Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Manatla bağlı narahatlıq hansı həddədir?

Manatla bağlı narahatlıq hansı həddədir?

Milli valyuta olan manatın ucuzlaşacağı ehtimalları güclənməkdədir. Neftin qiymətinin 40 dollara qədər enməsi isə bu ciddi ehtimalları təhlükə ilə əvəzləməkdədir. Ekspertlər bildirirlər ki, neftin qiymətinin kritik həddə qədər enməsi Azərbaycan Mərkəzi Bankını manatın indiki kursunu sabit saxlamasını daha da çətinləşdirəcək. Amerika Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini artırmağa hazırlaşdığı bir vaxtda bu, manatın kursuna təzyiqləri xeyli gücləndirir.
Bu günlərdə “Bank of America” bildirib ki, Azərbaycan Mərkəzi Bankı manatın valyuta ehtiyatlarını xərcləmək hesabına sabit saxlanması siyasətindən əl çəkməlidir. Bank hesab edir ki, Azərbaycan Rusiya və Qazaxıstanın təcrübəsi ilə hərəkət edib sərbəst üzən məzənnə siyasətinə keçməlidir. Mərkəzi Bank bu siyasətin riskli olduğunu nəzərə alaraq, mümkün qədər manatı indiki səviyyədə sabit saxlamağa çalışırdı. Lakin neftin bir barelinin 40 dollara endiyi bir vaxtda hamı başa düşməlidir ki, artıq heç nə əvvəlki kimi qala bilməz. Ekspertlərin fikrincə, Mərkəzi Bank bütün ehtiyatlarını xərcləmək bahasına olsa da, manatı sabit saxlamaq siyasətinə yenidən nəzər salmalı olacaq.
Ekspert Vüqar Bayramovun sözlərinə görə, avronun bahalaşması da manatın mövqeyinə təsir göstərəcək: “Avropa Mərkəzi Bankı qərarını verdi. Bank depozit dərəcəsini neqativ 0,2 faizdən neqativ 0,3 faizə endirdi. Eyni zamanda, xarici investorların gözləntilərindən fərqli olaraq qədim qitənin əsas bankı çox da aqressiv olmayan planını bəyan etdi. Sözügedən bankın gözlənilməz qərarı valyuta bazarını, sözün həqiqi mənasında, silkələdi. Belə ki, 1,06 dollara təklif edilən avro artıq 1,093 dollara satılır. Bu cəmi bir gündə avronun 3 faiz bahalaşması deməkdir. Avronun dünya bazarında möhkəmlənməsi manata dollar qarşısında müəyyən “güc” verəcək. Belə ki, avronun dollara nisbətən möhkəmlənməsi milli valyutamızın avroya nisbətən zəifləməsinə, əksinə dollara nisbətən müqayisəli güclənməsinə səbəb olacaq. Bu baxımdan, Azərbaycan Mərkəzi Bankı yenidən son bir ayda ilk dəfə olaraq manatı dollara nisbətən hiss edilən faizlə möhkəmləndirib. Avronun dünya bazarında möhkəmlənməsinin davam edəcəyi halda isə mövcud məzənnə siyasəti çərçivəsində milli valyutamız dollara nisbətən yenidən müqayisəli güclənə bilər.
Ekspert Qubad İbadoğlu isə qeyd edib ki, Mərkəzi Bankın monetar siyasətinin təsiri azalır: “Cəmi depozit bazasının valyutalar üzrə struktur təhlili göstərir ki, oktyabrın 1-nə bankların cəlb etdiyi əmanətlərin 75,4 faizini dollarla əmanətlər təşkil edir. Azərbaycan iqtisadiyyatında dollarlaşma səviyyəsinin belə sürətlə yüksəlməsi pul-kredit siyasətinin tənzimləmə effektini aşağı salır. Yığım, alqı-satqı və kreditlərdə dollarlaşmanın sürətlə artımı Mərkəzi Bankın apardığı monetar siyasətin təsirlərini azaltmaqla yanaşı, manatla olan pul kütləsini də aktiv dövriyyədən çıxarır, onu passiv anbar qalığına çevirməklə azaldır. Rəsmi məlumata görə, dekabr ayının 1-ə, Azərbaycanda manatla pul bazası 6 milyard 730 milyon manat olub ki, bu da son bir ayla müqayisədə 4,6 faiz, son 1 ilə nisbətdə isə 41,6 faiz azdır. Bu vəziyyətdə də Mərkəzi Bankın tənzimləmə əməliyyatları yalnız həcmi azalan manatla olan pul kütləsinə təsir imkanına malik olur. Dekabrın 18-də Federal Ehtiyat Sisteminin bankların uçot dərəcəsinin qaldırmaq barədə qərarından sonra ABŞ dollarının valyuta bazarlarında hökmran mövqeyinin daha da möhkəmlənməsi milli iqtisadiyyatda dollarlaşma səviyyəsini yüksəltməklə manatın taleyi üçün mövcud narahatlığı daha da artırır”.
Ekspert Fikrət Yusifov isə bildirib ki, kəskin devalvasiya üçün heç bir əsas yoxdur. Ekspert marja.az-a açıqlamasında qeyd edib ki, ola bilsin, dünyada gedən iqtisadi, maliyyə prosesləri fonunda manatın məzənnəsində cüzi dəyişikliklər baş versin, ancaq bu, nəyəsə ciddi təsir edə biləcək səviyyədə olmayacaq: “Manat bu ilin fevral ayında təxribat nəticəsində 34 faiz devalvasiyaya uğrasa da, milli valyutamız Dünya Bankının rəyinə görə, diqqət edin, yenə də bu, bizim hökumətin rəyi deyil,  MDB məkanında ən stabil və ən etibarlı valyuta hesab olunur. Çünki manatın arxasında Cənubi Qafqaz regionunun iqtisadiyatının 70 faizdən çoxuna malik olan Azərbaycan iqtisadiyyatı durur. Çünki Azərbaycanın valyuta ehtiyatları 42 milyard dollara yaxındır”.
Proqnozlar isə göstərir ki, ölkədə geniş mənada pul kütləsinin azalması davam edəcək. Azərbaycanda geniş mənada pul kütləsinin həcmi noyabrın 1-nə 17 369,5 milyon manat təşkil edib ki, bu da oktyabrın 1-nə olan analoji göstəricidən 314,5 milyon manat və ya 1,8 faiz azdır. Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı rəsmi hesabatda bildirilir ki, cari ilin əvvəli ilə müqayisədə bu göstərici 4 196,9 milyon manat və ya 19,5 faiz, 2014-cü ilin analoji dövrü ilə müqayisədə 4 002,6 milyon. manat və ya 18,7 faiz azalıb. Qeyd edək ki, Azərbaycanda geniş pul kütləsinin maksimal həcmi 2014-cü ilin noyabrında qeydə alınıb və 21 689,8 milyon manat təşkil edib.
Azərbaycanda manatla geniş pul kütləsi noyabrın 1-nə 9 363,6 milyon manat təşkil edib ki, bu da oktyabrın 1-nə olan analoji göstəricidən 5,3 milyon manat və ya 0,05 faiz azdır. Cari ilin əvvəli ilə müqayisədə bu göstərici 8 072,2 milyon manat və ya 46,3 faiz, 2014-cü ilin analoji dövrü ilə müqayisədə isə 8 006,4 milyon manat və ya 46,1 faiz azdır. Qeyd edək ki, Azərbaycanda manatla geniş pul kütləsinin maksimal həcmi 17 525,2 milyon  manat təşkil edib və 2014-cü ilin noyabrında qeydə alınıb.
“Report”un analitik qrupu bildirir ki, son bir ayda manatla geniş pul kütləsində azalma səngiyib. Amma manatla pul kütləsində son 1 ildə azalma ümumi geniş pul kütləsindəki (xarici valyuta daxil olmaqla) azalmadan daha yüksəkdir. Önümüzdəki dönəmdə manatla geniş pul kütləsinin həcminin 9 milyard manat səviyyəsində sabitləşəcəyi, ümumi geniş pul kütləsindəki azalmanın isə 16 milyard manata qədər davam edəcəyi gözlənilir. Buna səbəb əhalinin valyuta ehtiyatlarının manata çevrilərək iqtisadiyyata geri dönməsi və sonradan idxal əməliyyatları xətti ilə kapitalın xaricə axını səbəb olacaq”.

Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …

Bir cavab yazın