Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / Kriminal / Mövlam Şıxəliyevin əmlaklarını “şor qiymətinə” satacaqlar – QƏRAR

Mövlam Şıxəliyevin əmlaklarını “şor qiymətinə” satacaqlar – QƏRAR

Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub – E.M.) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin apelyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclasının qərarı elan olunub. İlqar Murquzovun elan etdiyi qərara görə, iş məhkəmə baxışına təyin olunub. Bundan başqa, eyni qərarla məhkəmənin ilkin iclaslarda tərəflərin verdikləri vəsatətlərə münasibət açıqlanıb. Mövlam Şıxəliyevlə bərabər müttəhimlər kürsüsünə çıxarılan 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərovun barələrindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmənin tam və ya qismən istintaq aparılmaqla keçirilməsi, Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsinin əməkdaşı, müttəhimlərin cinayət işi üzrə istintaq qrupunun rəhbəri olmuş Mehdi Mirzəyevin şahid qismində dindirilməsi, əlavə şahidlərin prosesə dəvət olunmasına dair vəsatətləri təmin edilməyib.  Zərərçəkən Zaur Əliyevin işin ibtidai istintaqa qaytarılması, müttəhimlərin əməllərinin daha ağır maddəyə tövsif olunmasına dair vəsatəti təmin olunmayıb.

Zərərçəkənin keçmiş baş prokuror Zakir Qaralovun, onun 1-ci müavini Rüstəm Usubovun, MTN-in İstintaq İdarəsinin rəis müavini Təhsin Ağayevin, MTN əməkdaşı Mamay Quluzadənin, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Əfqan Hacıyevin məhkəmədə şahid qismində dindirilmələrinə dair vəsatətinə hüquqi qiymət verilməyib.

Zərərçəkən Əfsəl Həsənəliyevin Mövlam Şıxəliyevə məxsus olan,  Xaçmaz rayonunda yerləşən “Çobanbulaq” İstirahət Mərkəzinin də müsadirə olunması üçün üzərinə həbs qoyulmasına dair vəsatəti də təmin olunmayıb.   Qeyd edək ki, məhkəmənin hazırlıq iclasında Əfsəl Həsənəliyev vəsatəti təqdim edərkən bildirib ki, ibtidai istintaq zamanı həmin istirahət mərkəzinin üzərinə həbs qoyulub. Sonradan isə yüksək vəzifəli dövlət məmurunun tələbi ilə həmin əmlak üzərindən həbs götürülüb və xüsusi müsadirə siyahısından çıxarılıb. 

MTN generalının məhkəməsində zərərçəkmiş özünü öldürmək istədi - VİDEO

Əfsəl Həsənəliyev

Bundan başqa, iş üzrə zərərçəkən, mərhum Cahangir Məmmədovun həyat yoldaşı Yeganə Məmmədovanın iş üzrə hüquqi varis qismində tanınmasına dair vəsatəti də təmin olunmayıb. Hakim məhkəmənin Cahangir Məmmədovun qardaşı Arif Məmmədovu hüquqi varis kimi tanıdığını qeyd edib.  Zərərçəkənlərin bir qisminin vəkili Osman Kazımovun xüsusi müsadirəyə götürülən Mövlam Şıxəliyevə məxsus əmlakların yenidən qiymətləndirilməsi üçün ekspertizanın təyin olunması haqda vəsatəti də təmin olunmayıb.

Zərərçəkənlər müsadirəyə götürülmüş əmlakların yenidən qiymətləndirilməsini tələb edirlər. Bildirirlər ki, müsadirə olunan əmlaklara real bazar dəyərindən 2 dəfə yarım ucuz qiymət qoyulub. Öz təşəbbüsləri ilə alternativ ekspertiza da keçirilməsinə nail olublar. Həmin ekspertizanın gəldiyi qənaətlə ibtidai istintaq dövründə aparılan təqribi qiymətləndirmə arasında çox ciddi fərq var. Faktiki bazar qiyməti 250-300 min manat olan əmlak ibtidai istintaq dövründə 50 min manata qiymətləndirilib. Belə hesablama ilə cinayət işi üzrə mülki iddiaları təmin edilən zərərçəkənlərə Mövlam Şıxəliyev və başının dəstəsi tərəfindən vurulan ziyanın 20-30 faizi ödənilə bilər.

Mövlam Şıxəliyevin apellyasiya məhkəməsi qalmaqalla başladı - HAKİMƏ ETİRAZ  - Günün Səsi

Qeyd edək ki, istintaq dövründə Mövlam Şıxəliyevin mülkiyyətində olmaqla öz adına rəsmiləşdirilmiş Səbayel rayonu, Nizami küçəsi, ev 78 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 482 min manat, Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 39 ünvanında yerləşən 198.1 kv.m sahəsi olan daşınmaz əmlak 770 min 609 manat, Səbayel rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən 35 kv.m. sahəsi olan zirzəmi 35 min 500 manat, Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında yerləşən daşınmaz əmlak 974 min 600 manat, Nəsimi rayonu, Nizami küçəsi, ev 78, 6 mənzil ünvanında yerləşən daşınmaz əmlak 214 min manat, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlak 31 min 500 manat, Binəqədi rayonu, Goradil kəndi, 690A ünvanında yerləşən daşınmaz əmlakı 39 min 528 manat olması müəyyən edilib. Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyevin adına rəsmiləşdirilmiş Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7 a ünvanında yerləşən daşınmaz əmlak 26 min 240 manat, Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kv.m. əmlak 17 min manat, Binəqədi rayonu, Novxanı kəndi, 686 k ünvanında yerləşən daşınmaz əmlakın 37 min 600 manat, Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 212 ünvanında yerləşən daşınmaz əmlak 400 min manat, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 134 a ünvanında yerləşən 403.3 kv.m. sahəsi olan daşınmaz əmlak 1 milyon 452 min manat, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında yerləşən 137.7 kv.m. sahəsi olan daşınmaz əmlak 535 min 653 manat, Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanında yerləşən 137.7 kv.m. sahəsi olan daşınmaz əmlak 738 min 711 manat olması müəyyənləşib. Mövlam Şıxəliyevin qızı Samirə Əliyevanın adına rəsmiləşdirilmiş Bakı şəhəri Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 72 ünvanında yerləşən 167.3 kv.m. sahəsi olan daşınmaz əmlak 650 min 719 manat, Binəqədi rayonu, Novxanı kənd, 686 ünvanında yerləşən 214.3 kv.m sahəsi olan daşınmaz əmlak 257 min 172 manat, Binəqədi rayonu, Novxanı kəndi, 685V ünvanında yerləşən 1087.7 kv.m. sahəsi olan daşınmaz əmlak 1 milyon 305 min 240 manat dəyərində olduğu üzə çıxıb. Generalın oğlu Elgün Şıxəliyevin adına rəsmiləşdirilmiş Səbayel rayonu, Nizami küçəsi, ev 96, mənzil 37 ünvanında yerləşən daşınmaz əmlak 360 min manat, Səbayel rayonu, prospekti ev 7 ünvanında yerləşən daşınmaz əmlak 714 min 985 manat olması müəyyən edilib.  Əmlaklar ümumilikdə 7 milyon 738 min  17 manat məbləğində müəyyənləşib.

Mövlam Şıxəliyevlə tabeliyində işləmiş, onunla birgə məhkum olunan şöbə rəislərinin barəsində hökm bu il sentyabrın 21-də, Bakı Hərbi Məhkəməsində çıxarılıb. Hökmə əsasən, 12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi də alınıb. Keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. İstintaq və məhkəmə dövründə azadlıqda olan hər 3 polkovnik hökm elan olunanda məhkəmə zalında həbs olunublar. İş üzrə 36 zərərçəkəndən 16 nəfərinin mülki iddiası qismən təmin edilib. Sabiq MTN-çilər barəsindəki cinayət dosyesində ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqdan və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.

İş üzrə məhkəmə baxışı dekabrın 26-na təyin olunub.

“Yeni Müsavat”

Həmçinin oxuyun

MTN generalı: ‘İranlı casus prezident Əliyevə sui-qəsd hazırlamışdı’

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş, iki ilə yaxındır həbsdə olan …