Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Mövlam Şıxəliyevin niyə 500 min manat rüşvət verdiyinin səbəbi üzə çıxdı

Mövlam Şıxəliyevin niyə 500 min manat rüşvət verdiyinin səbəbi üzə çıxdı

Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub – E.M.) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin apelyasiya şikayəti üzrə proses davam edir.

Mövlam Şıxəliyevlə bərabər hakim qarşısına 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov çıxarılıblar. Hər 4 şəxs hazırda həbsdədir və məhkəmə zalında şüşə qəfəsdə əyləşdirilirlər. Məhkəmə nəzarətçilərinin müşayəti ilə məhkəmə zalına  gətirilən müttəhimlərin qoluna qandal vurulmur.

“Bu gün olmayacaq, sabah bu audio-videoları qaldıracağam”

Sahib Ələkbərovun vəkili Vüsal Məmmədov müdafiə çıxışında ittiham üzrə epizodları sadalamaqla müvəkkilinin günahsız olduğunu, ittihamların əsassız olduğunu sübuta yetirməyə çalışıb.

Vəkil çıxış edərkən məhkəmə katibi prosesin audio-video çəkilişinin texniki səbəblərdən dayandığını açıqlayıb. Sahib Ələkbərov audio-video çəkiliş aparılmadan prosesin keçirilməsinə etiraz edib: “Bu gün olmayacaq, sabah bu audio-videoları qaldıracağam. Bir halda ki, məhkəmə audio-video yazı ilə gedir, niyə mənim başımda çatlamalıdır? Niyə mənim çıxışımdan gedib mətbuatda şou düzəltməlidirlər?”

Sahib Ələkbərovun çıxışına zərərçəkən Qulam Bağırov kəskin etiraz bildirib və qarşılıqlı təhqirə keçiriblər.  

Mübahisə bitəndən az sonra audio-video çəkilişlə bağlı problem aradan qaldırıldı. Bundan sonra Sahib Ələkbərovun vəkili Vüsal Məmmədov çıxışını davam etdirdi. O, Sahib Ələkbərova qarşı ittihamların absurd olduğunu söylədi. Dəlillərlə bağlı fikirlərini yazılı şəkildə məhkəməyə təqdim edəcəyini bildirib.

 “Elmar Hüseynovun qətl işinin üstünü açmışıq”

Vəkil çıxışını yekunlaşdırandan sonra hakim sözü Vüsal Ələkbərova verdi. Çıxışına özü haqda məlumat verməklə başlayan Vüsal Ələkbərov 1996-cı ildən Milli Təhlükəsizlik Nazirliyində işlədiyini söyləyib: “Son 10 ildə dövlət hakimiyyəti əleyhinə cinayətlərin araşdırılması şöbəsinin rəisi olmuşam. Dövlətə xəyanət, casusluq, dövlət xadiminin həyatına sui-qəsd, hakimiyyəti zorla ələ keçirmə, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma, dövlətə qarşı cinayətlər, kibercinayətlərin araşdırılmasını həyata keçirmişəm. Xidmətim dövründə hakimiyyətə, dövlətə, prezidentə, milli və dövlət təhlükəsizliyinə, xalqa sadiq olmuşam. Zabit şərəfini və ləyaqətini qorumuşam. Xidmətdə olduğum dövrdə heç zaman barəmdə şikayət olmayıb. “Nazirlərin işi”, “Texnikabank işi”, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətl işi, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə işləri üzrə istintaq qrupunun rəhbəri olmuşam. Bütün cinayət işlərini sona çatdırmışıq, hər biri ilə bağlı məhkəmə hökmləri olub. Bu gün də heç bir qərarımız, ittiham aktı ləğv olunub geri qaytarılmayıb. Hacı Məmmədovun, xarici ölkələrin casusları ilə bağlı istintaq aparmışam. Rusiyanın, İranın və digər ölkələrin casuslarının istintaqını aparmışam. Bu işləri ona görə sadalayıram ki, burada mənimlə bərabər olanlar da burada oturmağa layiq deyillər. Bu adamlar MTN-in şərəfli zabitləridir”.

Vüsal Ələkbərov deyib ki, Mövlam Şıxəliyev 30-32 epizod üzrə, o isə 2 epizod üzrə təqsirli bilinib: “Prokurorluq Bakı Hərbi Məhkəməsində mənə 2 epizod üzrə 15 il iş istədi. Həmin epizodlar və digər 30 epizod üzrə Mövlam müəllimə daha aşağı iş istəmişdi. Bilirsiniz, qərəz hamısı elə buradan başlayıb. Gələcəkdə qərar qəbul edəndə bunu nəzərə alarsınız. MTN-dəki məlum hadisələrdən sonra barələrində cinayət işləri apardığım şəxslərin qərəzli şikayətləri nəticəsində istintaqa cəlb olundum. Bakı Hərbi Məhkəməsinin 28 fevral 2018-ci il tarixli hökmü ilə 5 il müddətinə qanunsuz olaraq azadlıqdan məhrum olundum. Cəzamı çəkib qurtarandan sonra məni yenidən 2 epizod üzrə istintaqa cəlb etdilər. Halbuki barəmdə ilk iş gedərkən bu epizodlar üzrə araşdırma aparılmışdı. Lakin ittiham verməmişdilər. Bu mənim günahım deyil ki, həmin vaxt ittiham vermədilər. Götürün cinayət işinə baxın, həmin epizodlar üzrə heç bir sübut yoxdur.  15 ay barəmdə istintaq gedib, cəmi 3 dəfə dindirilmişəm. Bu iki epizodu təsir vasitəsi kimi saxlamışdılar. Sizdən də xahiş edirəm ki, qərar qəbul edərkən məni Yusif Sərrac (Mirzə Fətəli Axundzadənin “Aldanmış Kəvakib” əsərinin qəhrəmanını nəzərdə tutur – E.M.) etməyin! Mən Yusif Sərrac olmaq istəmirəm! Bu heç düz də deyil!

Sonra isə hakimə bənzətməsini belə izah edib: “Mənə qarşı qərəzli olan şəxslərin ifadələrindən başqa işdə heç bir mötəbər və təkzibedilməz sübutlar yoxdur. Telefon danışıqları, video-audio yazılar olmadan məni təkrarən, ikinci dəfə və eyni formada cəzalandırdılar. Azadlıqdan məhrum edilmişəm. Nizami Kazımov və Müsənnif Sadıqovun əvvəlki iş üzrə təmin olunmayan mülki iddiaları bu iş üzrə mənə qarşı təmin olunub. Həmin epizodlar üzrə isə mənə ittiham verilməyib. Həmin epizodlar üzrə mülki iddialar Mövlam Şıxəliyevə qarşı təmin olunmaqla yanaşı mənə qarşı da təmin olunub. Bir cinayət işi üzrə, eyni epizod üzrə məni 2 dəfə cəzalandırıblar. Xahiş edərəm qərar qəbul edərkən bunu nəzərə alasınız”.

“Yalnız bu halda azadlıqdan söhbət gedə bilər”

Müttəhim Yasin Məmmədovun vəkili isə vəsatətlə çıxış edərək müvəkkilinin barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsini istədi: “Yasin Məmmədovun sağlamlığı ilə bağlı saxlandığı təcridxanaya sorğu vermişəm, cavab almışam. Digər xəstəlikləri ilə bağlı onda panik atak diaqnozu qoyulub. Belə bir xəstəliyi olan şəxsin qapalı şəraitdə saxlanılması onun sağlamlığına ağır fəsadlar verir. Ona görə də Yasin Məmmədovun barəsində həbs-qətimkan tədbiri dəyişdirilsin.

Hakim hər 3 müttəhim – Sahib Ələkbərov, Yasin Məmmədov və Vüsal Ələkbərovun barələrində həbslə əlaqəli olmayan qətimkan tədbiri seçilməsi haqda vəsatətlərini müzakirəyə çıxardı. Zərərçəkmişlərdən bir neçəsinin vəkili olan Osman Kazımov vəsatətin təmin edilməməsini istədi. Vəkil hər 3 şəxsin zərərçəkənlərə vurduqları ziyandan cüzi hissəni belə ödəmədiklərini diqqətə çatdıraraq bildirdi ki, bu halda hər hansı bir azadlıqdan söhbət gedə bilməz: “Vurduqları ziyanı ödəsinlər, gedib evlərində otursunlar. Yalnız bu halda azadlıqdan söhbət gedə bilər”. Müşavirə otağına yollanan hakimlər oradan qayıdandan sonra vəsatətlərin təmin edilmədiyini elan etdilər.

“Mövlam Şıxəliyevin Elçin Qəmbərova 510 min manat rüşvət verilməsi faktı üzrə…”

Zərərçəkən Zaur Əliyev də vəsatətlə çıxış etdi. O, diqqəti  fevralın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Mövlam Şıxəliyevin vəkili Arzu Cavadov vasitəsilə “Mərkəz” Vəkil Bürosunun rəhbəri olmuş Elçin Qəmbərova 510 min manat rüşvət verilməsi faktı üzrə məhkəməyə hazırlıq iclasının keçiriləcəyinə yönəltdi: “Sizdən xahiş edirəm ki, həmin cinayət işi üzrə  Bakı Ağır Cinayətlər Məhkəməsinə sorğu ilə müraciət edib həmin iş üzrə ittiham aktını tələb edib hazırkı cinayət işinə əlavə olunmasını təmin edəsiniz. İkinci məsələ, 510 min manat elə belə pul deyil, yarım milyon manatı hər dəqiqə qazanmaq olmur. Həmin pul haradan əldə olunub, nəyə görə, hansı məqsədlə, hansı şəkildə rüşvət olaraq verilib?” Hakim dedi ki, indiki halda şifahi vəsatətiniz təmin olunmur. 

“Biz vurulan ziyana görə bir-birimizi öldürməliyik?”

Bundan sonra hakim sözü Qulam Bağırova verdi. Zərərçəkmiş apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, ötən prosesdə iştirak etməyib: “Sahib Ələkbərov həmin prosesdə geniş olaraq özünü müdafiə xarakterli çıxış edib.

Sahib Ələkbərov son çıxışında bildirdi ki, ona verilən 8 illik cəza ittihama uyğun deyil. Hesab edirəm ki, Sahib Ələkbərova verilən cəza azdır, ona daha artıq cəza verilməlidir ki, bu insan rahatlaşsın. Qaldı ki, ötən dəfə çıxışına, o, həmin çıxışında çoxlu yalanlar söyləyib, xüsusən də mənim epizodum üzrə. Hesab edirsinizsə ki, bu haqda sonda deməliyəm, sonda deyəcəyəm. Zərərçəkənlərin hamısının apelyasiya şikayətləri demək olar ki, eynidir. Hər kəs müttəhimlərə verilən cəzaların ağırlaşdırılmasını istəyir. Mənim məhkəmə kollegiyasından xüsusi bir xahişim var. Bu məhkəmənin gedişi göstərir ki, sanki zərərçəkənlərlə müttəhimlər arasında bir düşmənçilik əmələ gəlib. Bu düşmənçilik aradan götürülməlidir. Hətta söyüşlər, ağır söyüşlər işlədilir. Bu yolverilməzdir. Bu barış, mülki iddianın təmin olunmasına sanki bir balta qoyulur. Mübarizə aparırıqsa, kişi kimi, mədəniyyətimizə uyğun aparaq. Bura söyüş eşitməyə gəlmirik. Düşmənçilik aradan qaldırılmalıdır. İnsanlar var ki, qan düşmənidirlər, amma qarşı tərəfin xanımı gələndə ayağa qalxır, baş əyirlər. Biz vurulan ziyana görə bir-birimizi öldürməliyik? Hesab edirəm ki, biz barışa gəlməliyik. Bizə vurulan ziyan məsələsində məhkəmədən gözləntimiz bizə dəstək olmasıdır. Bu adamlar da qəbirə getmirlər, həbsə gedirlər! Mən bu adamlara düşmən gözü ilə baxmıram, bunun da tərəfdarı deyiləm. Prosesdə Sahib Ələkbərovun məni xəstə adlandırmasına baxmayaraq, mən xəstə deyiləm. Mən qəza keçirmişəm. Həmin qəzadan sonra İqtisad Universitetinə daxil olmuşam, oranı fərqlənmə ilə bitirmişəm, xaricdə pulsuz olaraq magistraturanı bitirmişəm. Hətta Sahib Ələkbərov məni qanunsuz olaraq həbs edəndə məsul vəzifədə işləmişəm.  Həmin dövrdə ən böyük tikinti şirkətinin maliyyə işləri üzrə məsul vəzifəsində işləmişəm. Heç zaman həmin məsul vəzifəyə xəstə adamı yerləşdirməzlər. Barəmdə qanunsuz həbsim zamanı xəstəliyimlə bağlı  yazılanlar mənim azad olunmağıma xidmət edib. Qısa olaraq deyim ki, Sahib Ələkbərovun barəmdə dedikləri yalandır. Bununla bağlı məhkəmənin sonunda fikirlərimi deyəcəyəm”.

“Mövlam Şıxəliyevi İstintaq Baş İdarəsinə rəis gətirəndən sonra…”

Bundan sonra zərərçəkən Hüseyn Səfərov çıxış edib. O, apelyasiya şikayəti və apelyasiya şikayətinə əlavəsini müdafiə etdiyini açıqlayıb. O, müttəhimlərin cəzalarının artırılmasını istəyib. Mülki iddialarının tam olaraq təmin edilməsini xahiş edib: “Bu adamlar MTN-də işləyəndə yoldan keçənlərdən belə pul alıblar. Orada işləyənlər də deyir ki, Eldar Mahmudov nazir gələndən, Mövlam Şıxəliyevi İstintaq Baş İdarəsinə rəis gətirəndən sonra orada rüşvət məbləği 100-150 dəfə qalxdı. Məni qanunsuz olaraq həbs etdilər. O vəziyyətə saldılar ki, bu gün də uşaqlarım maaş alır, aparıb banklara kredit ödəyirlər. Mən Mövlam Şıxəliyevdən pulumu almalıyam. Vəziyyətim o qədər gərgindir ki, mən ondan ya pulumu, ya da qisasımı almalıyam. Neçə vaxtdır problemlər içindəyəm. Öz evlərimi, uşaqlarımın evlərini satmışam. Qisasımı necə alacağam, bunu bir Allah bilir, bir də mən…”

Vəkil Osman Kazımov da müvəkkillərinin mövqeyindən çıxış edib. O,  müttəhimlərin mütəşəkkil dəstə şəklində zərərçəkənlərə qarşı cinayət törətdiklərini diqqətə çatdırmaqla barələrindəki cəzaların ağırlaşdırılmasını xahiş edib. 

Zərərçəkən Əfsəl Həsənəliyevin də çıxışı eyni məzmunlu olub.

Proses fevralın 27-də davam etdiriləcək.

“Yeni Müsavat”

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …