Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Mehman Muradlı: “Dövlətə məxsus vəsaitlər geri qaytarılmalıdır”

Mehman Muradlı: “Dövlətə məxsus vəsaitlər geri qaytarılmalıdır”

Son günlər hüquq-mühafizə orqanları tərəfindən bir sıra tanınmış iş adamlarının həbsi həyata keçirilib. Düzdür, bu həbslərə müxtəlif aspektdən yanaşmaq istəyənlər də var. Ancaq real mənzərə göz qabağındadır. Verilən rəsmi açıqlamalardan da görünür ki, həbslər həmin iş adamlarının dövlətə olan kredit borcları ilə bağlıdır.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov son günlər bəzi iş adamlarının həbs olunması ilə bağlı məsələyə münasibət bildirib.
Ə.Həsənov jurnalistlərə açıqlamasında bu məsələ ilə bağlı araşdırmalar aparıldığını deyib: “Bu həbslərlə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Araşdırmalar, məhkəmələr bu adamların fəaliyyətinin Azərbaycanın qanunvericiliyinə uyğun olub-olmadığını üzə çıxaracaq”.
Ə.Həsənov ölkə başçısının iş adamlarını dəstəklədiyini vurğulayıb: “Amma iş adamlarından bircə tələb var ki, Azərbaycan qanunlarına əməl etsinlər”.
İş adamları ətrafında baş verən son həbslər Azərbaycanda korrupsiya ilə mübarizə tədbirlərinin tərkib hissəsi sayıla bilərmi?
Hüquqşünas Mehman Muradlı açıqlamasında bildirdi ki, bu istiqamətdə həyata keçirilən həbslərə siyasi don geyindirmək olmaz: “Saxlanan adamlara elan olunan ittihamlardan da görünür ki, əsas həbslər Beynəlxalq Bankdan götürülən külli miqdarda kreditlərin qaytarılmaması səbəbindən baş verib. Bu iki sahibkarın arasında baş versəydi, məsələyə adi cinayət kontekstindən yanaşmaq olardı. Ancaq bəllidir ki, Azərbaycanın ən böyük banklarından olan Beynəlxalq Bankın səhmlərinin əsas hissəsi dövlətin əlində cəmləşib. Qaytarılmayan kreditlərin həcmi milyardlarla ölçülür.
Demək, bu ziyan dövlətə vurulub. Bu səbəbdən görülən zəruri istintaq hərəkətlərini Azərbaycan dövlətinin antikorrupsiya tədbirləri kimi də xarakterizə edə bilərik. Hələlik istintaq gedir, yəqin ki, məhkəmə baxışı zamanı bütün faktlar ictimaiyyətə tam bəlli olacaq.
Kimliyindən asılı olmayaraq, hamı qanun qarşısında bərabərdir. Dövlətə məxsus vəsaitlər geri qaytarılmalıdır”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın