedi ki, buna görə də pulun qaytarılması mümkün deyil. Bizim səsimizə Təhsin Ağayev gəldi. Məni çölə çıxartmaqla sakitləşdirməyə çalışdı. Dedi ki, camaat bura 1 milyon dollar pul verir, səsi çıxmır. 100 min pul vermisən, səsin buraları götürüb. İki əsgər çağırıb məni MTN binasından çölə çıxardı.

Bir müddət sonra barəmdə olan qondarma cinayət işini başqa bir işə qoşub Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərdilər. Orada da hakim dedi ki, məhkəməyə gəlmə, çünki əsas iş 1 il davam edəcək. Sənin bu işə aidiyyətin yoxdur. Hökm oxunanda səni çağıracağıq. Belə də oldu. Zəng eləyib çağırdılar. Məhkəməyə getdim. Hakim mənə bir hökm verdi, dedi ki, mənə 8 il şərti cəza təyin olunub. Məhkəmədə iştirak etmədən barəmdə belə bir qondarma hökm çıxarılıb”. 

Qulam Bağırov ifadəsini bitirəndən sonra qardaşı Sərdar Bağırov şahid qismində ifadə verdi. O, qardaşı Qulam Bağırovun ifadəsini təsdiqlədi.

Proses mayın 10-da davam edəcək.

“Yeni Müsavat”

Həmçinin oxuyun

“Cülyettanın dədəsi Akopda pul varıydı?!” – Vilyam Hacıyevin həyat yoldaşı haqda şok açıqlama

İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin məhkəmədə “Otağımda aşkarlanan 6 …