Şənbə , Fevral 24 2024
Ana səhifə / Kriminal / Maştağadakı psixiatriya xəstəxanasının şöbə müdirinə 8 il 3 ay həbs cəzası verildi

Maştağadakı psixiatriya xəstəxanasının şöbə müdirinə 8 il 3 ay həbs cəzası verildi

Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasının keçmiş şöbə müdiri Hüseyn Seyidov 8 il 3 ay azadlıqdan məhrum edilib. Dekabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Hakim Azad Məcidovun sədrliyilə çıxarılan hökmə əsasən, Hüseyn Seyidov rüşvət almaqda təqsirli bilinib.

Hüseyn Seyidovla bağlı cinayət işinin materiallarında iddia olunur ki, o, bir sıra hallarda psixiatriya xəstəxanasında müalicə olunmadan tibbi sənədlərdən çıxarış almaq istəyənlərə rüşvətlə sənəd verib.

Amma 55 yaşlı həkim bu barədə yazılanların böhtan olduğunu deyir. Keçmiş şöbə müdiri məhkəmədə ifadəsində haqsız cəzalandırıldığını bildirib.

İddia olunur ki, Hüseyn Seyidov bəzən aldığı puldan uzun müddət Respublika Psixiatriya Xəstəxanasının baş həkimi olmuş, 2023-cü ilin aprelində bu vəzifədən azad edilən Ağahəsən Rəsulova da verib. Buna görə keçmiş baş həkim də onun məhkəməsinə çağırılıb, şahid qismində dindirilmişdi.

Ağahəsən Rəsulov məhkəmədə ifadəsində keçmiş şöbə müdirinin kimdənsə pul tələb etməsi və ya alması haqda heç vaxt şikayət eşitmədiyini bildirib. Deyib ki, Hüseyn Seyidovdan kiminsə narazılığı olmayıb. İstər xəstələrin özləri də, istərsə də yaxınlarının onunla münasibətləri yaxşı olub.

Lakin keçmiş baş həkimin istintaqa ifadəsində yazılıb ki, Hüseyn Seyidov aldığı puldan, hətta bir dəfə onun özünə də 150 manat vermişdi.

Ağahəsən Rəsulov məhkəmədə həmin ifadəni təsdiqləməyib: “Mənə müstəntiq bir kağıza qol çəkdirdi. Mənə nə ifadə oxunub, nə də elə bir söz demişəm…”.

Hüseyn Seyidov 2023-cü ilin fevralında vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə saxtakarlığı ittihamlarıyla həbs olunub.

Bundan az sonra baş həkim Ağahəsən Rəsulov da vəzifəsindən azad edilib. Onun vəzifəsini itirməsi uşaq evindən şikayətçi olan yeniyetmənin Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsiylə bağlı qalmaqaldan az sonra baş verib. O zaman baş həkim olan Ağahəsən Rəsulov mediaya müsahibəsində bildirmişdi ki, yeniyetmənin psixi problemi yoxdur və o internata qaytarılmalıdır.

Keçmiş baş həkimin işdən azad edilməsi onun bu açıqlamasıyla əlaqələndirilsə də, Səhiyyə Nazirliyindən bildirilmişdi ki, o, yaş həddi ilə əlaqədar işdən çıxarılıb.

Həmçinin oxuyun

Aybəniz Həşimovanın qardaşının mənimsədiyi məbləğ AÇIQLANDI

Aybəniz Həşimovanın qardaşının mənimsədiyi məbləğ açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.az-ın sorğusuna cavab olaraq …