Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Kriminal / “MTN-də Yasin Məmmədov Qurana əl basdı ki, 3 günə pulu gətirməsən, səni…”

“MTN-də Yasin Məmmədov Qurana əl basdı ki, 3 günə pulu gətirməsən, səni…”

Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Məhkəmə prosesində zərərçəkən qismində Ağasalam Mövlud oğlu Ağamalıyev sərbəst ifadə verib. Deyib ki, 2014-cü ilin noyabrında səhhəti ilə əlaqədar Yesentukiyə gedib. Geri qayıtdıqda isə həyat yoldaşı ona evində axtarış aparılması haqda məlumat verib: “Təyyarə ilə Gəncə şəhərinə gəldim. Həyat yoldaşımla əlaqə saxlayıb Gəncədə olduğumu demək istəyirdim. Həyat yoldaşım ağlaya-ağlaya dedi ki, səhər yaşadığımız evə MTN əməkdaşları gəlib axtarış keçiriblər, gedəndə isə sənin MTN-ə gəlməyinlə bağlı kağız qoyublar. Həmin kağızın üzərində nömrə yazıblar ki, onlarla əlaqə saxlayasan. Evə gələndən sonra kağızın üzərinə yazdıqları mobil nömrəyə zəng elədim. Özünü MTN-in müstəntiqi Sənan kimi təqdim edən şəxs məni MTN-ə çağırdı. 14 noyabr 2014-cü ildə, saat 15 radələrində MTN-in inzibati binasına getdim, Sənanla əlaqə saxladım. Sənan ”komendaturaya get, sənədini təqdim et, orada qeydiyyata alıb səni bura göndərəcəklər” dedi. Dediyi kimi elədim, məni Sənan adlı müstəntiqin otağına apardılar. Təxminən 5 dəqiqə ərzində söhbət zamanı Sənan harada yaşadığım və işləməyim barədə suallar verdi. Sonra Sənan məni şöbə rəisi Yasin Məmmədovun iş otağına apardı. İş otaqları yanbayan idi. Otaq böyük idi. Divara bitişik vəziyyətdə böyük şkaf, şkafın orta rəfində “Qurani-Kərim” kitabı qoymuşdular. Otağa girəndə Yasin Məmmədov mənimlə zarafatlaşdı, qızıl alqı-satqısı ilə məşğul olan Ramiz adlı şəxsi tanıyıb-tanımadığımı soruşdu. Mən də Ramizi Gəncə Univermağında qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğuna görə tanıdığımı dedim.

Yasin Məmmədov indiyə qədər Ramizdən nə aldığımı soruşdu. Mən də arabir Ramizdən qızıl-zinət əşyaları alıb-satdığımı dedim. Yasin Məmmədov Ramizi tutduğunu deyib masanın üzərindəki  vərəqdən mənimlə Ramiz arasında olan telefon danışıqlarına dair mətni oxudu. Soruşdu ki, Ramizlə telefonla danışmışammı. Dedim ki, danışmışam. Yasin Sənana tapşırdı ki, “apar bunu dindir”. Dindirmə təxminən 40-45 dəqiqə davam elədi. Ramizlə telefon danışıqlarımın səs yazısını kompüterə qoyub mənə dinlətdi. Yasin Məmmədov otağa daxil olub Sənandan siqaret istədi, yandırıb “fortoçka”nı açaraq orada dayanıb çəkməyə başladı. Üzünü mənə tutub “Ağa, sən nə fikirləşirsən, eşidirəm sözünü de” dedi. Mən də “çağırmısınız gəlmişəm, nə deməliyəm” deyə sual elədim. Yasin Məmmədov “evə getmək istəyirsən” sualını verdikdə “kim evə getmək istəməz” cavabını verdim.  Yasin Məmmədov “sən yaxşı oğlansan, həm də müalicədən qayıtmısan, istəmirəm səni ”podval”a salım, səni buraxmaq istəyirəm” dedi. Sonra da sol əlinin şəhadət barmağını göstərərək “bunu verib gedərsən evinə” söylədi. Yasinin məndən 10 min manat pul istədiyini zənn elədim.  Yasin Məmmədova “10 min istəyirsən” sual elədim. Qayıtdı ki, “nə danışırsan? 10 min nədir? 100 min!” Soruşdum ki, mən nə etmişəm? Nə səbəbə 100 min  verməliyəm? Yasin də “özün bilərsən, 100 min verməsən səni tutacağam, sən Ramiz tutulmamışdan 2 ay əvvəl onunla telefonla danışmısan” dedi.  “Ramizlə telefonla danışmaq olmaz” sualını verdim. Yasin “sən onunla alver etmisən” dedi. Mən də “alver etmək cinayətdir” sualını verdim, Yasin özündən çıxdı. “Mən istəsəm, səni həmin cinayətə qoşaram, yaxşı-yaxşı fikirləş, ağıllı ol” deməklə hədələdi. Həbs olunacağımdan qorxdum, Yasin Məmmədovdan vaxt istədim, dedim ki, evə gedib atamla məsləhətləşəcəyəm. Yasin də dedi ki, “heç yerə getməyəcəksən, sözünü bunlara deyərsən”.

Otaqdan çıxdı. Sənan və Şahin adlı müstəntiqləri nə fikirləşdiyimi soruşdular. Maksimum 20 min tapıb verə biləcəyimi dedim. Onlar da “20 min azdır, biz bunu rəisə deyə bilmərik” dedilər. Axırda Sənan dedi ki, gedim Yasin müəllimin fikrini öyrənim, gəlirəm. 5 dəqiqə sonra otağa qayıdıb Yasin müəllim razılaşmır, “heç olmasa 80 min gətir” söylədi. Xeyli söhbət edəndən sonra məbləği  60 minə endirdilər. Onlara dedim ki, mənim bu qədər pulum yoxdur. İstənilən məbləği verməsəm, tutacaqları ilə hədələdilər. Məcburiyyət qarşısında 40 minlə razılaşdım. Sənan yenə Yasin Məmmədovun otağına getdi, qayıdıb məni Yasin Məmmədovun yanına apardı. Otağa girən kimi Yasin Məmmədov dedi ki, “yekə kişisən, bu nə rəqəmdir mənə deyirsən, 40 mini mən istəyirəm ki, sən çıxıb ailənin yanına gedəsən, amma görürəm sən evə yox, ”podval”a getmək istəyirsən, get görüm nə edirəm”. Sənan məni öz otağına apardı. 10-15 dəqiqə sonra Yasin Məmmədov yenidən otağa  gəldi, “danışdım, 40 minə əmələ gəlmir, 60 min gətir” dedi. Onun kiminlə danışdığını bilmədim. Həmin məbləğə gücüm çatmayacağını dedim. Yasin “50 minə razılaşdıq, ver əlini, Allah xeyir versin” dedi. Əlimi uzatmaq istəmirdim. Şahin dirsəyi ilə qoluma vurub “əlini uzat, sonra gec olar” dedi. Məcbur olub Yasin Məmmədova əl uzatdım”.

Zərərçəkən deyib ki, Yasin Məmmədov bundan sonra sevincək otaqdan çıxıb və təxminən 30 saniyə sonra yenidən geri qayıdıb: “Otağa girən kim ”pulu nə vaxt gətirirsən” soruşdu. 1 ay vaxt istədim, Yasin 1 ayın çox olduğunu dedi, 10 gün vaxt verdi. Pulu dollarla verə biləcəyimi dedikdə, Yasin “biz Amerikada yaşamırıq, Azərbaycanda yaşayırıq, burada manat işləyir” dedi. Əlavə elədi ki, “aramızda olan pul söhbətləri burada qalır, heç kəsə bu barədə məlumat vermirsən. Biz onsuz da sənin telefonlarına qulaq asırıq. Bizim hər yerdə qulağımız var. Əgər bu barədə kiməsə məlumat versən, səni həbs edəcəm” deməklə məni hədələdi. Yasin Məmmədovun göstərişi əsasında Sənan səs nümunələrimi götürdü. Həmin gün axşam MTN-dən çıxıb yaşadığım evə getdim. Səhər də Mərkəzi Univermaqda özümə aid satış rəfində olan qızıl-zinət əşyalarını dəyərindən aşağı qiymətə satıb 32 min dollar toplaya bildim. 10 günün tamamında Sənan 050 244 48 49 nömrəsindən zəng edib harada olduğumu soruşdu.

Sənan “sən burada olan söhbət barədə kiməsə nəsə demisənmi” soruşdu. Heç kimə heç bir söz demədiyi bildirdim. Təxminən yarım saat sonra Sənan yenə zəng elədi. Dedi ki, sən bu barədə kimə demisən, kimdən xahiş etmisən. Yasin Sənanın əlindən telefonu alıb çox əsəbi, acıqlı tərzdə “mən sənə demədim bu söhbət burada qalsın, sənin məsələni bizdən başqa heç kim həll edə bilməz, bu işdə səndən başqa Ağamalıyev var” sual elədi. Cavabımı gözləmədi, “bir dənə sənsən Ağamalıyev, sən işlərini çətinə salırsan, sənədləri neylədin, düzəltdin” sualını verdi. Başa düşdüm ki, sənəd deyəndə pulu nəzərdə tutur. Cavab verdim ki, sənədlər hələ tam hazır deyil. Yasin daha da əsəbi şəkildə “təcili sənədləri götür, gəl bura, səni gözləyirəm” dedi. Topladığım 25 min manat pulu götürüb MTN-in inzibati binasının yaxınlığına getdim, Sənana zəng elədim. Üstümdə olan pulla komendaturadan keçə biləcəyimi xəbər aldım. Sənan dedi ki, narahat olma, gəl. Mən də Sənanın otağına gedib 25 min manat pulu masanın üzərinə qoydum. Sənan ondan pulun nə qədər olduğunu soruşdu.  25 min manat düzəldə bildiyimi dedim. “Sənə 50 min manat deyilmişdi, niyə 25 min manat gətirmisən” soruşdu.

Dedi, 1-in arxasına beş sıfır qoy, cənab nazirin göstərişidir…”

Dedim ki, bu məbləği zorla yığmışam. Sənan pulu götürüb Yasin Məmmədovun otağına getdi, 5 dəqiqə sonra qayıtdı. Dedi ki, “alınmadı, Yasin müəllim səni gözləyir”. Otağa daxil olan kimi Yasin Məmmədovla görüşmək üçün yaxınlaşmaq istəyəndə verdiyim pul olan zərfi əlində tutub üstümə qışqırdı. “Dayan! Otur orada” dedi. “Bu nə puldur gətirmisən, bura bazar deyil, biz səninlə kişi kimi söz danışdıq, günah səndə deyil, məndədir, müsəlmana gərək yaxşılıq etməyəsən, mən səni gərək ”podval”a salardım, qohum-əqrəban gəlib aylarla burada mənim qəbuluma düşmək üçün gözləyərdilər, yalvarardılar ki, ala bu pulu, burax uşağımızı” bağırırdı. Mən, yanına çağırdı, “niyə belə edirsən, istəyirsən ki, səni tutum qoyum içəri” sual elədi. Dedim ki, başqa pulum yoxdur. Yasin Məmmədov daha da əsəbiləşdi,  masanın üzərindən boş ağ vərəqi götürüb göstərdi “bu ağ vərəqi görürsən, mənim bu vərəqə bir imza atmağım kifayətdir ki, səni tutum, səncə, mən bunu edə bilərəm, ya edə bilmərəm” soruşdu. Dedim ki, ixtiyar sahibisən, hər şey edə bilərsən. Bu da başladı ki,  “mənim sənə yazığım gəlir, 3 övladın var, nəyə görə səni tutum, get, ağıllı ol, pulun qalan hissəsini gətir, sənə 3 gün vaxt verirəm”. Şkafın rəfindəki “Qurani Kərim” kitabını əlinə götürüb “bax bu Qurana and içirəm ki, 3 günə pulu gətirməsən, harada olursan-ol, səni tutacam. Yazıqsan, səni bədbəxt eləmək istəmirəm, get, pulun qalanını gətir, səni tutmayım” dedi. Qorxu içində idim, Yasinin sözlərindən həyəcan keçirmişdim. Həmin gün məni MTN-də heç bir müstəntiq dindirmədi. Təxminən 1 saat ərzində MTN-də, konkret olaraq Yasin Məmmədovun otağında isə təxminən 25-30 dəqiqə oldum. MTN-dən çıxdıqdan sonra yaşadığım evə getdim”.

Ali Məhkəmə MTN-nin keçmiş şöbə rəsinin əmlakının müsadirə edilməsi  haqqında qərarı ləğv edib

Zərərçəkən deyib ki, qayınanası Sona Ələkbərovanın evinə gedərək MTN-in istintaq şöbəsinin rəisi Yasin Məmmədovun ondan yerdə qalan 25 min manat pulu istədiyini bildirib:  “Qayınanamdan borc pul istədim. O da cəmi 10 min  dollar pulu olduğunu dedi və o pulu mənə verdi. Dostum Mehmandan 5 min 300 manat, yeznəm Rəşad Cəfərovdan 12 min 500 dollar borc alıb ümumilikdə 25 min manat pulu düzəltdim. 27 noyabr 2014-cü ildə günorta MTN-in binasının yanına getdim. Yenə də Sənana zəng elədim. Sənan məni Yasin Məmmədovun otağına apardı. 25 min manat pulu Yasin Məmmədova verdim. Yasin pulu götürdü,  masasının altında olan siyirtməni açaraq ora atdı. ”Bu barədə heç kimə heç nə demirsən, bizim hər yerdə qulağımız var, əgər eşitsəm, bilsəm, verdiyin pul batacaq və özünü də tutacam, get, alverini elə, sənə heç kim dəyib dolaşmayacaq” dedi…

Zərərçəkən ifadəsini yekunlaşdırandan sonra tərəflər ona bir neçə sual veriblər. Yasin Məmmədov Ağasalam Ağamalıyevin dediklərini yalana çıxarmağa çalışıb.

Növbəti sərbəst ifadə verən Seyran Burhan oğlu Nəcəfov deyib ki, “Sədərək” Ticarət Mərkəzində ticarətlə məşğul olur. 2013-cü ilin avqustunda ona fəhlə Balaşirin zəng edərək malın gəldiyini bildirib. Ora gedərək Balaşirinə malın qarşılamasını tapşırıb. Malları boşaltmağa başlayarkən özlərini MTN əməkdaşları kimi təqdim edən şəxslər yaxınlaşaraq konteynerdə olan mallar qaçaqmal olmasını və buna görə də MTN-ə getməli olduqlarını deyiblər. Həmin axşam onu, Balaşirini, Elmanı və digərlərini MTN-ə aparıblar. Səhərə qədər saxlayaraq izahatlarını alıblar. İzahatı verəndən sonra hamısını buraxıblar. Bir neçə gün sonra Elvar Əliyev istisna olmaqla, hamısını birlikdə yenə MTN-ə çağırıblar. Onlara qaçaqmalçılıq ittihamı irəli sürülüb. Halbuki heç bir qaçaqmalçılıq etməyiblər. Bu dəfə onları İstintaq Baş İdarəsinə aparıb müstəntiq Samir Əliyevin oturduğu otağa salıblar. Orada onu həbs ediblər. 3 gün sonra o, Səbayel Rayon Məhkəməsinə aparılıb, barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.  O, həbsdən çıxana qədər verilən pul və pulun miqdarı, pulun kim tərəfindən kimə verilməsi barədə xəbəri olmayıb. Çıxandan sonra qardaşı Elçin Nəcəfov onun azadlığa buraxılması üçün MTN-in müstəntiqi Fuad adlı şəxsin ondan əvvəl 300 min manat pul istəməsini, Elçinin qiyməti aşağı salaraq məcbur 100 min manatda dayandığını bilib. Buna görə digər qardaşı Xəzər Nəcəfovun “Neftçilər” metrosundan yuxarıda öz adına olan üçotaqlı evini satıb  həmin pulu Fuad adlı müstəntiqə verdiyini danışıb. Həbsdə olarkən müstəntiq Fuad Məmmədov onu qəbul edib və onların hamısının azadlığa çıxma məsələsini ancaq İstintaq Baş İdarəsinin rəisi Mövlam Şixəliyevin həll edə biləcəyini deyib.

Zərərçəkən bildirib ki, onlar azadlığa çıxandan sonra barələrindəki cinayət işi Qaradağ Rayon Məhkəməsinə göndərilib.  Məhkəmədə qaçaqmalçılıq maddəsi ölkəyə xarab məhsul gətirmə və ya satma maddəsinə dəyişdirilib. Onları da məcbur ediblər ki, boş qutular yığıb gətirsinlər. Həmin boş qutular guya zay malların məhv edilməsi kimi sənədləşdirilməklə MTN əməkdaşlarının iştirakı ilə yandırılıb. Məhkəmə isə barələrində min manat cərimə cəzası tətbiq edib.

Zərərçəkən deyib ki, barələrindəki cinayət işi sifarişli və qondarma olub.

“Yeni Müsavat”

Həmçinin oxuyun

İnstaqram və “Tik-tok”da lotereya adıyla xeyli şəxsi aldadan qadın saxlanıldı – Video

Polis əməkdaşları tərəfindən sosial şəbəkə istifadəçilərinə qarşı dələduzluq edən Qasımova Vüsalə Rizvan qızı saxlanılaraq məsuliyyətə …