Ana səhifə / Kriminal / MTN generalı Leyla Yunusdan kitab yazan vəkilə yarım milyon verib?

MTN generalı Leyla Yunusdan kitab yazan vəkilə yarım milyon verib?

Bir neçə il öncə hüquq müdafiəçisi Leyla Yunusun həbsdən onun vasitəsilə göndərdiyi şəxsi məktubları kitab halında nəşr etdirən vəkil Elçin Qəmbərovun özü fevralın 22-də məhkəmə qarşısına çıxarılır. Yarım milyonluq dələduzluqda ittiham olunan Qəmbərovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Qəmbərovun işində zərərçəkmiş qismində tanınan yenə öz müvəkkili olub. O, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı, uzun illər nazirliyin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyevin 2021-ci ilin aprelində həbsindən sonra bir müddət ona vəkillik edib. Cinayət işinin materiallarında iddia olunur ki, vəkil generalı həbsdən buraxdırmaq adı ilə aldadaraq onun ailəsindən yarım milyon manat pul alıb.

Pul nəyə görə verilib?

Mövlam Şıxəliyevin ailə üzvləri onun istintaq və məhkəmə dövründə həbsdə olmaması üçün bu pulu verdiyini iddia edir. Yəni bu pul qarşılığında onun barəsində ev dustaqlığı, başqa yerə getməməyə dair iltizam və s. qətimkan tədbirlərindən biri seçilməliydi. Zərərçəkmiş qismində generalın oğlu Elgün Şıxəliyev tanınıb.

General Şıxəliyevlə birlikdə mühakimə olunan, vaxtilə onun tabeliyində çalışmış üç nəfər keçmiş MTN polkovniki – Sahib Ələkbərov, Yasin Məmmədov və Vüsal Ələkbərov barəsində hökm çıxarılana qədər həbs-qətimkan tədbiri seçilməmişdi. Baxmayaraq ki, zərərçəkmişlər dəfələrlə onların həbsini tələb edirdi, Bakı Hərbi Məhkəməsinin hakimləri onlar haqqında həbs qərarı vermirdi. Yalnız hökm elan edilənlə onlar məhkəmə zalında həbs olundu.

Kitabı çıxandan sonra vəkil bürosunun rəhbəri təyin edilib

Əvvəllər 15 saylı Vəkil Bürosunun üzvü olmuş Qəmbərov Leyla Yunusla bağlı kitabından bir müddət sonra “Mərkəz” Vəkil Bürosunun rəhbəri təyin edilmişdi. O, 2022-ci ilin iyununda DTX əməkdaşları tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilən Qəmbərov elə DTX-nin istintaq təcridxanasında da qalırdı. Avqust ayında o, ev dustaqlığına buraxılıb.

Qəmbərov 2017-ci ildə “Leyla Yunusun parlaqlığı və səfaləti” kitabında onun vasitəsilə həbsdən göndərdiyi şəxsi məktubları, müraciətləri açıqlayıb. O, hüquq müdafiəçisini dostlarına xəyanətdə suçlayır.

Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı, tarixçi Arif Yunus 2014-cü ildə dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa əməllərdə suçlanaraq həbs edilib. Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib, 2015-ci ilin dekabrında isə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılıb. Onlar daha sonra Niderlanda mühacirət ediblər.

Səid Dadaşbəyli işi

Qəmbərovun adı vaxtilə MTN tərəfindən dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunan Səid Dadaşbəylinin işində də hallanıb. Dadaşbəylinin həyat yoldaşı iddia edirdi ki, vəkil Qəmbərov onları aldadıb, başqasına çatdırmaq adı ilə pul alıb. Lakin həmin vaxt vəkil onun iddiasını təkzib etmiş, demişdi ki, sadəcə müdafiəçi kimi göstərdiyi xidmətin müqabilində pul alıb, dələduzluqdan söhbət gedə bilməz.

Vəkillər Kollegiyasından AzadlıqRadiosuna bildirilib ki, Qəmbərovun həbsindən sonra onun vəkillik fəaliyyəti dayandırılıb: “Vəkillər Kollegiyası Rəyasət Heyətinin 1 iyul 2022-ci il tarixli qərarı ilə Elçin Qəmbərovun vəkillik fəaliyyəti onun barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb”.

Daha bir vəkil istintaqa cəlb olunub

AzadlıqRadiosunun əldə etdiyi başqa bir məlumata görə, hazırda general Şıxəliyevin hüquqlarını müdafiə edən vəkil Arzu Cavadov da sözügedən cinayət işi üzrə istintaqa cəlb olunub. Vəkil Cavadov şahid qismində dindirilib. Qəmbərovun rəhbərliyi dövründə də “Mərkəz” Vəkil Bürosunda çalışan Cavadov indi də elə orada işləyir. Cavadovun həm də general Şıxəliyevin qohumu olduğu bildirilir.

Qəmbərovun oğlu da vəkillik fəaliyyəti ilə məşğuldur. “Kredo” Vəkil Bürosunun üzvü olan Əli Qəmbərov hazırda həm də atasının vəkilidir.

Elçin Qəmbərovun ittiham olunduğu CM-nin 178.4 maddəsində 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …