Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / ““Meyvəli bazar”ında yük maşının dayanması üçün 1 sutkaya 680 manat pul alırlar” – SAHİBKAR

““Meyvəli bazar”ında yük maşının dayanması üçün 1 sutkaya 680 manat pul alırlar” – SAHİBKAR

“Xaricdən ölkəyə mal gətirən yük maşınlarını Qaradağ Gömrük Postundan elə həmin ərazidəki “Meyvəli bazar”ın yaxınlığında yerləşən avtoparka yönləndirirlər. Orada yük maşının dayanması üçün 1 sutkaya 680 manat pul alırlar. Şəxsən məndən 680 manat aldılar. Hələ üstəlik, yük orada bir az artıq qalmışdı deyə, 30 manat da əlavə aldılar. Qəbzlərim əlimdədir”.

Bunu AzadlıqRadiosuna 20 ildir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Sevinc Hüseynova deyir.

SUTKASINA 680 MANAT

Sevinc Hüseynova ötən ay da radionun “Qaynar xətt”inə şikayət etmişdi.

Həmin vaxt o, İrandan gələn kərpiclə dolu yük maşınının Lənkəran postunun rəisi tərəfindən saxlandığını, yükün ona verilməsi üçün 500 manat rüşvət istənildiyini deyirdi. Bu dəfə isə sahibkar başqa problemlə üzləşib:

“Başqa dayanacaqlarda sutkaya 6-7 manat alırlar. Mənim gətirdiyim yük Sumqayıta getməlidir. Orada isə dayanacağın sutkalığı 2-3 manata başa gəlir. Ancaq bizi məcbur edirlər ki, yüklə dolu TIR-ı onların dediyi dayanacaqda saxlayaq və sutkasına 680 manat ödəyək. 1 sutka bitən kimi əlavə hər yarım saata görə də 30-40 manat yazılır. Yük maşınını onların dediyi dayanacaqda saxlamasam, yükü postdan buraxmırlar. Min əziyyətlə İrana gedib yük vurub gətirirəm ki, qazancımın üstünə əlavə pul da qoyub dayanacaqlara paylayım?”

Sevinc Hüseynova şəriki ilə İrandan, əsasən, kərpic alıb gətirir. Deyir, əvvəl başqa sahibkarlar kimi monopolistlərdən əziyyət çəkirdi. İndi də sahibkarların vəziyyəti bir başqa cür ağırlaşıb:

“MALIN DƏYƏRİNDƏN 5-6 DƏFƏ ARTIQ…”

“Ad qoydular ki, monopoliyanı yığışdırıblar. Əgər sahibkar hələ də əziyyət çəkirsə, gətirdiyi malın xeyrini görmürsə, hansı dəyişikliklərdən danışırlar? Əvvəllər İrandan kərpici alıb Bakıda 11 qəpiyə satırdıq. Bu pula daşınma xərcləri də daxil idi. İndi isə kərpicin biri özümüzə 16 qəpiyə başa gəlir. Axı sahibkar onu neçəyə satsın ki, xeyir əldə eləsin?…”

Sahibkar xanımın deməsinə görə, devalvasiya, başqa sahibkarlar kimi, onun da bazarını “vurub”:

“Birinci devalvasiyada birtəhər kürkümüzü sudan çıxara bildik. Ancaq ikinci vayımıza oturdu… Manatın qəflətən ucuzlaşması üzündən xeyli pul itkisi ilə üzləşdik. Bir müddət işi dayandırdıq. Sonra birtəhər yoluna qoyduq. Prezident deyəndə ki, monopoliya ləğv olunsun, sevindik. Dedik, “biz də əziyyətimizin xeyrini görərik”. İndi də qiymətləri qaldırıblar. Sutkası 680 manata avtodayanacaq olar? Bu qiyməti kim qoyub, hansı ağılla? Tutaq ki, mənim sənədlərimdə bir əgər-əskiklik oldu, yüklə dolu “TIR” 3-5 gün orada qalmalı oldu, belə çıxır mən gətirdiyim malın dəyərindən 5-6 dəfə çox dayanacağa görə ödəməliyəm?”

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın