Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Kriminal / Mövlam Şıxəliyevin məhkəməsində prokuror sensasion tələb irəli sürdü

Mövlam Şıxəliyevin məhkəməsində prokuror sensasion tələb irəli sürdü

“İndiki zamanda iki cür kişi var. Kişi var ki, pulunu verib abrını qoruyur, kişi də var ki, abrını buraxıb pulunu qoruyur. Biz qanunsuz həbs olunanda abrımız qoruduq, bunların tələb etdikləri pulu min bir əziyyətlə olsa da, tapıb  verdik. Bunlar isə pulları qorumaq üçün abırlarını verir” -bu sözləri Elşən Mədətov deyib. O, Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub- E.M) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə  36 zərərçəkəndən biridir.

Sentyabrın 13-də keçirilən prosesdə Elşən Mədətov MTN-də başına gələnləri belə nəql edib: “Məni prezident seçkiləri dövründə MTN-ə çağırdılar. O zaman mən dairə seçki komissiyalarından birinin sədri idim. Məni MTN-ə çağıran Vüsal Ələkbərova bunu deyəndə o, tez-tələsik Mövlam Şıxəliyevin yanına getdi. Gəlib dedi ki, get seçkini yola ver, səni çağıracağıq. Seçki qurtardı, məni çağırdılar. Mövlam Şıxəliyev Vüsal Ələkbərov vasitəsilə  məndən 300 min dollar istədi və sonda 200 min dollar aldı. Sonradan bildilər ki, mən zavod sahibiyəm, yenidən çağırdılar. Məndən əlavə 100 min dollar da tələb edib aldılar. Aldıqları pullardan nə bunlar xeyir tapıb, nə də övladları xeyir görəcəklər. İndi gəlib düşüblər məhkəməyə. Bizim ziyanımızı ödəsinlər”.

Hazırda prosesdə iş üzrə zərərçəkən şəxslərin çıxış mərhələsidir. Hakim Elbəy Allahverdiyev Elşən Mədətovdan sonra çıxış üçün sözü Namil Rzayevə verib.

MTN işi” məhkəməsində “bizi xarici kəşfiyyat tutdurub” iddiası

Namil Rzayev deyib ki, ondan pulu şəxsən Mövlam Şıxəliyev alıb: “Burada deyirlər ki, Mövlam Şıxəliyev heç kimdən pul almayıb. Mən də deyirəm ki, Mövlam Şıxəliyev şəxsən məni həbslə təhdid edib, pul istəyib. Mən də məcbur olub şəhərin mərkəzindəki evimi satdım  və Mövlam Şıxəliyev tələb etdiyi pulu aparıb ona verdim. Məndən qabaq zərərçəkən dedi ki, abrımı qoruyub pulu verdim. Mən də eynən abrımı qorumaq üçün Mövlamın tələb etdiyi pulu verdim. Bunlarda abır-həya deyilən şey yoxdur”.

Zərərçəkən ona vurulmuş ziyanın ödənilməsini tələb edib: “Mənə vurduqları zərəri ödəsinlər. Mən öz halal pulumun geri qaytarılmasını tələb edirəm”.

“Moskva” Univermağında qızıl-zinət əşyalarının satışı ilə məşğul olan, iş üzrə zərərçəkən Ələddin Əliyev deyib ki, onu MTN-ə aparıb 1 gün sənəd-sübutsuz orada saxladılar: “Məni MTN-ə Yasin Məmmədov aparmışdı. Hədələyirdi, həbsə alacaqları ilə qorxudurdu. 500 min dollar pul tələb edirdi. Sonda 123 min dollar aldı və məndən əl çəkdilər. Mənim heç bir cinayətim yox idi. Mənim ziyanımı ödəsinlər”.

Zərərçəkən üzünü hakimə tutaraq işin yarımçıq araşdırıldığını bildirdi və geri qaytarılması haqda vəsatətlə çıxış elədi: “Məni heç bir cinayətim olmaya-olmaya MTN-ə aparıblar, orada qanunsuz saxlayıblar. Məcbur ediblər ki, 123 min dollar pul ödəyim. İstintaq isə bunu elə qələmə verir ki, guya mən həmin pulu bunlara cinayətimi ört-basdır etmək üçün vermişəm. Ona görə də mənim epizodum üzrə bunlara rüşvət alma maddəsi ilə ittiham verilib. Mən rüşvət verməmişəm axı! Məni hədələyiblər ki, bu qədər pul ver, verməsən həbsə göndərəcəyik. Mən də gördüm ki, pulu verməsəm, bunlar Allahsız adamlardır, məni cinayətim olmaya-olmaya həbsə göndərəcəklər, məcbur olub onlara tələb etdikləri pulu verdim. Verməsəydim, həbsə alacaqdılar, məni məhkum edəcəkdilər. Bunların kəsdiyi başa sorğu-sual yox idi. Bunu hamı bilirdi. Özləri də açıq-aşkar deyirdilər. Yasin Məmmədov deyirdi ki, tələb etdiyimiz pulu verməsən, səni içəridə çürüdəcəyik. Mən də vermişəm. Mən bu adamların hədələrinin real olduğunu görmüşəm və pulu vermişəm. Xahiş edirəm, cinayət işini istintaqa qaytarın, yenidən düzgün araşdırma aparılsın və bunların əməlinə düzgün qiymət verilsin”.

Hakim isə zərərçəkənə təqsirləndirilən şəxslərə dövlət ittihamçısının tələb etdiyi cəza ilə bağlı fikirlərini bildirməsini istəyib.

Ələddin Əliyev deyib ki, o, indiki mərhələdə cəza ilə bağlı fikir bildirmək istəmir: “Hörmətli hakim, mən cinayət işinin geri qaytarılmasını və yenidən obyektiv araşdırma aparılmasını tələb edirəm. Xahiş edirəm ki, mənə qarşı cinayət törədən təqsirləndirilən şəxslərin əməlləri düzgün tövsif olunsun”.

Hakim Elbəy Allahverdiyev zərərçəkənin tələbini cavabsız buraxdı və çıxış üçün sözü iş üzrə zərərçəkənin hüquqi varisi Arif Məmmədova verdi.

“Mənə dəyən ziyan zərərçəkənlərin heç birinə dəyməyib. Mənim pulumu qaytarsalar da, qardaşım Cahangiri qaytara bilməzlər. Bunların qardaşıma qarşı cinayətlərinə görə o, özünü öldürdü. Bugünkü gündə də qardaşımın ailəsi çöldədir, evsiz-eşiksizdirlər. Xahiş edirəm ki, qardaşımın övladlarına ev alıb verilsin”, – deyə Arif Məmmədov bildirdi. Hakim onun diqqətinə çatdırdı ki, məhkəmə ittiham çərçivəsində işə baxır. Kiməsə ev alıb vermək məhkəmənin səlahiyyətində deyil.

Bundan sonra çıxış üçün söz Mövlam Şıxəliyevin vəkillərindən biri olan Arzu Cavadova verildi. Vəkil iş üzrə epizodları sadalamaqla istintaqın qeyri-obyektiv aparıldığını məhkəmənin diqqətinə çatdırdı:

“Cinayət işi Mövlam Şıxəliyevə yalan-doğru ittiham verilməsi üçün aparılıb. Məhkəmə istintaqı zamanı da zərərçəkənlərin heç biri də deyə bilmədi ki, Mövlam Şıxəliyevə pul verib. Mövlam Şıxəliyev istintaq idarəsində ancaq nəzarət-inzibati işlərə baxıb. O, prosessual şəxs olmayıb. MTN-in İstintaq Baş İdarəsində aparılan cinayət işləri üzrə istintaqa Baş Prokurorluğun MTN-də istintaqa nəzarət edən idarəsi baxır. Həmin idarənin prokurorları daimi cinayət işlərinin başlanıb-başlanmamasından tutmuş ittiham aktının tərtib edilməsinə qədər bütün prosessual hərəkətlərə nəzarət ediblər. Baş prokurorun 1-ci müavini Rüstəm Usubovun təqdimatı əsasında həbs-qətimkan tədbirləri seçilib, əməllər Cinayət Məcəlləsinin müvafiq maddəsinə tövsif olunub. Bu göstərişlər Mövlam Şıxəliyevə verilib və həmin göstərişlərin icrasına o, nəzarət edib. Pul alınıb, alınmayıb, kimin tərəfindən alınıb, kimə verilib istintaq tərəfindən dəqiq araşdırılmayıb və məhkəmə tam sübuta yetirilib ki, alınan pullardan Mövlam Şıxəliyevə heç kim heç nə verməyib”.

Vəkil çıxışının sonunda Mövlam Şıxəliyevə bəraət verilməsini məhkəmədən xahiş etdi.

Bundan sonra təqsirləndirilən Vüsal Ələkbərovun vəkili çıxış etdi. Bildirdi ki, müvəkkilinə 3 epizod üzrə ittiham verilib: “Vüsal Ələkbərova ittiham elan olunmuş  maddələr üzrə ona 2017-ci ildə cəza təyin olunub. Ali Məhkəmə həmin cəzanı 12 ildən 5 ilə endirib və şərti hesab etməklə Vüsal Ələkbərov azadlığa buraxılıb. O zaman bu epizodlar üzrə ittiham verilsəydi, bu gün o, eyni ittihamlarla məhkəmə qarşısında olmazdı”.

Vəkil bildirib ki, müvəkkili barəsində dövlət ittihamçısının tələb etdiyi cəzadan əvvəlki hökmlə çıxarılmış cəza verilməlidir. Fikirini belə əsaslandırıb ki, həmin hökm üzrə müvəkkili cəzasını çəkmiş hesab olunur.

Vüsal Ələkbərova verilən yeni ittihamlardan danışarkən vəkil deyib ki, ibtidai istintaqda və məhkəmə istintaqında ittihamlar təsdiqini tapmayıb: “Pul alınması və alınıbsa kimə verilməsi sübut olunmayıb”.

Vəkil bu əsasla Vüsal Ələkbərovun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Vəkilin çıxışından sonra söz alan dövlət ittihamçısı təqsirləndirilən Vüsal Ələkbərovla bağlı hissədə əvvəlki çıxışına düzəliş etmək istədiyini açıqladı.

O, Vüsal Ələkbərova əvvəl tələb etdiyi cəzadan imtina etdiyini, 12 il cəza tələbini 15 illik cəza tələbi ilə əvəzlənməsini məhkəmədən xahiş etdi.

Dövlət ittihamçısının təqsirləndirilənə 15 il cəza tələbi məhkəmə zalında iştirak edən zərərçəkənlərin alqışına səbəb oldu. Onlar əl çalmaqla dövlət ittihamçısını dəstəklədiklərini nümayiş etdirdilər. Məhkəmə zalında baş verənlərə Vüsal Ələkbərov heç bir reaksiya verməyib. Zaldakılar onun üzünün ifadəsindən dövlət ittihamçısının çıxışından xoşhal olmadığını müşahidə ediblər.   

Dövlət ittihamçısı çıxışının davamında Vüsal Ələkbərova tələb etdiyi 15 illik cəzadan onun barəsindəki əvvəlki hökm üzrə çəkdiyi 5 illik şərti cəzanın nəzərə alınmasını istədi. Yekun cəza təyinini məhkəmənin səlahiyyətinə buraxdı.

Təqsirləndirilən Sahib Ələkbərovun vəkili Ələkbər Quliyev müvəkkilinin günahsız olduğunu iddia etdi: “Sahib Ələkbərov kimdir ki, özbaşına kimisə tutsun, kimisə buraxsın. Sahib Ələkbərovun heş bir günahı yoxdur. Prokurorluq tərəfindən onun əməli rüşvət alma maddəsi ilə tövsif olunub. Tutaq ki, ittiham əsaslıdır. Bu halda da həmin maddə üzrə cəlbetmə müddəti bitib. Onun barəsində cinayət təqibinə xitam verilməlidir”.

Təqsirləndirilən Yasin Məmmədovun vəkili də müvəkkilinin günahsız olduğunu iddia etdi. Bildirdi ki, müvəkkilinə saxta ekspertiza rəylərinin verilməsi üzrə ittiham verilib. Lakin həmin ekspertiza rəyləri də qüvvəsindədir, həmin rəylər dəyişdirilməyib, ləğv edilməyib. Bu halda həmin rəylərlə bağlı Yasin Məmmədova ittihamın verilməsi əsassızdır. 

Vəkil zərərçəkənlərə böyük hörmətinin olduğunu qeyd etməklə bildirib ki, onların əksəri barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmləri var. Həmin hökmlər bu gün də qüvvədədir.

MTN-də Yasin Məmmədov Qurana əl basdı ki, 3 günə pulu gətirməsən, səni..."  - zərərçəkən

Vəkil belə bir halda Yasin Məmmədova ittiham irəli sürülməsinin yolverilməz olduğunu bildirdi.

Vəkil müvəkkilinin bir qüsurunun olduğunu da məhkəmənin diqqətinə çatdırdı: “Burada zərərçəkənlər dedilər ki, guya Yasin Məmmədov sağ əlinin baş barmağı ilə 1 göstərməklə 1 milyon tələb edib. Yasin Məmmədovun həmin barmağı şikəstdir, açılmır. Yasin Məmmədov istəsə belə, həmin barmağı ilə 1 göstərə bilməz”. Vəkil bu məqama istinad edib zərərçəkənlərin məhkəmədə dediklərinin həqiqət olmadığını hakimin diqqətinə çatdırdı. O, müvəkkili barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi.   

Bundan sonra zərərçəkən Hüseyn Səfərov replika hüququndan istifadə etdi: “10 ay məhkəmə getdi və biz dəfələrlə azadlıqda olan təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsini tələb etdik. Lakin vəsatətlərimiz təmin olunmadı. Bugünlərdə Azərbaycanda tanınan vəkil Elçin Sadıqovu həbs ediblər. Halbuki vəkilin əməli ilə bunların əməli arasında yer-göy arasında fərq var. Bu adamlar bizlərə qarşı ağır cinayət törədə-törədə  ortalıqda gəzirlər, həbs olunmurlar. Niyə? Bu adamları kim himayə edir? Bu adamlar həbs olunmalıdır. Vaxtında bunları həbs etsəydilər, bu gün zərərçəkənlərin zərəri ödənmişdi”.

Zərərçəkən Zaur Əliyev də replika hüququndan istifadə etdi. Bildirdi ki, təqsirləndirilən şəxslərin vəkillərinin çıxışında göstərdikləri xüsusatlarla tam olmasa da, razıdır: “Bizlərin barəsində qondarma ittihamlar üzrə hökmlər ləğv olunmayıb. Belə bir halda bu adamlara necə ittiham verilib? Saxta məhkəmə tibb ekspertizası rəyləri də ləğv olunmayıb. Belə bir halda ittiham verilib. Ona görə də vəkillər bu gün ittihamı rahat şəkildə şübhə altına alırlar. Bunlar çox ciddi prosessual məsələlərdir ki, ibtidai istintaq zamanı nəzərə alınmayıb. Belə bir vəziyyətdə iş üzrə hökmün çıxarılması qanunsuz və əsassız olacaq. Mən və zərərçəkənlər dəfələrlə vəsatət verdik ki, təqsirləndirilənlərin əməlləri düzgün tövsif edilsin, rüşvət maddəsi hədə-qorxu ilə tələb etmə maddəsi ilə əvəz olunsun. Lakin bu haqda çoxsaylı vəsatətlərimiz baxılmamış saxlanılıb. Xahiş edirəm ki, bu haqda vəsatətimizə baxılsın və hüquqi qiymət verilsin”.

Bundan sonra hakim digər təqsirləndirilən şəxslərə çıxış üçün söz verdi. Lakin onlar çıxışa hazır olmadıqlarını bildirdilər və çıxışa hazırlaşmaq üçün 10 gün vaxt istədilər. Hakim təqsirləndirilənlərə  çıxışa hazırlaşmaq üçün 2 gün vaxt verdi. Proses sentyabrın 15-nə qədər təxirə salındı.

“Yeni Müsavat”

Həmçinin oxuyun

Həbsdəki keçmiş icra başçısının vəziyyəti ağırlaşdı

Yevlax rayonunun həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun vəziyyəti ağırlaşıb. Cəzaçəkmə müəssisəsində ürəyində problem …