Ana səhifə / Kriminal / Monopoliyaları çökdürmək yolları ekspert müzakirələrində…

Monopoliyaları çökdürmək yolları ekspert müzakirələrində…

Vahid Əhmədov: “Biz 8 aydır Milli Məclisdə “Rəqabət Məcəlləsi haqqında” qanun layihəsini qəbul etdirə bilmirik”

“Bunun aradan qaldırılması üçün yüksək siyasi iradə və təkmil qanunverici baza lazımdır”

Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Prezident İlham Əliyev bu il dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə, ölkəmizə qarşı əsassız təzyiqlərə və bəzi hallarda təxribatlara baxmayaraq, ötən 9 ayda Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini bildirib.
Prezident, həmçinin, ölkədə olan manopoliya mühitinə də toxunaraq həmin zərərli amili sərt tənqid edib. Qeyd edək ki, Azərbaycanda iqtisadiyyatın əksər sahələrində və ölkəyə idxal edilən mallarla bağlı manopoliyanın hökm sürdüyü barədə əsəslı söhbətlər gəzirdi.
Prezidentin monopoliya problemi ilə bağlı belə açıq mətnlə çıxış etməsi bu zərərli amillə mübarizə sahəsində ən yüksək siyasi iradənin mövcudluğundan xəbər verir. Aydındır ki, bu çıxışdan sonra gömrükdə və iqtisadiyyatın digər sahələrində monopoliyanın əvvəlki qaydada davam etdirilməsi mümkün deyil. Beləliklə, Azərbaycan iqtisadiyyatında inqilabi yeniliyin olacağı gözlənir. Gəlin, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında monopoliya haqda dediyi fikirlərə nəzər salaq: “Bu sahədə də, əfsuslar olsun ki, biz ciddi nəticələrə nail ola bilməmişik. Həm istehsalda, həm də idxalda. Bilmirəm bu nə psixologiyadır – burada mən bu məhsulu istehsal edirəmsə, başqası gərək istehsal etməsin. Yaxşı, başqasına da imkan vermək lazımdır ki, rəqabət olsun. Rəqabət olmasa inkişaf da olmaz. Keyfiyyətli məhsullar da olmaz. Qoy, hər kəs istehsal etsin. Ola bilər, daxili bazar məhduddur, amma elə məhsullar istehsal edin ki, xaricə sata biləsiniz, dövlət də bunu təşviq etsin. Bizim gələcəkdə iqtisadiyyatımızın inkişafını təmin edən sahə ixrac olacaq. Mən dəfələrlə demişəm ki, biz buna hazırlaşırıq. İndi burada deyildi, biz xaricdə logistika mərkəzlərimizi istifadəyə veririk. Nə üçün?! Ona görə ki, məhsullarımız ora çıxsın. Burada isə kimsə nəyisə istehsal edirsə, qoymur başqası istehsal etsin. Və ya müxtəlif yollarla himayədarları cəlb edirlər bu işlərə. Bu hallara yol vermək olmaz. O cümlədən idxalla bağlı inhisarçılığa yol vermək olmaz. Biz açıq bazar iqtisadiyyatı siyasəti aparırıq. Bizim siyasətimiz, dövlət siyasəti, Prezidentin siyasəti budur. Ona görə, bütün qurumlar bu siyasəti aparmalıdırlar, vəssalam!”.
Ölkə başçısını da ciddi narahat edən inhisarçılığı necə aradan qaldırmaq olar?
Millət vəkili Vahid Əhmədovun sözlərinə görə, cənab prezident son çıxışında məmurlara çox ciddi mesajlar verib:

“Azərbaycanda faktiki olaraq müəyyən leqal neft erası başa çatır. O mənada neftin qiymətinin və neft hasilatının aşağı düşməsi qeyri-neft sektorunun inkişafına zəmin yaradır. Dövlət başçısı mütəmadi olaraq Azərbaycan hökumətinin diqqətini prezident seçildiyi ilk gündən bu sahəyə yönəldir ki, Azərbaycanda vaxt gələcək, neft hasilatı artacaq. Qeyri-neft sektorunun inkişafına diqqət yetirməyin bir yolu da sahibkarlığın inkişafıdır. Düzdür, bu sahədə Sahibkarlığa Kömək Milli Fondu yaradılıb. Müəyyən işlər görülür. Bölgələrdə sahibkarlara kreditlər verilir, iş yerləri açılır. Amma kiçik və orta sahibkarlığın inkişafında Azərbaycanda çox ciddi maneələr var. Birincisi, qərəzli yoxlamalardır. Yoxlama ildə bir dəfə olar. Sahibkarın əsas vəzifəsi odur ki, vaxtlı-vaxtında qanuna uyğun olaraq vergiləri ödəsin. Digər halda o, ancaq öz istehsalı və öz xidməti ilə məşğul olmalıdır. Çox təəssüf ki, sahibkarlığın yoxlanması ilə bağlı qəbul edilən qanuna riayət olunmur. Qanunun icrasında ciddi nöqsanlar var. Sahibkarları çox incidirlər.
Ən vacib məsələlərdən biri də monopoliyadır: “Bu çox ciddi məsələdir. Biz 8 aydır Milli Məclisdə “Rəqabət Məcəlləsi haqqında” qanun layihəsini qəbul etdirə bilmirik. Demirəm ki, bu məcəlləni qəbul edəndən sonra monopoliya aradan qalxacaq. Lakin müəyyən qədər insanlarda məsuliyyət hissi oyadacaq. Bazarda azad rəqabət üçün şərait yaradacaq. Bu qanun ciddi qəbul edilməlidir. Bu qanuna çox böyük ehtiyac var, Azərbaycanda bərabər rəqabət mühiti yaradılmalıdır. İqtisadiyyatda sağlam rəqabət olmasa, ciddi inkişafdan söhbət gedə bilməz. Sağlam rəqabətə isə inhisarçılıq mane olur. Bunun aradan qaldırılması üçün yüksək siyasi iradə və təkmil qanunverici baza lazımdır. Prezidentin çıxışında biz bu iradənin şahidi olduq. Qalır bu məsələni tənzimləyən möhkəm qanunvericilik aktlarının qəbulu”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın