Ana səhifə / Kriminal / “Menyuda ancaq kabab var…” – Bölgələrdə qiymət baha, xidmət isə sıfır…

“Menyuda ancaq kabab var…” – Bölgələrdə qiymət baha, xidmət isə sıfır…

Bu il Azərbaycana gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. Əcnəbi turistlər istirahət etmək üçün paytaxt Bakı ilə yanaşı, bölgələrə də üz tuturlar.

Xarici ölkələrə getməyə maddi imkanı olmayan yerli sakinlər də rayonlarda dincəlməyə üstünlük verirlər. Turistlərin sayı artsa da, təklif olunan qiymətlər və xidmət səviyyəsi tez-tez müştərilərin narazılığına səbəb olur.

Tez-tez bölgələrə səfər edən millət vəkili Aqil Abbas AzVision.az-a bildirib ki, turistlərin dediyi kimi turizm bölgələrində qiymətlər nisbətən bahadır.

Onun sözlərinə görə, qiymət artımı təkcə Azərbaycanda deyil, digər ölkələrdə də müşahidə edilir: “Turizm bölgəsində qiymətlərin baha olması təbiidir. Hesab edirəm ki, bu, mövsumi xarakter daşıyır. Elə yer var ki, qiymət baha olsa da, xidmət yüksək səviyyədədir. Elə yer də var ki, xidmət sıfır səviyyədə də deyil. Təbii ki, pul verib, istirahət etmək istəyən insanlar qarşılığında normal xidmət görmək istəyirlər. Yaxşı oteldə qalsan, yüksək xidmət görərsən, aşağı səviyyəli otellərdə isə tam fərqli mənzərə ilə rastlaşarsan. Hər şey puldan və məkandan asılıdır”.

A.Abbas hesab edir ki, bölgələrdə otellərə və istirahətə xərclənən pulla başqa yerdə daha yaxşı istirahət etmək mümkündür.

“Ölkədə turizm yeni inkişaf edir. Sözsüz ki, çatışmazlıqlar var. Bunlar zamanla aradan qalxacaq. İndi sevinirik ki, ölkəyə turistlər axın edir. Bu yaxınlarda Qəbələ və İsmayıllıda oldum. Həmin bölgələrdə turistlərin sayı-hesabı yox idi. Təkcə ərəblər deyil, Rusiya və başqa ölkələrdən gələnlərə də rastlaşmaq olurdu.

Təəssüf ki, bizim yaxşı mətbəximiz olsa da, bunu nümayiş etdirə bilmirik. Hansı restorana gedirsən, menyuda ancaq kabab var. Digər yeməklərimizi də təqdim etməliyik. Həmçinin bizdə turizmlə bağlı peşə məktəbi, institut təzə yaranıb. Gərək orada işləyənlər oxusunlar və xidmət mədəniyyətini öyrənsinlər, bunun üçün məktəb lazımdır”.

Azərbaycan Turizm Assosiasiyası (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov bildirib ki, regionlarda otel və otel tipli obyektlərdə nəinki qiymətlər, göstərilən xidmətlər də dünya standartlarına uyğun deyil. “Bu, otel tipli obyektlərə deyil, eyni zamanda ölkədə fəaliyyət göstərən turizm şirkətlərinə də aiddir. Xidmət qiymətə, dünya standartlarına uyğun deyil. Regionlarımız, xüsusilə Qəbələ, QubaŞəki turistlərlə doludur. Burada otellərdə yer tapmaq çətindir. Artıq bir sıra otellərdə qiymətlər artıb. Lakin həmin qiymət göstərilən xidmətə uyğun gəlmir.

Təbii ki, 200 manat verib dincələn şəxs özəl xidmət gözləyir. Bəzən tam əksini görürsən. Təəssüf ki, bizdə xidmət problemi var. Türkiyədə otel tipli obyekt açmaq istəyirsənsə, öncə müəyyən qədər işçini dövlət tərəfindən təyin olunan treninq mərkəzlərinə göndərməlisən, 70-80 faiz işçi orada treninqdən keçməlidir. Bizdə isə təəssüf ki, belə şərt yoxdur. Bunun üçün dövlət tərəfindən nəzarət mexanizmi olmalıdır”.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın